Zəlzələ Türkiyə iqtisadiyyatına nə qədər zərər vurub?
20 Fevral 2023
6 fevral 2023-cü il tarixi kədərin, çarəsizliyin, ümidin, qəzəbin, günahkarlıq və həmrəylik hissinin eyni anda hiss edildiyi dönüş nöqtəsinə çevriləcəyinə inandığım tarix olacaq.
Bu məqalə yazılarkən zəlzələdə ölənlərin sayı 41 mindən yuxarı idi, dağıntılar altında qalanlarla bağlı isə dəqiq rəqəm verilə bilmirdi.
Lakin vəziyyət istənilən halda qorxuncdur.
1999-cu il zəlzələsi zamanı doktorantura üzrə təhsil alırdım və dissertasiyam Adapazarı-Yalova-Gölcük zəlzələsində həyatını itirənlərlə bağlı idi.
24 ildən sonra eyni acılarla bir daha qarşılaşdıq.
Zəlzələdə itirdiyimiz insanlarla vidalaşdıqdan sonra düşünməli olduğumuz suallardan biri bu fəlakətin vurduğu iqtisadi zərbə və bunun necə aradan qaldırılmasıdır.
Güclü iqtisadiyyatın təməli sayılan institutlaşma, hesabatlılıq və şəffaflıq kimi əsas prinsiplərə əməl olunmaması ağır iqtisadi itkilərə səbəb olduğu kimi, eyni amillər zəlzələdən sonrakı mərhələdə də itkilərin böyük olmasına yol açır.
Bu prinsiplərə riayət etsəydik, bu gün davamlı inkişaf və aşağı inflyasiyaya nail olardıq və baş verən zəlzələdə möhkəm binalarda yaşamağa davam etməklə yanaşı, tez təşkilatlana, maddi və mənəvi itkilərin sayını minimuma endirə bilərdik.
Zəlzələdən əziyyət çəkənlərin iqtisadi xərcləri
İnsan itkisinin pul ilə ölçülmədiyini bir kənara qoysaq, zəlzələnin iqtisadi təsirini iki istiqamətdə dəyərləndirmək mümkündür.
Birinci istiqamət zəlzələ zamanı yaşadığı şəhəri, iş imkanlarını, evini itirən şəxslərə dəyən zərərdir.
Bu insanlar təəssüf olsun ki, iqtisadi baxımdan heç də əlverişli olmayan tarixdə bu cür çətinliklərlə üzləşirlər.
Türkiyədə minimum əmək haqqı 8 min 500 lirə, yoxsulluq həddi isə təxminən 8 min 860 lirə təşkil edir.
İstehlakçı Hüquqları Assosiasiyasının məlumatına görə, ötən ilin oktyabrından etibarən istehlakçıların 56 faizi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır.
Zəlzələ belə çətin vəziyyətdə meydana gəldi.
Zəlzələdə həyatını itirməsə də, ömür boyu yığdığı vəsaiti bir gecədə itirən insanların zərərini təxmin etmək çətin, onları rəqəmlərlə ifadə etmək isə mümkün deyil.
Ümumi iqtisadi zərərlər
Zəlzələnin vurduğu zərərin müəyyən edilməsi ilə bağlı məlumatlar daim yeniləndiyi üçün maddi itkini hesablamaq asan deyil.
Lakin təxmini hesablamalarla ümumi nəticə əldə etməyə çalışırıq.
Zəlzələnin yaratdığı xərcləri iki istiqamətə ayıra bilərik.
Birincisi zərər görən binaların, şəhərlərin yenidən qurulmasına lazım olan vəsaitdir.
İkinci məqam isə zəlzələ zamanı itirilən istehsal gücünün yaratdığı xərclərdir.
17 fevral tarixində açıqlanan rəqəmə görə, dağılan və qəzalı vəziyyətə düşən binaların sayının təxminən 330 mindən çox olduğunu nəzərə alsaq, bu tikililərin inşası üçün 20 milyard dollar lazım olacaq.
Lakin yaşayış yerləri qırılma xəttindən uzaq bölgələrə köçürülərsə, bina sayı arta bilər, bu isə əlavə xərclərin ortaya çıxması deməkdir.
Zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşən 1 milyona yaxın insanın illik sığınacaq və qida xərci üçün 3-5 milyard dollar vəsaitə ehtiyac olduğunu nəzərə alsaq, birinci istiqamət üzrə minimum xərcin 25 milyard dollar olacağını demək mümkündür.
İkinci istiqamət üzrə isə hesablama apararkən iqtisadiyyatda istehsal gücünün zəiflədiyini də nəzərə almaq lazımdır.
Zəlzələyə məruz qalan ərazidə əhali sayı 13.5 milyondan çoxdur. Türkiyənin Statistika Komitəsinin 2021-ci ildə açıqladığı rəqəmə görə, bu bölgənin ümumdaxili məhsulda payı təəssüf ki, 1 faizdən aşağıdır.
Müqayisəli şəkildə desək, Dünya Bankı 1999-cu il zəlzələsinin vurduğu zərərin 5 milyard dollar olduğunu və bu rəqəmin ümumdaxili məhsulun (ÜDM) 2.5 faizinə bərabər olduğunu açıqlamışdı.
Bu göstəricini bugünki ÜDM rəqəmlərinə nəzərən hesablasaq, ikinci istiqamət üzrə zərərin 20 milyard dollar olduğu qənaətinə gəlirik.
1999-cı ildə baş verən zəlzələdən sonra turizm gəlirləri 40 faiz azalmışdı.
Bölgənin turizm sektorunun ÜDM-də 5 faizlik paya sahib olduğunu nəzərə alsaq, zəlzələnin ümumi gəlirə vurduğu itkini də qeyd etməliyik.
Xülasə
Bütün qeyri-müəyyənlikləri nəzərə alaraq, bugünki rəqəmlərə görə minimum vacib ehtiyacların ÜDM-in təxminən 2-3 faizinə, ümumi xərclərin də buna yaxın olacağını deyə bilərik.
Yuxarıda qeyd olunan rəqəmə dağıntılar altında qalıb məhv olan əmlakı, yenidən inşa edilməli olan hava və dəniz limanlarını, yolları, eləcə də şəhər mərkəzlərinin köçürülməsi zamanı yaranan xərcləri də əlavə etsək, o zaman lazım olan vəsait sürətlə artacaq.
Lakin mövcud rəqəmlər və kənardan gəlməsi gözlənilən yardımlar qısa müddətli dövr üçün xarici valyutanın likvidliyi ilə bağlı hər hansı böhranın yaranmayacağını göstərir.
Bundan sonra nə olacaq?
Qarşıdakı çətinliklərə baxmayaraq, Türkiyənin necə davamlı iqtisadi bünövrəyə sahib olduğunu, çətinliklərə, böhranlara nə qədər çevik uyğunlaşdığını da vurğulamalıyıq.
Doğru planlaşdırma və təşkilatlanma ilə həm zəlzələnin vurduğu yaraları sağalda, həm də gələcəyə yönəlik tədbirlər görmək gücündəyik.
Beynəlxalq yardım və kreditlər zəlzələnin vurduğu zərəri və bərpa zamanı lazım olan xərcləri daha uzun müddətə qarşılamağa imkanı verəcək.