Dövlət bizim nəyimizə lazımdır?
O, şərdir, amma onun yoxluğu sadəcə fəlakətdir
08 Sentyabr 2025
Dövlət Wi-Fi kimidir: işlədiyi müddətdə fərqinə varmırsan, amma fasilə yarananda – panika, xaos və az qala əlində dəyənək ova çıxırsan.
O, vergilər yığır, yollar çəkir, qayğı göstərəcəyinə söz verir – sanki “siqaret almağa gedən mehriban valideyn” kimidir. Bəzən hamısını birdən edir. Bəzən isə heç nə etmir.
Bəs o bizim nəyimizə lazımdır? Səhər yeməyində bir-birimizin ətini yeməmək üçün? Niyə çörəyin bahalaşdığını, maaşın isə artmadığını izah edən biri olsun deyə?
Yoxsa bu, bizim kollektiv bəhanəmizdir: “Mən nə edə bilərəm ki? Hər şey onların işidir!”
Amma dövləti tamamilə ortadan qaldıran kimi qəbilə demokratiyası başlayır: kimin dəyənəyi uzundursa, o da hökmdar olur. Ardınca – xaos. Və biz yenidən dövləti çağırırıq.
Odur ki, ciddi araşdırmaq lazımdır – dövlət niyə vacibdir.
Yaxud, niyə sadəcə istədiyimiz kimi yaşaya bilmirik
Hər kəs heç olmasa bir dəfə özünə sualı verir: “Dövlət ümumiyyətlə nəyə lazımdır? Axı sadəcə öz bildiyin kimi, sakitcə yaşamaq olmazmı?”
Bəlkə də, Lerik dağlarında qoyun otaran çoban buludlara və otlayan qoyunlara baxıb belə düşünə bilər. Həqiqətən də, həmin an belə görünür – niyə olmaz ki?
Olar. Amma uzun müddət davam edə bilməz.
Dövlətlər mövcud olmaqda davam edir – və hər şey onu göstərir ki, bu mövcudiyyət inersiya deyil. Gəlin onların nəyə lazım olduğunu araşdıraq. Amma əvvəlcə bir az nəzəriyyəyə baxaq.
İki düşərgə: bazar dövlətə qarşı
Mühafizəkarlar iddia edir ki, dövlət ancaq mane olur – bürokratiya biznesi boğur, məmurlar daima işə qarışır, vergilər isə artır. Onlar əmindirlər ki, bazara mane olmasan, hər şey yağışdan sonra cücərən ot kimi özü-özünə inkişaf edəcək.
Liberallar isə qorxur ki, məhdudiyyətsiz bazar cəngəlliyə çevrilər – güclü zəifi udar. Onlar deyirlər: dövlət geri çəkilsə, təhsil, səhiyyə, hətta hava belə tezliklə pullu olacaq – özü də buna hamının imkanı olmayacaq.
Həqiqət isə adətən olduğu kimi, ortadadır. Bəli, bazar çox şeyə qadirdir. Amma dövlət olmadan, bu, simfoniya deyil, kakofoniya olar. Dirijor lazımdır – heç olmasa vəziyyət daha da pisləşməsin deyə.
Misal: Sinqapurda dövlət həyatın demək olar bütün sahələrini tənzimləyir – mənzildən tutmuş, təhsilə qədər. Nəticə: dünyanın ən yüksək həyat səviyyəsindən biri və demək olar, yoxsul məhəllələrin olmaması.
Əksinə, bəzi Latın Amerikası ölkələrində dövlətin uzun müddət əsas xidmətləri göstərməməsi səbəbindən, insanlar məcbur qalıb qeyri-rəsmi “məhəllə təhlükəsizlik komitələri” və hətta öz məktəblərini yaradıblar. Bu göstərir ki, dövlətin tam yoxluğu insanları azad etmir – sadəcə bütün yükü onların üzərinə qoyur.
Dövlət nə edir?
Dövlətin əsas funksiyaları bunlardır – onlarsız cəmiyyətin normal mövcudluğu mümkün deyil:
1. Qanun və qayda: “güc qaydaları” ilə yaşamamaq üçün
Çoxumuzun ailəsi var. Amma tamamilə eyni iki ailəni tapmaq çətindir. Hər ailənin öz daxili qaydaları, öz “qanunları” olur.
Dövlətdə də eyni cürdür. Nə olar, nə olmazı da o müəyyən edir. Ölkənin yaşadığı qanunları – qanunvericilik bazasını formalaşdırır. Parlament onları müzakirə edib qəbul edir, məhkəmələr mübahisələri həll edir, polis qaydaya nəzarət edir, prokurorluq isə heç kimi gizlicə qanunu pozmamasını təmin edir.
Bu sistem olmayanda xaos başlayır: güclü zəifi əzir, daha çox pulu və ya əlaqəsi olan həmişə haqlı çıxır. Qanunlar bizi sadəcə dəstə deyil, cəmiyyət edən şeydir.
Sosial əsas da var: pensiyalar, müavinətlər, tibbi sığorta və çətin vəziyyətlərdə dəstək. Dövlət üzərinə öhdəlik götürür ki, hər kəs tək olmadığını hiss etsin.
Mərkəzi Bank da dövlətin bir hissəsidir. O, pulları idarə edir: maaşın günəş altında quruyan yarpaq kimi “yanmaması” üçün nə qədər pul çap etmək, inflyasiyanı necə tənzimləmək.
2. Gəlirlərin yenidən bölüşdürülməsi: hamı nəyəsə malik olmalıdır
Bazar iqtisadiyyatında biri milyonlar qazanır, digəri güclə dolanır. Fərq çox böyüyəndə – paxıllıq, etirazlar, düşmənçilik yaranır.
Dövlət vəziyyəti bir qədər tarazlaşdırmağa çalışır. Vergilər vasitəsilə zənginlərdən pulunun bir hissəni alır və onu sosial proqramlara yönəldir: səhiyyə, təhsil, infrastruktura.
Söhbət hamını eyniləşdirməkdən getmir. Məqsəd heç kimin kənarda qalmamasıdır. Hər kəsin minimum imkan və təhlükəsizlik təminatı olmalıdır.
3. İctimai nemətlər: fərqinə varmadan istifadə etdiyimiz şeylər
Təsəvvür edin ki, şəhərdə küçə işıqları, səkilər, zibil qutuları yoxdur. Orada rahat yaşamaq olarmı?
İctimai nemətlər hamıya lazımdır, amma heç kim buna görə birbaşa pul ödəmək istəmir: işıqforlar, parklar, küçə lampaları. Özəl biznes bunları yaratmır – sərf etmir. Məsələn, heç kimdən “işıqfordan və ya səkidən istifadə haqqı” toplamaq mümkün deyil. Buna görə də dövlət bunları vergilər hesabına təmin edir.
Bu sadəcə rahatlıq deyil. Bu, şəhərdə və kənddə təhlükəsizlik və normal həyatın əsasını təşkil edir.
4. Xarici təsirlər: başqasının addımları sizin həyatınızı pozanda
Bəzən birinin əməli hamıya təsir edir: zavod tüstü buraxır, kimsə çayı çirkləndirir, gecə ilətdiyi iaşə obyektində bərkdən musiqi səsləndirir. Bazar bunu tənzimləmir – onun üçün mənəviyyat yoxdur.
Dövlət isə müdaxilə etməlidir: ekoloji normalar, səs məhdudiyyətləri, cərimələr tətbiq edir. Bu, kiminsə qazancına mane olsa da, cəmiyyətin maraqları daha üstün tutulur.
Misal: Çində uzun illər qatı tüstü problemini görməzlikdən gəlirdilər, şəhərlər boğulurdu. Yalnız böyük etirazlardan və iqtisadi zərərlərdən sonra dövlət sərt ekoloji normalar tətbiq etdi – və hava keyfiyyəti yaxşılaşdı.
Əksinə, bəzi Afrika ölkələrində zəif institutlar meşələrin qırılmasının və çayların çirklənməsinin qarşısını ala bilmir, nəticədə milyonlarla insanın həyatı təhlükə altına düşür.
Buraya siqaret, alkoqol, tullantılar, qanunsuz tikinti də daxildir. Nəzarət olmadıqda nəticələr fəlakətli olur.
Nəticə
Dövlət düşmən deyil, cəmiyyətin dağılmasının qarşısını alan mexanizmdir. O, qüsursuz deyil – amma onsuz tezliklə güclünün haqlı olduğu dünyaya yuvarlanarıq.
Dövləti tənqid etmək, ondan səmərəlilik, şəffaflıq və ədalət tələb etmək olar və lazımdır. Amma ondan tamamilə imtina etmək – vəhşiliyə qayıtmaq deməkdir.
Odur ki, “dövlət bizim nəyimizə lazımdır” sualını verməzdən əvvəl bir anlıq düşünün: əgər heç kim fənəri, yolu və təhlükəsizliyi təmin etməsə, gecə küçənizdə vəziyyət necə olar?
Yəqin ki, yenidən məmurları qaytarmaq istəyərdiniz – fənərlə və büdcə ilə bir yerdə.
İngilis filosofu Tomas Hobbsun bir vaxtlar dediyi kimi: “Dövlət olmadan insan həyatı – tənha, kasıb, qəddar, amansız və qısadır”.