Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəngilan istiqamətində mövqeyimiz atəşə tutulub, hərbçimiz yaralanıb

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

“Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı video-müşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, deyə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilir.

Bu, sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan və Ermənistan sərhədində ilk silahlı insidentdir.

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən hadisə ilə bağlı izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilin və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda deyilir.