Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni Fransa hökuməti: siyasi rəqib, solçu və sağçılar, keçmiş "ər və ər"...

Xəbər verildiyi kimi, bir neçə günlük fasilədən sonra Yelisey sarayında Qabriel Attalın başçılıq etdiyi yeni Fransa hökumətinin tərkibi elan olunub.

Siyahıda ümumilikdə 14 ad var: Erik Düpon-Moretti (Ədliyyə Nazirliyi), Jerald Darmanen (Daxili İşlər Nazirliyi) və Brüno Le Mer (İqtisadiyyat və Maliyyə Nazirliyi) kimi "ağır çəkili" nazirlər öz vəzifələrini qoruyublar. Son iki nazir baş nazir kürsüsündə oturmağa da çalışıblar. Amma indi 34 yaşlı Attalın rəhbərliyi altında fəaliyyətlərini davam etdirəcəklər.

Əsas sürpriz, Fransa sağçılarının siması olan Raşida Datinin mədəniyyət naziri təyin edilməsi olub.

Nikola Sarkozinin keçmiş müttəfiqi, bir vaxtlar Ədliyyə naziri postunu tutan, Parisin dəbdəbəli 7-ci rayonunun meri, Paris Şəhər Şurasında müxalifətin lideri Raşida Dati siyasi səhnədə “qatil” (flingueuse) ləqəbini qazanıb.

Dati dərhal sağçı Respublikaçılar partiyasından xaric edilib. Partiyanın lideri Erik Sottinin sözlərinə görə, müxalifətin nümayəndəsi makronçu hökumətdə iştirak edə bilməz.

Bəzi əsas nazirlər çoxdan respublikaçıları tərk edərək, prezident çoxluğuna qoşulublar. Makronun (və Attalın) siyasi fəlsəfəsi həm sağ, həm də sol cinahdan olan siyasətçiləri öz tərəfinə çəkməkdir. Son illərdə hökumətdə sol baxışlı makronçular demək olar ki, qalmasa da, onlara hələ də parlamentarilər arasında rast gəlmək olur.

Datinin sensasiyalı təyinatı fransız siyasətçilərinin kəskin reaksiyasına səbəb olub.

"O, dünən Makronu şiddətlə tənqid edirdi, bu gün isə onun tərəfini tutdu", - ifrat sağçı Milli Birlikdən bildiriblər.

Solçu partiyaların nümayəndələri onu da vurğulayırlar ki, Dati 2021-ci ildən “passiv korrupsiya”, “passiv təsir ticarəti” və “vəzifə səlahiyyətlərindən sui-istifadəni gizlətmək” ittihamları ilə istintaq altındadır.

Kənar müşahidəçilər qeyd edirlər ki, Dati heç vaxt mədəniyyətlə bağlı olmayıb və 2000-ci illərin əvvəllərindən bu nazirlikdə heç bir iz qoymadan 10 rəhbər dəyişib.

Katrin Votren kabinetə Səhiyyə və Əmək nazirliklərinin rəhbəri kimi daxil olub. Hələ 2022-ci ildə sağçı siyasətçinin baş nazir olacağı proqnozlaşdırılırdı. Lakin Emmanuel Makron o zaman solçu Elizabet Bornu seçdi.

Xarici İşlər Nazirliyinin rəhbəri postunda Ketrin Kolonnanı Makronun ən yaxın adamlarından biri, prezidentin İntibah Partiyasının lideri və Avropa Parlamentində mərkəzçi fraksiyasının sədri Stefan Sejurne əvəz edib.

Brüsseldə prezidentin maraqlarının lobbiçisi olan Sejurne və hazırkı baş nazir Attal mülki nikahda (cinsi azlıqlar kimi - red.) olublar. Amma media iddia edir ki, onlar ayrılıblar.

Onların münasibətləri Attal ilk dəfə 2018-ci ildə Makron hökumətinə qatılanda ictimaiyyətə məlum olub.