“Həyat mənbəyi” bəzən ölüm mənbəyi də olur: DİQQƏT!
İçdiyimiz sular nə dərəcədə keyfiyyətlidir, su alarkən nələrə diqqət etməliyik?
06 Noyabr 2024
“Su - həyatdır” – deyirlər. Təəssüf ki, bəzən əksi də mümkün olur. Hər gün bəh-bəh ilə içdiyimiz suların çoxunun əslində bizə nə qədər zərər vurduğundan, həyatımızı təhlükəyə atdığından bixəbərik. Müxtəlif vaxtlarda və müxtəlif təşkilatlar tərəfindən aparılan ekspertizaların nəticələri mətbuatda yayılır və iddia olunur ki, bu gün satışda olan içməli sulardan bir çoxunun tərkibi heç də sağlıqlı deyil.
Elə istehlakçılardan da bu barədə tez-tez şikayətlər eşidirik. İnsanlar içdikləri suyun ağırlıq yaratdığını, ürəkbulanma verdiyini deyir. Buna görə də gün ərzində normadan az su içir, bəzən isə heç içmir, qaynadılmış suya üstünlük verirlər.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Pressklub.az-a bu barədə danışarkən deyib ki, bu gün mağazalarda satılan suların 70-80%-i içməyə yararlı deyil.
Müsahibimiz bildirib ki, orqanizmdə daxili orqanların funksiyasının düzgün şəkildə yerinə yetirilməsi, qəbul etdiyimiz qidalardakı toksik maddələrin tam şəkildə orqanizmdən xaric olunması üçün su qəbulu mütləqdir. Və hər bir orqanizmin qəbul edəcəyi müəyyən bir miqdar var. Normal çəkidirsə, kütlə indeksi hədsiz çox deyilsə, piylənmə yoxdursa, bu zaman bədən çəkisinə görə hər kiloya ya 30 ml su, ya da gün ərzində ortalama 8 stəkan su qəbul edilməlidir. Suyun keyfiyyəti isə ən önəmli faktorlardan biridir. Suyun tərkibində bir çox minerallar var ki, bu minerallar olmadıqda orqanizmdə mineral çatışmazlığı baş verir. Həmçinin suyun codluq səviyyəsi düzgün olmayanda müəyyən problemlər yaranır. Bundan əlavə, suyun PH ölçüsü ən əsas amillərdən hesab olunur.
Ekspert hesab edir ki, suyun keyfiyyətli olub-olmadığını ev şəraitində bilmək və dəqiq nəticə əldə etmək çətin məsələdir: “Çünki bu, laboratoriya analizləri əsasında müəyyən edilir. Buna baxmayaraq, suyu qəbul edərkən də onun keyfiyyətini hiss edə bilərik. Keyfiyyətli su 4-18 dərəcə arası temperaturda, xoşagələn, yüngül dadlı, rəngi isə parlaq və şəffaf olmalıdır. Mineral dəyəri də içilə biləcək qədər olmalıdır. Suyu içəndən sonra ağırlıq, şişkinlik, ürəkbulanma hiss olunursa, bu, həmin suyun keyfiyyətsiz olduğunun, yaxud da mineral dəyərinin orqanizm üçün yetərli olmadığının göstəricisidir”.
Müsahibimizin sözlərinə görə, şüşə butulkalarda saxlanan suların keyfiyyəti daha yaxşı qorunur. Plastik butulkadadırsa, onun istehsal prosesindən istehlak prosesinə qədər saxlanma temperaturuna riayət olunmalıdır. Su açıq havada, günəş şüaları altında saxlanılmamalıdır. Sərin yerdə, temperaturu müsbət 5 dərəcədən müsbət 20 dərəcəyədək olan yerdə saxlanılmalıdır: “Plastikin tərkibindəki “Bisfenol A” maddəsi hava isti olanda, temperatur yüksək olanda suya daha sürətlə keçir və bu suyu qəbul etdikdə həmin maddə orqanizmdə xərçəng riskinə, yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranmasına, endokrin sisteminin funksiyasının pozulmasına səbəb olur. Ümumiyyətlə, hamilələrə, azyaşlılara, həssas qrupdan olan şəxslərə, xroniki xəstəliyi olan insanlara, yaşlılara plastik qabda olan istənilən məhsuldan istifadə etmək tövsiyə olunmur”.
Həmsöhbətimiz deyib ki, içməli suyun PH səviyyəsi daha çox 7.2 və 8.5 arasında olmalıdır. Bu, heç bir sağlamlıq problemi olmayanlar üçün lazımlı miqdardır. Suda PH səviyyəsi düzgün deyilsə, bu zaman mədə turşuluğu daha çox olur. Və qəbul edilən həmin su zamanla mədədə qastrit, xora və digər xəstəliklərin yaranmasına gətirib çıxarır. Bundan əlavə, suların qablaşmasının düzgün həyata keçirilməsi, istehsalçı şirkət və suyun tərkibi, İSO (idarəetmə sisteminin, istehsal prosesinin, xidmətin və ya sənədləşdirmə prosedurunun standartlaşdırma və keyfiyyət təminatı üçün bütün tələblərə malik olduğunun təsdiqlənməsi-red.) sertifikatlarının olub-olmaması, sertifikatın nömrəsi haqqında məlumatlar göstərilməlidir.
Mütəxəssis son aylarda aidiyyəti dövlət qurumunun keçirdiyi yoxlamaların nəticəsi barədə də danışıb. Deyir ki, yoxlamalar keçirilən 22 müəssisədən 18-də qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb: “Bu da o deməkdir ki, əhaliyə satılan sular ya mərkəzləşdirilmiş su sistemindən gələn sulardır, ya da artezian sularının qablaşdırılması hallarında verirlər ki, bu da hər zaman düzgün prosedurdan keçmir. Bundan əlavə, bəzi suların üzərinə yalandan müalicəvi olduğu yazılır. Bu da qanunvericiliklə qadağan olunub. Təəssüf ki, bu cür nöqsanlara mağazalarda satılan sularda rast gəlinib”.
Günay Elşən