Logo
news content
User
Kateqoriyalar

Xəbər

MSK sədri: Bələdiyyə seçkiləri gələn il keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin dəqiq tarixi noyabrın axırında açıqlanacaq.

"Turan"ın məlumatına görə, bunu noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun rəhbəri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, istənilən halda seçkilərin gələn il yanvarın 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur.

Azərbaycanda bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənirdi. Mövcud qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir.

Azərbaycanda son bələdiyyə seçkiləri isə 2019-cu il dekabrın 23-də keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti 5 ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar.

Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni noyabrın 11-dən 22-nə kimi Bakıda keçiriləcək BMT İqlim Konfransı (COP29) ilə izah ediblər.

Üstəlik, bu il bəzi bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsi də hazırlanıb. Milli Məclisin birinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, Azərbaycanda 1 min 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində onların ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.