Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaxşı heç nə gözlənilmir - Qlobal iqtisadi proqnoz yeniləndi

Beynəlxalq Valyuta Fondu (İMF) Rusiya-Ukrayna müharibəsi səbəbindən bu il üçün qlobal artım proqnozunu 4,4 faizdən 3,6 faizə endirib.

İMF-nin “Dünyanın iqtisadi görüntü hesabatı”nın 2022-ci il aprel sayında Ukraynadakı müharibənin baha başa gələn humanitar böhrana səbəb olduğu və münaqişənin vurduğu iqtisadi zərərin 2022-ci ildə qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olacağını bildirilib.

Müharibənin inkişafı azaldacağına və inflyasiyanı artıracağına diqqət çəkən hesabatda Ukraynadakı müharibənin yüksək ərzaq və enerji qiymətləri üzündən daha geniş sosial gərginlik ehtimalını artırdığı, bununsa dünyanın vəziyyətinə daha çox təzyiq göstərəcəyi qeyd edilib.

2021-ci ildə dünya iqtisadiyyatı 6,1 faiz artıb. Qlobal iqtisadiyyatın 2022 və 2023-cü illərdə hər birinin 3,6 faiz böyüməsi gözlənilir.

Xatırladaq ki, İMF yanvar ayında dərc etdiyi hesabatda qlobal iqtisadiyyatın bu 2022-ci ildə 4,4 faiz, 2023-cü ildə isə 3,8 faiz artacağını proqnozlaşdırmışdı.

ABŞ iqtisadiyyatının 2022-ci il üçün artım proqnozu 4 faizdən 3,7, Avro bölgəsi üçün isə 3,9 faizdən 2,8 faizə endirilib.

İnkişaf etmiş ölkələr qrupu üzrə artım gözləntiləri 2022-ci il üçün 3,9 faizdən 3,3 faizə, 2023-cü il üçün isə 2,6 faizdən 2,4 faizə salınıb.

Çinin bu il üçün iqtisadi artım gözləntisi 4,8 faizdən 4,4 faizə endirilsə də, Rusiya iqtisadiyyatının bu il 8,5 faiz kiçiləcəyi proqnozlaşdırılır.

Türkiyə iqtisadiyyatı üçün bu il üçün 2,7 faiz, gələn il üçünsə 3 faiz artım proqnozu müəyyən edilib. İMF-nin yanvar ayında açıqladığı proqnozlarda Türkiyə iqtisadiyyatının 2022-ci ildə 3,3 faiz artacağı gözlənilirdi.

İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün artım gözləntiləri 2022-ci il üçün 4,8 faizdən 3,8 faizə, 2023-cü il üçün isə 4,7 faizdən 4,4 faizə endirilib.