Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yoqurtun bəzi növlərinin haram olduğunu deyən bloqer həbs edilib

Özbəkistanlı bloqer Hociakbar Nosirov bir supermarketdə çəkdiyi videoda onminlərlə izləyicisinə ölkəsində populyar olan bəzi yoqurt brendlərini müsəlmanlar üçün niyə haram saymasından danışıb.

E120 adlı qırmızı qida boyasının – karmin maddəsinin Cənubi Amerikada yaşayan qırmız böcəyindən alındığını, kosmetika məhsullarında da istifadə olunduğunu deyən Nosirov 15 sutkalıq həbslə cəzalandırılıb. AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) bu hadisənin Özbəkistanda bloqerlər, o cümlədən dini bloqerlərə məhdudiyyətlərin artdığını göstərdiyini yazır. İndiyədək bloqerlər Prezident Şavkat Mirziyoyevin hakimiyyəti dövründə bəzi azadlıqlardan faydalanırdı.

Paytaxt Daşkənddə polisin aprelin 8-də yaydığı prez-relizdə deyilir ki, Nosirovun videosu vətəndaşların müdaxilədən azad şəxsi həyatla bağlı konstitusion hüququnun və fərdi sahibkarların hüquqlarının pozulmasıdır.

Özbəkistan qanunlarına görə, ölkədə dini məzmunda materialın hazırlanması və yayılması üçün teoloji ekspertiza müsbət rəy verməlidir, polis bəyanatında qeyd edib.

Nosirovun həbsindən az sonra Özbəkistanın dövlətin dəstəklədiyi dini qurumu karminlə bağlı fərmanında İordaniyanın fətvasına istinad edib. Məlumatda deyilir ki, E120 “böcəklərdən alınaraq kimyəvi yolla digər maddələrlə qarışdırılır. İslamda bu “istihol, yəni, bir maddənin digərinə transformasıyası adlanır”.

“Ola bilsin, rejimə yaxın kimsə...”


İslamda hansı əlavələrin halal, yaxud haram olması bütün dünyada ilahiyyatçılar, hüquqşünaslar, inanclı şəxslər arasında müzakirə mövzusudur. Ancaq polisin Nosirovun şəxsi fikri əsasında davrandığını deməsinə baxmayaraq, bloqer videosunda iki islamçı hüquq saytına link qoyub, bu məhsulların haram olması fikrini əsaslandırmağa çalışıb.

Ancaq görünür, hakimiyyət belə bir debatın olmasını istəmir.

“Aydındır ki, bu videoda ekstremizmin olmasından söhbət getmir. Ona görə də bunu azad sözün səbəbsiz boğulması adlandıra bilərik”, – Böyük Britaniyada yerləşən “Central Asia Due Diligence” tədqiqat şirkətinin direktoru Alişir İlxamov bildirib.

“Bəs bu niyə baş verib? Demək çətindir. Ola bilsin, rejimə yaxın kimsə bu yoqurtu istehsal, yaxud idxal edir. Yaxud hakimiyyətdə kimsə bu bloqeri xoşlamır. Ancaq hüquqi baxımdan mübahisə etmək çətindir”, – İlxamov vurğulayıb.

2016-cə ildə avtoritar lideri İslam Karimovun ölümündən sonra keçmiş baş nazir Mirziyoyevin hakimiyyətə gəlişi dünyanın ən repressiv ölkələrindən birində buzun əriməsi kimi xarakterizə olundu. Yeni, məhdud da olsa media azadlıqları rəhbərlik dəyişikliyinin bəhrəsi kimi göründü.

Mirziyoyevin çıxışları və...


Bu yeni mühit bloqçuluğun populyarlaşması ilə sonuclandı. Din, siyasət, digər daha öncə tabu sayılan mövzularda Telegram kanalları çoxaldı.

Mirziyoyev özü çıxışlarında tez-tez ifadə azadlığı mövzusuna toxunurdu. Amma 2021-ci ildə onun hakimiyyəti altında ilk dəfə media işçisinə ağır həbs cəzası kəsildi. Otabek Sattorıy adlı bloqer çoxsaylı pulqoparma və bir böhtan maddəsi ilə 6 il yarım həbsə məhkum edildi. Sattoriy və ailəsi isə iddiaları rədd edib, cəzanı onun vətəndaş jurnalistikası ilə bağlı olduğunu deyiblər.

Bu ilin fevralında Abuqodir Mumunov adlı bloqer oxşar ittihamlarla həbs olunub. YouTube-da 240 mindən çox abunəçisi olan Muminov hətta Mirziyoyevin özünü tənqid edirdi. Bu iş üzrə hələ hökm oxunmayıb.

AzadlıqRadiosu martda çoxsaylı mənbələrdən öyrənib ki, 30 aprel referendumunu tənqid edən bloqerlər polisdə dindirilməyə çağırılırlar. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Mirziyoyevin indiki prezidentlik müddəti başa çatandan sonra da hakimiyyətdə qalmasına yol açacaq.

Polis xəbərdarlığı


Biz bloqerin anonimlik şərtilə radioya dediyinə görə, polis ona xəbərdarlıq edib ki, Telegram kanalında konstitusiya dəyişikliklərini tənqid etməsi Cinayət Məcəlləsinin, ictimai təhlükəsizliyə qarşı cinayətləri nəzərdə tutan 242-ci maddəsinin pozuntusu sayıla bilər.

Polis bloqerə deyib ki, əgər adamlar “Nukusdakı kimi ayağa qalxsalar”, sözügedən maddə ona aid edilə bilər. Söhbət ötən il hakimiyyətin etirazları zorakılıqla yatırdığı Qaraqalpaqıstan Muxtar Respublikasından gedir.

Mirziyoyev hakimiyyəti dövründə təkcə mətbuat və bloqerlər deyil, islam dininə bəzi məhdudiyyətləri də yumşaldıb. Sələfi Karimov mömin müsəlmanlara ekstremist damğası vurmasıyla ad çıxarmışdı. Mirziyoyv dini əsaslarla həbs olunmuş minlərlə məhbusu miras alsa da, onlardan yalnız bəziləri buraxılıb.

Ancaq siyasi fəallar kimi dini bloqerlər də onların ifadə azadlığına məhdudiyyətlərin mütəmadi dəyişdiyini hiss ediblər. 2018-ci ildə AzadlıqRadiosunun özbək xidməti saqqala və islami geyimə məhdudiyyətlərə son qoyulmasına çağıran populyar bloqerlərin həbsindən yazıb. Onlar əsasən 15 sutkalıq administrativ cəzaya məhkum ediliblər.

Təhlilçilər Özbəkistanda heç də bütün bloqerlərin qanun qarşısında bərabər olmadığını, təhlükəsizlik qüvvələri ilə müəyyən əlaqələri olanların kart-blanşdan yararlandığını, digərlərinin isə ən yüngül şeylərə görə cəzalandırıldığını da qeyd edirlər.