Gələcəyin pulları bu günün insanına qarşı...
Kim kimə nəzarət edəcək: insan maşına, yoxsa maşın insana?
24 Noyabr 2025
Epiqraf: “Texnologiyalar bizi nə yaxşı, nə də pis edir – onlar sadəcə bizi dəyişdirir. Sual isə budur: texnologiyalara kim nəzarət edir”.
Öz vərdişlərimiz həyata xüsusi baxış formalaşdırır: özümüzünkü olan hər şey çox sadə görünür, başqasınınkı isə bir az daha parlaq, bir az daha yaxşı, bir qədər “Avropayasayağıdır”.
Elə indinin özündə də Azərbaycanda rəqəmsal manat haqqında söhbətlər aparıldıqca, müzakirələr möcüzə gözləntisi xarakteri alır.
Nə vaxt yaranacaq?
Bank kartından fərqi nədədir?
Və nəhayət, fantastik filmlərdəki kimi, sadəcə baxışlarla ödəniş edə biləcəyikmi?
Arzu etmək qadağan deyil. Amma parlaq təqdimatlardan kənara çıxanda bir şey bəlli olur: əsl təhlükələr pul kisəsində deyil, server otaqlarında və neyron şəbəkələrin dərinliklərində gizlənir.
Orada sehrli heç nə baş vermir, səssiz, rəqəmsal və həmişə dost olmayan proseslər gedir.
Manat rəqəmsallaşır
İlk baxışda rəqəmsal manat inqilab kimi görünür: dövlət virtual pullar buraxır – onlardan adi pul kimi istifadə etmək olur. Hər tranzaksiya (ödəniş) ani baş verir, hər şey şəffafdır – iqtisadiyyat nəzarət altındadır. Amma…
Marketinq kənara qoyulanda məlum olur ki, əsas fərq ödəniş üsulunda deyil, nəzarətin arxitekturasındadır.
- Bank kartı – kommersiya bankının puludur.
- Rəqəmsal manat – dövlətin puludur və dövlət onun hərəkətini vasitəçilər olmadan birbaşa izləyə bilər.
Ona görə də əsas sual “necә ödəyəcəyik?” yox, ödənişlərimizi kim görəcək, analiz edəcək və şərh edəcək sualıdır.
Rəqəmsal manat: ideya ilə reallıq arasında
Hazırda o yalnız sənədlərdə mövcuddur – “konseptual mərhələdədir”. Ekspertlər sxemlər çəkir, proqramçılar pilot layihələri test edir, məmurlar gələcəyi müzakirə edir.
Bəlkə də bu, yaxşıdır. Qonşu ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal valyuta inqilab yox, sadəcə alətdir.
Qazaxıstanda rəqəmsal tenqe yarandı – və… demək olar ki, heç nə dəyişmədi.
İnsanlar kartla ödəyirdilər, yenə də kartla ödəyirlər, sadəcə indi bu, “daha innovativ” səslənir. Sanki telefonu yeniləyirsən, hər şey əvvəlki kimidir – sadəcə “ikonalar” bir az daha yumrudur.
Deməli, əsas məsələ texnologiya deyil, onun nəyə lazım olduğudur. Və nə daha vacibdir - yeni alət, yoxsa yeni maliyyə fəlsəfəsi.
Və ekranın o tərəfində kim dayanır: “şəffaflığın” nə vaxtsa müşahidə alətinə çevriləcəyi məlumdur.
Süni intellekt: rəqəmsal başmaqlarda dəmir daban
Rəqəmsal manat pulqabıları şəffaf edirsə, süni intellekt artıq düşüncələrə baxmağa hazırdır.
O artıq sadəcə mətn yazmır və şəkil çəkmir – hər şeyi dəyişir: tibbi, təhsili, dövlət xidmətlərini, maliyyəni.
Azərbaycanda artıq Sİ-startaplar yaranır: aqrotexnologiya, fintex, təhlükəsizlik. ADA, BDU, Xəzər Universiteti kimi ali məktəblər Sİ üzrə mütəxəssislər hazırlayır. Nazirliklər “ağıllı” xidmətlər tətbiq edir, həyat sanki daha rahat olur.
Yaxınlarda Visa-nın baş vitse-prezidenti Qodfri Sallivan qeyd edib ki, milyonlarla insan artıq məhsulları ChatGPT və digər Sİ agentləri vasitəsilə axtarır.
Növbəti addım – bu agentlərin bizim əvəzimizə ödəniş etməsi olacaq.
Visa artıq Visa Intelligent Commerce proqramını təqdim edib: burada Sİ agentləri yalnız məsləhət verməyəcək, eyni zamanda təhlükəsiz şəkildə ödəniş də edəcək. Təsəvvür edin, siz maşına deyirsiniz: “Parisə səyahət bron et”. O isə hər şeyi özü edir: reys seçir, otel tapır, restoranda qeydiyyat aparır və ödənişi tamamlayır…
Rahatdır? Əlbəttə. Nigaranlıq yaradır? Şübhəsiz.
OpenAI rəhbəri Sam Altman boşuna xəbərdarlıq etmirdi: Sİ nəzarətdən çıxa bilər – pis niyyətlə yox, sadəcə “iş prosesinin” gedişində.
Milyonlarla insan hər gün alqoritmlərin məsləhətləri əsasında qərar verəndə, tədricən seçim hüququnu maşına təhvil verir.
Sİ nə yaxşıdır, nə pis – o sadəcə effektivdir.
Effektivlik isə çox vaxt insanlığa yer qoymur.
Keçmişin kölgələri və rəqəmsal oliqarxiya
Cek London 1908-ci ildə texnologiya və kapitalın yeni hakimiyyət formasına çevrilməsini təsvir edən “Dəmir daban” romanını yazıb. Fermerlər və kiçik sahibkarlar məhv olur, resurslar və təsir gücü bir neçə transmilli şirkətin əlində cəmlənir…
Bu gün həmin “daban” artıq dəmir deyil – yumşaq, rahat, rəqəmsal başmaqlardadır. Görünmür, amma bizim nə oxumağımıza, nə görməyimizə və nə alamağımıza qərar verən mexanizmlərdə – tövsiyələrdə, filtrlərdə, alqoritmlərdə hiss olunur.
Yeni sosial iyerarxiya yaranır:
- zirvə – texnoloji korporasiyalar;
- orta təbəqə – alqoritmləri idarə edən mütəxəssislər;
- təməl – tətbiqlərdən və virtual köməkçilərin məsləhətlərindən asılı milyonlarla istifadəçi.
Yaşlı adama portal vasitəsilə həkim qəbuluna necə yazılmağı, parklanmanı tətbiqlə necə ödəməyi, arayışı QR-kodla necə almağı izah edin – rəqəmsal uçurumun göründüyündən daha dərin olduğunu hiss edəcəksiniz. Amma zəiflik təkcə yaşa bağlı deyil.
Gənclər – “internetlə doğulduqlarını” düşünənlər – tez-tez Sİ-yə qüsursuz məsləhətçi kimi inanırlar.
Yoxlamırlar, şübhələnmirlər, dəqiqləşdirmirlər – niyə axı? Alqoritm “dəqiq bilir”!
Nəticədə, “bütün şərtlərlə razıyam” düyməsinə basdıqları həvəslə səhv edirlər.
Gələcəyin oyuncaqları yetkin qərarlar tələb edir
Pul rəqəmsallaşır, intellekt isə süniləşir.
Əsas məsələ, insanın bu inkişafda artıq olmamasıdır.
Əsas rəqəmsal bacarıqlar olmadan insan təhsildən, tibdən və hətta indi açarı yox, parolu tələb edən ən sadə xidmətlərdən belə kənarda qala bilər.
Dünya bir dövrə qədəm qoyur ki, möcüzələr gündəlik olur, sadəlik isə lüksə çevrilir.
Rəqəmsal manat pul üzərində nəzarəti vəd edirsə, süni intellekt seçim üzərində nəzarət olur.
Final
Texnologiya sadəcə aynadır.
Biz bu aynada öz asılılığımızı görmək istəmiriksə, yalnız bir sual qalır:
Bu hekayədə kim kimi idarə edəcək – insan maşını, yoxsa maşın insanı?
Hələlik qərar bizim əlimizdədir…