Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ilə bağlı gözlənti: "Bu ilin ikinci yarısından neft qiymətlərində..."

Yanvarın 20-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) Donald Trampın rəsmi (ikinci) prezidentlik dönəmi başlayır.

ABŞ-nin yeni seçilmiş prezidenti artıq ölkənin xarici siyasəti ilə bağlı bəzi anonslar verib. Onlar, əsasən, İran və Yaxın Şərqlə bağlıdır. Cənubi Qafqaz regionu və bu regionda yerləşən dövlətlər, o cümlədən ABŞ-Azərbaycan münasibətləri ilə bağlı, hələlik, ciddi bir mesaj olmasa da, müəyyən proqnozlar səslənir.

Azərbaycan prezidenti İlham Əliyev Tramp dönəmində ABŞ ilə bağlı əməkdaşlığa ümidlə baxdığını açıqlayıb. Son illər bu iki ölkə arasında soyuq küləklər əsib. Okeanın o tayından ictimai fəal və bəzi jurnalistlərin həbsləri ilə bağlı tənqidlər Bakıda "daxili işlərə qarışmaq" kimi dəyərləndirilib. Üstəlik, rəsmi Bakının Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi ilə aparılan danışıqlara da bir elə üstünlük verməməsi diqqət çəkib.

"Cənubi Qafqaz heç ilk onluğa daxil olmayacaq"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, Azərbaycan tarixən praqmatik siyasətə üstünlük verən respublikaçı administrasiya ilə iş qurmağı daha effektiv bacarıb: (D.Tramp da respublikaçıların namizədi idi) "Bu baxımından, Donald Tramp administrasiyası ilə də belə olacağını təxmin etmək olar".

Deputat vurğulayır ki, ABŞ-də insan haqları, mətbuat azadlığı, demokratiya məsələləri ilə məşğul olan müxtəlif təşkilatlar öz işini davam etdirəcək: "Ancaq Dövlət Departamenti, Pentaqon və ümumilikdə administrasiya daha çox ABŞ-nin konkret praqmatik maraqlarına diqqət yetirəcək".

R.Musabəyovun fikrincə, Cənubi Qafqaz yeni ABŞ administrasiyasının heç ilk onluğa daxil olan məsələsi olmayacaq: "Maraq xeyli aşağı düşəcək. Fərz edirəm ki, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı marağı hansısa inersiyası ilə nümayiş etdirsinlər, amma bu məsələyə müdaxilə etməyə nə istəkləri, nə vaxtları, nə imkanları olacaq. Yəni, Co Bayden dövründəki kimi, hansısa təşəbbüslər, təkliflər olmayacaq. Əslində hər hansı xarici müdaxiləyə yer də qalmayıb. Azərbaycanla Ermənistan bütün qalan məsələləri özləri müzakirə edir".

"Prioriteti iqtisadi maraqlar olacaq"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Tramp administrasiyası, əsasən, onun yaxın adamlarından, amerikalı milyarderlərdən təşkil olunub və onların prioriteti iqtisadi maraqlar olacaq: "Ümumiyyətlə, yeni administrasiya xarici siyasət məsələlərinə çox böyük diqqət ayırmaq fikrində deyil".

Ekspert Azərbaycanla münasibətlərdə hansısa özəl yanaşma olacağını düşünmür: "Onları daha çox xarici siyasətdə maraqlandıran bu gün Trampın ortaya qoyduğu Qrenlandiya, Panama kanalı, Meksika körfəzi, Kanada kimi məsələlər olacaq. Yəni, yeni administrasiyanın Azərbaycana diqqət ayırmağa heç marağı da olmayacaq".

Ə.Oruclunun sözlərinə görə, bunun bir riskli tərəfi var ki, Cənubi Qafqaza Rusiyanın təsiri güclənə bilər: "Bu baxımından, Azərbaycan üçün risklərin artması istisna olunmur".

Politoloq hesab edir ki, Tramp administrasiyası insan haqları məsələsi ilə maraqlanmayacaq: "Amma digər tərəfdən, Bayden administrasiyasının bu sahəyə diqqət ayırması da konkret Azərbaycanda heç bir nəticə verməyib, yalnız təzyiq vasitəsinə çevrilib".

İqtisadi məsələlərə gəldikdə, D.Tramp həm seçki kampaniyası dövründə, həm də seçkilərdən sonra dünya iqtisadiyyatına təsir edə biləcəyi düşünülən bəzi bəyanatlar verib. O, ABŞ-də neft hasilatını artıracağını vəd edib.

"Neft qiymətlərində enmələr müşahidə olunacaq"

İqtisadçı Natiq Cəfərli xatırladır ki, ABŞ bu gün neft hasilatında liderdir və gündəlik neft hasilatı 13.7 milyon bareldir: "Bu, Rusiya və Səudiyyə Ərəbistanın hasilatından 4 milyon barel çoxdur. Neft ehtiyatlarına görə də ABŞ liderdir. Donald Trampın konsepsiyası ondan ibarətdir ki, ucuz neft – ucuz yanacaq deməkdir. Ucuz yanacaq isə Amerika iqtisadiyyatı üçün çox vacibdir. Bütün bunları nəzərə alsaq, Trampın yeni administrasiyasının neft qiymətlərinə təsir gücünün böyük olduğunu söyləmək olar".

O hesab edir ki, D.Tramp istədiyi konsepsiyanı yerinə yetirməyə başlasa, bu, neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq: "Amma bu o demək deyil ki, bu, dərhal baş verəcək. Konsepsiyanın realizə olması üçün bir müddətə ehtiyac var. Co Bayden neft hasilatının artırılmasına qadağa qoyan bir neçə fərman imzalayıb. Onların ləğv və yeni qaydaların qəbul edilməsi lazımdır. Bunun zamana ehtiyac var. Düşünürəm ki, bu ilin ikinci yarısından başlayaraq neft qiymətlərində enmələr müşahidə olunacaq".

İqtisadçının fikrincə, neft qiymətlərinin kəskin enməsi də ABŞ-yə sərf etmir: "Amerikada minlərlə neft şirkəti var. Onların bir hissəsi kiçikdir. Həmin şirkətlərə neftin, heç olmasa, 50 dollar olması sərf edir ki, ayaqda qala bilsinlər. Ona görə də ilin ikinci yarısından qiymətlərin əvvəl 60 dollara, sonra isə 50 dollara qədər enməsini müşahidə edəcəyik".

N.Cəfərli bunun Azərbaycana birbaşa təsirinə diqqət çəkir: "Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Neftin qiyməti bundan aşağı düşsə, bu zaman büdcə parametrlərində problem yaşanacaq, neft şirkətlərinin ödədiyi vergilərdə azalma baş verəcək, Neft Fonduna daxilolmalarda problem yaşanmağa başlayacaq. Azərbaycan iqtisadiyyatı neftdən kəskin şəkildə asılıdır. Bizdə hasilat da düşür. Bu isə o deməkdir ki, neft qiymətinin düşməsi digər ölkələrə nisbətən Azərbaycanda daha çox hiss olunacaq".

Hazırda neftin bir barelinin qiyməti 80 dollar civarında dəyişir.