Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəlzələ ata-anaları ilə bərabər, adlarını da əllərindən alıb...


Adana şəhər xəstəxanasındakı yaralı uşaqlar verdikləri itkilərin nə qədər böyük olduğunu anlamayacaq qədər kiçikdirlər.





Reanimasiyada çalışan həkimlər ata-anası tapılmayan altı aylıq bir qız uşağını yedizdirirlər.




Ata-anası zəlzələ zamanı həlak olmuş və ya hələ tapılmayan yüzlərlə belə adı bilinməyən uşaqlar var.





Zəlzələ evlərini yıxdı və indi də adlarını əllərindən aldı.





Həkim Nurşah Keskin çarpayısının yanında “adsız” yazılan qız uşağının əlini tutur.





Sınıqları var, gözü göyərib və üzü əzilib; amma bizə tərəf dönüb gülümsəyir.





Uşaq xəstəlikləri üzrə həkim və baş həkimin müavini olan Keskin deyir ki, “harada tapıldığını və bura necə gətirildiyini bilirik, amma bir ünvan tapmağa çalışırıq, araşdırmalar davam edir”.









Türkiyə, zəlzələ





5-6 yaşında olduğunu deyilən bir qız uşağı başından travma alıb və bəzi sümükləri sınıb.




Çökmüş binalardan xilas edilən uşaqların çoxu digər bölgələrdəndir. Xəstəxana binası zəlzələdə zərər görmədiyi üçün uşaqlar Adanaya gətiriliblər.





Zəlzələ bölgəsindəki bir çox xəstəxana çöküb və ya qəzalı vəziyyətə düşüb. Buna görə də Adana xəstəxanası regionun tibbi mərkəzinə çevrilib.





İskenderunda ciddi zərər görən bir xəstəxananın doğum klinikasında olan yeni doğulmuş körpələr Adanaya gətirilib.





Türkiyənin səhiyyə rəsmiləri fəlakət bölgəsində indiyədək kimliyi müəyyən edilməyən 260 uşağın olduğunu deyirlər.





Axtarışlar davam etdiyi üçün bu rəqəm arta bilər.





Pediatr İlknur Cesur yaşadıqları şok səbəbindən bir çox uşağın danışa bilmədiyini qeyd edir.










Türkiyə, zəlzələ





Həkim İlknur Banlı Cesur bir çox uşağın şok səbəbilə danışa bilmədiyini deyir




İzdihamlı xəstəxana dəhlizlərində həkim Keskinin arxası ilə gedirəm. Zəlzələdən xilas olanların bir qismi xərəklərdə, digər xəstələr isə reanimasiyadakı çarpayılarda yatırlar. Yaralı uşaqlarla dolu olan əməliyyat otağına tərəf irəliləyirik.





Həkimlərin 5-6 yaşında olduğunu dedikləri bir qız uşağı gördük. Qoluna sistem taxılan həmin qız yatırdı. Həkimlər onun başından travma aldığını və bəzi sümüklərinin sındığını deyirlər.





Həkimdən uşağın öz adını deyib demədiyini soruşuram.





“Xeyr, sadəcə gözü və üz cizgiləri ilə ünsiyyət yaradır”, - həkim Cesur bildirib.





“Bu uşaqlar yaşadıqları şok səbəbilə danışa bilmirlər. Adlarını bilirlər. Bir neçə gündən sonra vəziyyətləri yaxşılaşanda danışmağa cəhd edəcəyik”, - həkim əlavə edir.





Səhiyyə Nazirliyinin nümayəndələri kimliyi müəyyənləşməyən uşaqların ünvanlarını tapmağa çalışır. Lakin daha evlər də, ünvanlar da mövcud deyil. Adı bilinməyən ən azı 100 uşaq müalicə olunur.





Türkiyədə sosial media paylaşımları itkin düşmüş uşaqların yıxılan binaların neçənci mərtəbəsində yaşadıqlarını deyən və ya xilas edilib, xəstəxanaya götürüldüyündən bəhs edənlərlə doludur.





Uşaqların sağ qalan yaxınları və Səhiyyə Nazirliyinin rəsmiləri uşaqları tapmaq üçün xəstəxanaları gəzirlər.





Adanadakı xəstəxanaya yaralıların gətirilməsi davam edir. Hər kəs şok olmuş və bitmiş haldadır.





Burada hər kəs zəlzələnin təsirinə məruz qalmış şəxslərdir. Xəstələr də, həkimlər də.





Həkim Keskin zəlzələdə qohumlarını itirib və təkanlar davam etdiyi üçün uşaqları ilə birlikdə xəstəxanaya sığınıb.





Vəziyyətdən necə çıxacağını soruşuram.





“Yaxşıyam, yaxşı olmağa çalışıram, çünki uşaqların həqiqətən də bizə ehtiyacı var. Amma Allaha şükr edirəm. Uşaqlarım hələ də mənimlədir. Bir ana üçün övladını itirməkdən daha böyük dərd ola bilməz”, - həkim deyir.





Yanımızda kiçik xəstələr ana-atalarının gələcəklərini gözləyirlər.





Bəziləri yenidən valideynləri ilə bir araya gəlirlər. Amma digərləri zəlzələnin adsız uşaqları kimi qalmağa davam edir.