Ərdoğanın təlimatı niyə icra olunmadı?
Türkiyənin dövlət aparatı prezidentin qeyri-adekvat göstərişini yerinə yetirməyərək kompromis variant tapmaqla, böyük bir diplomatik krizisin qarşısını aldı
25 Oktyabr 2021
Türkiyə ilə 10 ölkə arasında gözlənilən diplomatik qalmaqal başlamadan bitdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın haqlı olaraq qeyd etdiyi kimi, Türkiyənin “qəbilə dövləti” olmadığı bir daha təsdiqləndi. Dövlət aparatı ölkə rəhbərinin dünya diplomatiya tarixində görünməmiş şəkildə 10 dövlətin səfirinin “persona non-qrata” (arzuolunmaz şəxs) elan olunması barədə göstərişini dərhal icra etməyib, gecikdirdi və problemin çözümü üçün orta yol tapa bildi. Türkiyə XİN-lə aparılan məsləhətləşmələrin nəticəsində səfirlər Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə (daxili işlərə qarışmama) sadiq olduqlarını 1 cümləlik açıqlama ilə bildirdilər. Saray qaynaqları prezidentin bu açıqlamanı qaneedici saydığını söylədilər. Beləliklə, səfirlərin geri addım atdığı və problemin bu səbəbdən çözüldüyü barədə daxili ictimai rəy yaradıldı. Halbuki səfirlər Vyana Konvensiyasının 41-ci və ya hər hansı başqa bir maddəsinə sadiq olmadıqlarını heç vaxt bəyan etməmişdilər. “Biz Konvensiyaya sadiqik” tipli açıqlamanı onlar hər gün, hər saat verməyə hazırdırlar, bu, nə geri addımdır, nə də irəli, sadəcə, məlumun elanı, faktın konstatasiyasıdır.
Halbuki prezidentin 24 oktyabrda Əskişəhərdəki çıxışında bu mövzuda xarici işlər nazirinə verdiyi tapşırıq çox aydın və konkret idi:
“...Lazımi təlimatı xarici işlər nazirimizə verdim. Nə etməsi gərəkdiyini söylədim. Bu 10 nəfər səfirin bir an öncə arzuolunmaz şəxs elan edilmələrini dərhal həll edəcəksiniz dedim...”
Söhbət ABŞ, Fransa, Almaniya, Niderland, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin oktyabrın 18-də bəyanat yayaraq 4 ildir məhkəmə hökmü olmadan həbsdə saxlanılan insan haqları aktivisti Osman Kavalanın azadlığa buraxılmasını tələb etməsindən gedir. Hakimiyyət və onun mediası Kavalanı “sorosçu” deyə damğalayıb, amma Türk Cəza Qanununda “sorosçu” olmağa görə cəza nəzərdə tutulmur. Prezident Ərdoğan səfirlərin demarşı barədə mövqeyini hələ oktyabrın 21-də Afrika səyahətindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə etmişdi:
“Xarici işlər nazirimizə söylədim, bizim bunları ölkəmizdə qonaq etmək kimi bir lüksümüz ola bilməz. Türkiyəyə dərs vermək sizin nə həddinizə? Kimsiniz siz?!”
Göründüyü kimi, Türkiyə Xarici İşlər Nazirliyi faktiki olaraq, 4 gün ərzində prezidentin istəyini və təlimatını yerinə yetirməyib. Çünki onlar bu təlimatın qeyri-adekvat olduğunu, ölkəyə zərər verəcəyini, nəinki Türkiyə, hətta dünya diplomatiya tarixində eyni anda 10 dövlətin səfirinin arzuolunmaz şəxs elan olunub, qovulması kimi bir praktikaya rast gəlinmədiyini hamıdan yaxşı bilirlər. Bu cür demarş diplomatiyada ən son mərhələdir və adətən o vaxt baş verir ki, dövlətlər öz aralarındakı əlaqələri bitirmək qərarına gəlirlər. Türkiyənin rəsmi siyasəti isə sözügedən dövlətlərlə əlaqələri nəinki bitirmək, tam əksinə, daha da inkişaf etdirmək istiqamətindədir, onların bəziləri ilə NATO daxilində müttəfiqlik münasibətləri var. (Bununla yanaşı, dövlət içərisində avrasiyaçı “damar” da var və zaman-zaman qərarların qəbuluna təsir göstərə bilir.) Türkiyə hazırda yeni “F-16 Block 70” tipli döyüş təyyarələri almaq və əlindəki F-16-ları modernizasiya etmək üçün ABŞ-la danışıqlar aparır. Almaniya, Hollandiya, Fransa və ABŞ həm də Türkiyənin ən böyük xarici ticarət tərəfdaşlarıdır, bu ölkələr Türkiyə istehsalçılarının əsas ixrac bazarlarıdır. Belə bir vəziyyətdə ciddi bir əsas olmadan adı çəkilən ölkələrlə diplomatik qalmaqal yaradıb, onların səfirlərini qovmaq doğrudan da absurd qərar olardı.
Adi bir tənqidə görə səfir qovulmaz, amma əlbəttə ki, onların davranışına etiraz bildirmək tənqidin ünvanlandığı dövlətin suveren hüququdur. Türkiyə XİN də bu hüququndan istifadə edərək, səfirləri dəvət edib, onlara rəsmi etirazını çatdırdı. Bununla məsələni qapanmış saymaq olardı. Lakin Türkiyə prezidenti xarici siyasət məsələlərindən daxili siyasətdə yararlanmağı öz fəaliyyətində normal praktikaya çevirdiyindən, belə görünür ki, bu yöndə növbəti imkanı da əldən buraxmaq istəməyib.
Ərdoğanın lider kultunu yaradanlar onun “dünya güclərinə meydan oxuyan, Amerikaya, Avropaya boyun əyməyən lider”, “Məzlumların səsi, kimsəsizlərin kimsəsi” obrazını formalaşdırıblar. Bu obrazı insanların zehnində diri tutmaq, zaman-zaman yeniləmək, gücləndirmək ehtiyacı hiss edilir - xüsusən də, ölkədə iqtisadi böhranın dərinləşdiyi, milli valyutanın hər gün dəyərdən düşdüyü, insanların yoxsullaşdığı, hakim partiya və dövlət başçısının reytinqlərinin azaldığı bir vaxtda. “10 səfir məsələsi” də bu baxımdan bir fürsət kimi dəyərləndirildi. Lakin Rəis “barıtını bir az çox elədi”. Onsuz da sürətlə dəyərsizləşən Türk lirəsi məsələyə dərhal reaksiya verərək daha 25 quruş (9,60 TL-dən 9,85-ə qədər) ucuzlaşdı. Əgər Ərdoğanın tapşırığı icra olunsaydı, onda həmin 10 dövlət də öz növbəsində Türkiyə səfirlərini geri yollayacaqdı, bəlkə də onlarla həmrəylik naminə bəzi digər Qərb dövlətləri də eyni addımı atacaqdılar. Türkiyə-ABŞ, Türkiyə-AB münasibətlərində yaranacaq dərin böhran ən çox Türkiyəni “vuracaqdı”. Bütün bu amilləri nəzərə alan Türkiyə XİN və ola bilsin ki, prezidentin bəzi müşavirləri rəhbəri öz fikrindən daşındıra bildilər. Səfirlərin sanki peşman olub, geri addım atdıqları yönündə ictimai rəy yaradıldı (əslində isə Kavala haqqında ortaq açıqlama səfirliklərin saytından çıxarılmayıb) və beləliklə, hər kəs belə düşünməsə də, ən azından Ərdoğan tərəfdarları inandılar ki, “gavurlara” növbəti dəfə həddini bildirən Rəis böyüklük göstərərək onların üzrxahlıqlarını nəzərə aldı...
Osman Kavalanın durumuna qayıtsaq, qeyd etmək lazımdır ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 4 ildir “cinayətləri” sübuta yetirilə bilməyən, hətta 2013-cü il Gəzi olayları ilə bağlı ittiham üzrə bəraət alan, lakin sonradan başqa bir ittiham üzrə yenə barəsində həbs qətimkan tədbiri seçilən bu şəxsin azadlığa buraxılması haqqında qərar verib. Türkiyə hökuməti bu qərarı icra etmir. Halbuki Türkiyə Avropa Şurasının həmtəsisçisi (1949) və Avropa İnsan Haqları Konvensiyasını imzalayan (1950) ilk ölkələrdən biridir. Konvensiyanı imzalamaq AİHM yurisdiksiyasını tanımaq deməkdir. Hələ üstəlik, Türkiyə AİHM yurisdiksiyasını qəbul etdiyini, hətta bu beynəlxalq instansiyanın qərarları milli qanunvericiliklə toqquşarsa, AİHM qərarlarını üstün tutacağını öz Konstitusiyasına daxil edib. (90-cı maddə.)
Sonda onu da qeyd etməyi lazımdır ki, həddən artıq geniş səlahiyyətlərə malik və hər hansı digər institut, o cümlədən məhkəmə hakimiyyəti tərəfindən balanslaşdırılmayan MDB tipli diktatorial prezidentlik institutunun 70 illik demokratiya təcrübəsinə sahib Türkiyə üçün uyğun olmadığı hər keçən gün daha aydın ortaya çıxır. 2018-ci ildən tətbiq edilən bu üsul-idarə ölkəni dərin, hərtərəfli böhrana sürükləyib. Nə qədər cəhd eləsələr də, 3 ildir ki, bu “geyim” Türkiyənin “əyninə oturmur”. Prezident mükəmməl bir şəxsiyyət, ideal siyasətçi, böyük alim, dahi mütəfəkkir ola bilər, amma kim olursa olsun, dövlətin və xalqın taleyini bir adamın öhdəsinə buraxmaq, onun ağzından çıxacaq sözdən, cümlədən asılı hala salmaq yanlışdır. Tək adamdan asılı olan, taleyi həmin adamın şəxsi taleyi ilə eyniləşmiş dövlət oturuşmuş dövlət sayıla bilməz. Türk xalqı bunu ötən qısa müddətdə anladı (zatən əhalinin 49%-i referendumda sistem dəyişikliyinin əleyhinə çıxmışdı) və indi keçirilən rəy sorğularında seçicilərin azı 60%-i parlamentar demokratiyaya qayıtmağın tərəfdarı kimi çıxış edir. Ölkənin 6 müxalifət partiyası da bu sosial sifarişi əsas tutaraq hazırda parlament sisteminə qayıtmağın yol xəritəsini hazırlamaqla məşğuldur. Türkiyə ciddi siyasi dəyişikliklər ərəfəsindədir...