Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəlzələ dağıntıları altında qalanlar nə qədər müddət sağ qala bilər?


Türkiyə və Suriyadakı zəlzələlərdən sonra dağıntılar altında qalanlar üçün vaxtın azaldığı ilə bağlı narahatlıq var.





Hər iki ölkədən və dünyanın dörd bir yanından xilasetmə qrupları həyat ehtimalı gördükləri yerlərdə, beton qalıqlarının altında sağ qalanları xilas etmək üçün durmadan işləyirlər. Bəs zəlzələ qurbanları dağıntının altında nə qədər qala bilər?




BBC-yə danışan mütəxəssislər bunun müxtəlif amillərə bağlı olduğunu deyir. Zəlzələ baş verdiyi yer, hava və suya çatımlılıq, iqlim, hava şəraiti və dağıntılar altındakı şəxsin fiziki və psixoloji vəziyyəti kimi ünsürlər qurbanların nə qədər müddət həyatda qala biləcəklərinə təsir edir.





İnsanların çoxu fəlakətdən sonrakı 24 saatlıq müddətdə xilas ola bilir, amma bundan daha artıq müddətdən sonra da dağıntılar altından sağ qalanların xilas olduğu bir neçə hal var.





Bəs qurbanların həyatda qalmasında hansı amillər rol oynayır?





Fərqlilik və hazırlıq





Zəlzələnin dəqiq nə vaxt olacağını və ya binanın nə vaxt çökəcəyini bilmək mümkünsüz olsa da, mütəxəssislər fövqəladə vəziyyətdə tutduğunuz mövqenin həyatda qalmaq baxımından çox vacib olduğunu deyir.





Yaxşı seçilmiş bir yer dağıntılar altında qorunmağı və havaya çatımlılığı təmin edə bilər.









zəlzələ








Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri - yardım və xilasetmə qurumu AKUT-un (Axtarış-Xilasetmə Dərnəyi) koordinatorlarından Murat Harun Öngören “Çömbəlmək, tutmaq və tuta bilmək vəziyyətinin həyatda qalmağı təmin edə və hava boşluğu yarada biləcəyini” deyir.





Çömbəlmək, hardansa tutmaq - dizləri üstə çökmək, bir stolun və ya sərt bir əşyanın altına girmək və təkanlar bitənədək möhkəm durmaq deməkdir.






Dünya Səhiyyə Təşkilatının tibbi fövqəladə vəziyyət proqramının texniki əməkdaşı Dr. Jetri Regmi də hazırlığın vacibliyinə diqqət çəkir:





“Möhkəm bir stol kimi etibarlı bir yerə sığınmaq həyatda qalmaq şansını artıra bilər. Hər bir fövqəladə vəziyyət fərqli olduğu üçün dəqiq bir şey demək olmur, amma ilkin axtarış-xilasetmə işləri yerli icmaların hazırlıq qabiliyyətinə bağlıdır”.





Hava və suya çatımlılıq




Hava və suya çatımlılıq çökmüş bir binanın altında çarəsiz qaldığınızda sağ qalmaq baxımından çox vacibdir. Lakin bu da yaralanma səviyyəsinə bağlıdır. Qan itirmə yaşamaq şansını 24 saatdan o tərəfə keçirə bilməyi çətinləşdirir.





Dolayısı ilə, mütəxəssislər deyir ki, əgər zəlzələ qurbanı çox ağır yaralı deyilsə və uda biləcək havası varsa, növbəti addım suya çatımlılıqdır.





ABŞ-ın Duke Universitetinin reanimasiya mütəxəssisi Professor Richard Edward Moon deyir ki, su və oksigenin yoxluğu həyatda qalmaq üçün kritik problemlərdir:





“Hər yetkin insan gün ərzində idrar, nəfəs alıb-vermə, su buxarı və tərləmə yolu ilə 1,2 litr su itirir. Bir insan 8 litrdən çox su itirəndə ağır xəstələnir”.





Bəzi təxminlərə görə, insanlar su olmadan 3 -7 gün arası həyatda qala bilər.









qadın








Yaralanma səviyyəsi




Bir insanda baş travması və ya başqa ağır yaralanmalar varsa və ya nəfəs almaq imkanı məhduddursa, fəlakətin növbəti gününə sağ qalmaq şansı azalır.





Doktor Regmi-nin fikrincə, yaralanma səviyyəsini dəyərləndirə bilmək vacibdir.





“Onurğa beynindən, başından və ya döş qəfəsindən yaralananlar kəskin travma müalicə müəssisələrinə aparılanadək yaşamaya bilərlər. Qan itirmə, sınıqlar və orqanlardakı yırtıqlar ölüm ehtimalını artırır”.





O, xilas olunduqdan sonrakı müalicənin də eyni dərəcədə mühüm olduğunu deyir:





“Dağıntılar altından xilas olanlar belə, "crush" (uzunmüddətli sıxılma) sindromundan ölə bilərlər. Zəlzələ kimi fəlakətlərdə çökən divarların altında qalan insanlarda bu síndroma tez-tez rast gəlinir”.





Dünya Səhiyyə Təşkilatına görə, uzunmüddətli sıxılma sindromu dağıntının yaratdığı təzyiq səbəbi ilə əzələlər zədələnəndə və toksin istehsal edəndə yaşanır. Dağıntı insanın üzərindən qaldırıldıqda isə toksinlər vücuda yayılır və ciddi nəticələrə səbəb olur.





İqlim və hava şəraiti





Qurbanların nə qədər müddət həyatda qala biləcəklərini iqlim də müəyyənləşdirir.





Professor Moon deyir ki, Türkiydəki hava şəraiti vəziyyəti daha da pisləşdirir:





“Orta yaşlarında bir adam bədən temperaturu səviyyəsini itirmədən ən çox 21 dərəcədə qala bilər. Bundan daha çox soyuq olarsa, vəziyyət dəyişər”.





Bu temperaturdan aşağı bədən temperaturu ətraf mühitin temperaturuna adekvat reaksiya verir.





Reanimasiya mütəxəssisi bildirir ki, “Hipotermiyanın sürəti şəxsin nə qədər təcrid olduğuna bağlıdır. Ancaq nəticə etibarı ilə, bu talesiz insanların çoxu hipotermiyaya məğlub olacaq”.





Yay aylarında isə əksinə, insanın qapalı qaldığı yer çox istidirsə, sürətlə su itirilir və yaranan vəziyyət yaşamaq şansını azaldır”.





Psixoloji güc





Mütəxəssislər hesab edir ki, tez-tez nəzərdən qaçırılan bir başqa amil də psixoloji güc və idarəetmədir.





Onlar psixoloji qərarlılığı qorumanın və həyatda qalmağa fokuslanmanın da çox vacib olduğu ilə bağlı xəbərdarlıq edirlər.





Axtarış-xilasetmə mütəxəssisi Öngören bildirir ki, “Qorxu təbii reaksiyamızdır. Amma panikaya düşməməliyik. Sağ qalmaq üçün psixoloji baxımdan da güclü olmalıyıq”.





Bunun üçün isə qərarlı olmaq lazımdır.





“Qorxu hissindən xilas olmağa çalışmaq və özünüzə nəzarət etmək vacibdir. Motivasiyanız “Bəli, indi buradayam və sağ qalmaq üçün bir yol tapmalıyam” olmalıdır. Belə olan halda, daha az bağırıb, daha az hərəkət edərsiniz. Hisslərinizə və panikanıza nəzarət edib, enerjinizi qənaətlə xərcləməlisiniz”.





Məşhur sağ qalmaq hekayələri




1995-ci ildə Cənubi Koreyadakı zəlzələdə bir qurban dağıntılar altından 10 gün sonra çıxarılmışdı. O, yağış suyunu içib, bir karton qutunu yeyərək həyatda qalmışdı. Ağlını işlək tutmaq üçün isə bir oyuncaqla oynamışdı.





2013-cü ilin mayında bir qadın çökən zavodun dağıntıları altından 17 gün sonra çıxarılmışdı. Xilas ediləndən sonra o, "Bir neçə gün boyunca xilasedicilərin səsini eşidirdim. Onların diqqətini çəkmək üçün taxta və dəmir çubuqlarla dağıntılara vururdum. Amma heç kim məni eşitmirdi. 15 gün qurudulmuş yeməklə qidalandım. Son iki gündə isə sudan başqa heç nəyim yox idi” demişdi.





Haitidə 220 mindən çox insanın ölümünə səbəb olan 2010-cu ilin yanvar zəlzələsi zamanı bir kişi qarət edilmiş bir mağazanın dağıntılarının altından 12 gün sonra sağ çıxmışdı. Sonradan bir nəfərin də 27 gün sonra dağıntılar altından sağ çıxdığı açıqlanmışdı.





2005-ci ilin oktyabrında Kəşmirin Pakistana bağlı hissəsində baş vermis zəlzələdən sonra 40 yaşındakı Naksa Bibi adlı bir qadın mətbəxinin dağıntıları altından sağ çıxarılmışdı.