
Əmək azadlığı, yoxsa 24/7 əsirlik?
Maaş yox, kredit və ilham axtarışı: frilanser həyatı haqqında həqiqət
14 İyun 2025
Bunun necə olduğunu hamımız bilirik. Sən qarışqa kimi işləyirsən, layihələri vaxtında təhvil verirsən, batmaqda olan işi xilas edirsən və… Mükafatı Ramil alır. Həmin o Ramil ki, bütün payızı internetdə “özünü tapmaqla” məşğul olub, ciddi görkəm alaraq qəhvə fasilələrinə gedib və cəmi bir dəfə korporativ xəbəri paylaşmaqla qəhrəman olub. Vəssalam – rübün ulduzu odur.
Niyə belə olur?
Birincisi, əmək bazarının öz daxili iqtisadiyyatı var. Və bu iqtisadiyyat “kim çox iş görür” prinsipi ilə yox, “kim daha yaxşı görünür” formulu ilə işləyir. Sən əvəzolunmaz ola bilərsən, prosesləri xilas edə, başqalarının səhvlərini düzəldə bilərsən – amma iclaslarda gözə gözə görünmürsənsə, “Mən şirkəti dağılmaqdan necə xilas etdim” üslubunda hesabat yazmırsansa, səni sadəcə görməyə bilərlər.
Daha bir kateqoriya var – ofisin səssiz qəhrəmanları. Onlar sistemi düzəldir, deşikləri yamayırlar, yeni işçilərə dəstək olurlar və ümumiyyətlə, işin dəqiq getməsini təmin edirlər. Amma onların əməyi təqdimatlara sığmır. Onlar stəkanda süni fırtına yaratmırlar – sadəcə “döşəmədən suyu silirlər”. Onlarsız hər şey dağılacaq. Amma yenə də mükafatı Ramil alacaq.
İkincisi – faydalı iş əmsalı - FİƏ (Key Performance Indicators – KPI). Həmin o müəmmalı KPI, yəni sənin əməyinin qiymətləndirildiyi rəqəmlər. Sənin işin “cümə axşamı axşam saatlarında 15% iştirak artımı” kimi gözoxşayan rəqəmlərə uyğun deyilsə, demək, sanki heç işləməmisən. Amma Ramil üç iş yoldaşını korporativ veloyürüş xəbərinin altında “like” qoymağa razı sala bilirsə, öz KPI bonusunu rahat əldə edəcək.
Üçüncüsü – motivasiya. İşəgötürənlər çox vaxt ən yaxşıları yox, itirməkdən qorxduqlarını mükafatlandırırlar. Məntiq belədir: əgər adam onsuz da var gücü ilə işləyirsə, demək, daxili motivasiyası var. O halda ona mükafat vacib deyil. Amma Ramil “şirinlik” olmasa, şləmir – odur ki, ona bonus da, tərif də düşür. Yoxsa sərinkeş altında əriyib gedəcək, HR bölməsi də göz yaşı tökəcək.
Bura insan amilini də əlavə edək: simpatiyalar, əlaqələr və daim aktivlik illüziyası. Göz önündədirsə – demək işləyir. Kölgədədirsə – deməli, hər şey özü-özünə həll olunub. Üstəlik, sistemə adaptasiya edilmiş ədalətsizlik elementi də var. Sistem qəsdən hamını mükafatlandırmır – işçilərdə yüngül ehtiyac və ümid saxlayır: “Bəlkə, gələn dəfə mükafatı mənə verərlər?” (Amma əmin olun, verməyəcəklər!)
Və sən bir gün fikirləşirsən: “Bəlkə, hər şeyi atıb frilansa keçim? Özüm özümə rəhbər olum, nə KPI, nə mükafat – təkcə azadlıq və yaradıcılıq!” Çox cazibədar səslənir.
Bizim uğur və özünüinkişaf dövrümüzdə frilanser olmaq – gurultulu səslənir. Sən artıq sadə adam deyilsən – sən brendsən. Özün-özünə direktor, mühasib, hüquqşünas, PR şöbəsi və texniki dəstək xidmətisən.
Jurnalların üz qabıqlarında – xoşbəxt frilanser dəniz kənarında noutbukla oturub, bir əlində kokteyl, o biri əlində milyon dollar tutub.
Reallıqda isə – gözünün altı torbalanıb, başında iş planı və “ötən ayın qazandığım pul hardadır?” sualı.
Frilans: Lotereya elementləri olan azadlıq
Frilanser – özü-özünün meneceri, mühasibi, hüquqşünası və psixoloqudur. Adi işdə “ölü” həftə də olsa, maaş alırsan. Frilansda isə – yemək istəyirsən, müştəri tap. Tapdınsa – razı sal, ödənişi gözlə və sonra başa sal ki, “bunu Van Qoqun stilində eləmək” niyə baha başa gəlir.
Frilanserlərin məzuniyyəti ödənişli olmur. Xəstələnmək olar – əsas odur ki, sakit və pulsuz xəstələnirsən.
Frilans bulanıq çayda balıq tutmağa bənzəyir: bəzən tilova balıq düşür, bəzən isə bütün günü göl kənarında ümidlə ağcaqanadları yedizdirirsən. Frilanserlərin arasında dizaynerlər, proqramçılar, tərcüməçilər, kopirayterlər, məsləhətçilər və başqa yaradıcı peşə sahibləri çoxdur.
Ən çətin isə “əlavə şərtləri” olan frilanserlərdədir – uşaqla evdə oturan analar, yaxınlarına qulluq edənlər və maliyyə yastığı olmayanlar üçün frilans azadlıq deyil, çox vaxt sadəcə sağ qalmaq yoludur. Elə bir dözümlülük testidir: əsas mükafatı – həyatdan qopmamaqdır.
Kağız üzərində azadlıq. Əslində isə – “öz başını salamat saxlal” imtahanı. Bir gün – üç layihə. Sabah – sükut və vergi idarəsindən məktub.
Bəli-bəli, vergilər. Elə ki, frilanser oldun, dövlət dərhal sənin mövcudluğunu xatırlayır. Onu müştərilərin olub-olmaması, onların ödəniş edib-etməmələri maraqlandırmır. Hesabında cəmi 50 manat olsa da, borc kağızları yığılsa da – vergi çox sakit şəkildə öz faizini alacaq.
Sabitlik? Yox, eşitməmişik. Qrafik? Hansı qrafik? Sən artıq 24/7 “xidmət zavodusan”.
Gecə, bayram, şənbə-bazar demədən işləyirsən. Müştəri 31 dekabr saat 23:45-də tapşırıq göndərir? Etiraz elə, birdəfəlik çıxıb gedəcək. Qəbul etdin – bir əlində salat, o birində iş yeni ili qarşılayacaqsan.
“Yorğunluqdan yanmaq” hiss olunmadan gəlir
Əvvəlcə hər şey sadəcə yorğunluq kimi gəlir. Sonra həyatın dadını itirdiyini hiss edirsən. Daha sonra isə hər şeyi atıb kəndə gedib kartof becərmək istəyirsən.
Bəzən ekrana baxıb noutbuku niyə açdığını xatırlamırsan. Bütün işlər boz bir top halını alır, ilham isə uzaq bir mif kimi görünür. Azadlıq deyilən hiss – sadəcə müdiri daxili diktatora dəyişmək olur.
Amma… yeni sifariş gəlir… və hər şey yenidən başlayır.
Bu tamaşaya baxmayaraq, yüz minlərlə insan frilansı seçir. Çünki bu çətin, absurd, qeyri-sabit həyatın içində çox dəyərli bir şey var – azadlıq.
Harada, kimlə və nə vaxt işləməyi – və ümumiyyətlə işləyib-işləməməyi seçmək azadlığı. Bəzən bu, paraşütsüz tullanmağa bənzəyir. Amma heç olmasa, hansı divara çırpılacağını özün seçirsən.
Sabitlik? O, çoxdan əvvəlki həyatında qalıb. Planlaşdırma iclasları, korporativ dress-kodlar və “sədaqətə görə” mükafatların yanında. Və etiraf edək, heç də hamı onun üçün darıxmır.
Bəs üçüncü yol var?
Var. Və getdikcə daha çox adam dadına baxır: işdən çıxmadan frilansa keçmək və ya tam qayıtmamaq.
Hibrid formatlar
Səhər – korporativ imzası olan layihə üzrə baş mütəxəssis, axşam – yoqa studiyası üçün loqo hazırlayan, kefirin faydaları haqqında məqalə yazan frilanser. Gündüz planlaşdırma iclası, KPI və hesabat, gecə – kafedə redaktə.
Sanki iki həyat yaşayırsan. Ya da birində sağ qalmaq üçün vuruşursan. Bəs mükafatlar?.. Onlar ayrıca dünyadır. Öz qanunları, ritualları və Ramil kimi qəhrəmanları var. Həmin dünyanı anlamaq – ədalət axtarışını dayandırmaq deməkdir. Amma özünü qoruyub saxlamaq da var.
Və bu, çox dəyərli bir mükafatdır.
Və bəlkə də, sonda ən vacib olan şey harada işlədiyin yox, bu işdən sonra kim olmağındır.
Ona görə də “işləyirsən – yorulursan”, amma mənasız yorğunluq – ən təhlükəlisidir.
Əgər hələ də gülümsəyə, zarafatlaşa, həyatın dadını və mənasını görə bilirsənsə – demək, sən artıq öz əsas mükafatını almısan.
Qoy o mükafat mühasibatdan gəlməsin, lentlər və orkestr olmasın – amma məhz belə mükafat yanmır və aktuallığını itirmir.
Bu mükafatı tez-tez özün özünə təqdim et. HR-dan icazə almadan…