Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zurabişvili "müqavimət platforması"nın yaradıldığını elan edib

Martın 31-də Gürcüstanda 1991-ci il müstəqillik referendumunun ildönümü münasibətilə irimiqyaslı etiraz aksiyası keçirilib. Mitinq "xalqın baharı gələcək" devizi ilə gerçəkləşib. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvli mitinqdə "müqavimət platforması"nın yaradıldığını elan edib. Bu barədə "Exo Kavkaza" xəbər verir.

Zurabişvili deyib ki, son parlament və prezident seçkilərinin nəticələrini tanımır. Onun sözlərinə görə, yeni parlament seçkilərinin təyin olunması, vicdan məhbuslarının azadlığa çıxmasından ötrü küçə aksiyalarından savayı, siyasi format da lazımdır. O, müqavimət platforması yaratmağı təklif edib.

"Bu platformanın əsas prinsipi odur ki, siyasi fikir ayrılıqlarını kənara qoymağa, etirazların iki əsas tələbini dəstəkləməyə hazır bütün avropayönlü partiya və qrupların üzünə açıqdır. Tələblər yeni ədalətli seçkilərin keçirilməsi və vicdan məhbuslarının azad edilməsidir", – Zurabişvili vurğulayıb.

Bəzi etirazçılar öncəki hakimiyyətlərin fəaliyyətini araşdırmaq üçün yaradılmış müvəqqəti parlament istintaq komissiyasının işini dəyərləndirməyə çağırıblar. Zurabişvili komissiyanın işini "iyrənclik" adlandırıb, deyib ki, onun işi tarixi anlamaq deyil, intiqam, Gürcüstan ordusu və cəmiyyətində düşkünlük yaratmaqdır. Komissiya 2008-ci il Rusiya-Gürcüstan müharibəsini də araşdırmalıdır.

Mitinq vaxtı parlament qarşısına üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları da yığışıb, ona azadlıq tələb ediblər. Bəzi etirazçılar pirotexnikadan istifadə ediblər. Ölkədə fişənglərin yasaqlanmasına baxmayaraq, "Exo Kavkaza"nın müxbiri təhlükəsizlik əməkdaşlarının baş verənləri sakitcə izlədiyini bildirir.

Gürcüstanda etirazlar dörd aydan çoxdur gedir. Baş nazir İrakli Kobaxidze ölkənin 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüyünə dair danışıqların gündəmdən çıxarıldığını elan edəndən sonrada ölkəni nümayişlər bürüyüb.

Nümayişçilər hökumətin istefasını, növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edirlər. Onlar hakimiyyəti avtoritarizmdə, demokratik prinsiplərdən uzaqlaşmaqda ittiham edirlər.