Yalan və iftira: Mirzoyan Lavrovla görüşdə nələr deyib?
21 Mart 2023
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Azərbaycanı tənqid edib.
“Azərbaycanın ən yüksək səviyyədə aqressiv ritorikası və tək Dağlıq Qarabağa deyil, həm də Ermənistanın suveren ərazisinə qarşı davam edən hərbi təxribatları regiondakı vəziyyəti daha da gərginləşdirir”, Ararat Mirzoyan deyib.
Rəsmi Bakı Mirzoyanın mətbuat konfransında Azərbaycanla bağlı fikirlərini “yalan və iftira dolu” adlandıraraq, “qətiyyətlə pisləyib və rədd edib”.
Ararat Mirzoyanın Rusiyaya səfəri Yerevanla Moskva narazılıq fonunda baş tutub. Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanla münaqişədə Rusiyanın dəstəyinin olmamasından şikayətlənib.
Mirzoyan başqa nə deyib?
Mirzoyan Ermənistanın müttəfiqləri və tərəfdaşlarını Azərbaycanın “öz öhdəliklərini yerinə yetirməsi və beynəlxalq hüququn bütün prinsiplərini pozaraq, güc tətbiq etmək və ya güclə hədələmək praktikasına son qoyulması üçün fəal addımlar” atmağa çağırıb.
“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin birgə bəyanatı üzrə öhdəliklərə zidd olaraq, Laçın dəhlizinin blokadası və Dağlıq Qarabağa enerji resurslarının nəqlinin məqsədyönlü şəkildə kəsilməsi rəsmi Bakının niyyətlərinə dair heç bir sual qoymur – bunlar Dağlıq Qarabağda etnik təmizləmə məqsədi ilə edilir“, - Ararat Mirzoyan deyib.
Azərbaycan XİN bu iddiaları “yalan” adlandırıb.
“Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır”, XİN sözçüsü Ayxan Hacızadənin bəyanatında deyilir.
Ermənistan naziri görüşdə üç ölkə liderlərinin bəyanatına əsasən, əldə olunmuş razılaşmaların, eləcə də BMT Beynəlxalq Məhkəməsinin qərarının yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan XİN buna cavabında Ermənistanı bölgədə “sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb”.
Ermənistan XİN başçısı Azərbaycan tərəfinin üçtərəfli bəyanatın “pozmadığı bir bənd belə qalmadığını“ bildirib.
“Sistematik şəkildə atəşkəs rejiminin pozulması, Ermənistan ərazilərinin işğalı, Laçın dəhlizinin qeyri-qanuni blokadası, erməni hərbi əsirlərin saxlanılması, regional kommunikasiyaların açılmasına və erməni sakinlərin Azərbaycanın nəzarəti altına keçmiş öz əvvəlki yaşadıqları yerlərə qayıtmasına maneələr törədilməsi...”, - Mirzoyan deyib.
Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Azərbaycan XİN bəyanatında Ermənistanın Azərbaycanı 10 noyabr bəyanatını pozmaqda ittiham etməsini "riyakarlığın son həddi" adlandırıb.
Azərbaycan həmçinin Ermənistanı həmin bəyanatın “müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmamaq”, əlavə olaraq “öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirmək, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törətmək, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə etməkdə" ittiham edib.
Lavrov Qarabağın erməni icması barədə
Rusiya Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələlərinin Qarabağ və Azərbaycan nümayəndələri arasında həll olunması prinsipini dəstəkləyir, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O, bunda Ermənistanın da maraqlı olduğunu bildirib.
Bu məsələ ilə bağlı sualı cavablandıran Sergey Lavrov Rusiya-Ukrayna münaqişəsində “Donbas probleminə dair Minsk razılaşmaları prinsiplərini“ xatırladıb.
“Bununla bağlı yaxın keçmişin nümunəsini xatırlamaq olar. Məsələn, Minsk razılaşmaları üzrə Ukraynanın şərqindəki sakinlərin [milliyətcə rus – red.] hüquqları. Ana dili hüquqları və uşaqlarına bu dildə təhsil vermək hüququ, bu dildən istifadə edərək yaşamaq, işləmək, öz mədəniyyəti, dinini qorumaq, yerli özünüidarəetmə imkanları və öz soydaşları ilə müəyyən xüsusi əlaqələrə malik olmaq. Donbas timsalında bu, Rusiyadır”, - Lavrov deyib.
Lavrov Qarabağ erməniləri üçün də Ermənistan və Azərbaycan liderləri tərəfindən 1991-ci il Alma-Ata deklarasiyası tələbləri əsasında (bir-birinin sərhədlərinin tanınmasını təsdiqləyən – red.) təxminən belə hüquqlar toplusunun ehtimal olunduğunu bildirib.
Lavrov Ermənistan-Azərbaycan sülh sazişi barədə
Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına bundan sonra da dəstək olmağa hazırdır, Ermənistan XİN baçşısı Ararat Mirzoyanla Moskvada birgə mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Biz, 3+3 platforma da daxil, daha geniş regional formatların vacibliyini vurğulamışıq. Bu, həmçinin, Cənubi Qafqaz ölkələri arasında və qonşuları ilə dialoq və əməkdaşlığın inkişafı üçün əlavə imkanlar açır”, - Lavrov deyib.
O, nəqliyyat və iqtisadi əlaqələrin üzərindən blokadanın götürülməsi üzrə artıq görülmüş xeyli işlər də nəzərə alaraq, yaxın zamanda üçtərəfli işçi komissiyanın həmsədr baş nazir müavinlərinin konkret razılaşmalar əldə edəcəyinə ümid etdiyini qeyd edib.
Lavrov Rusiyanın üç ölkə liderlərinin “razılaşmasına uyğun olaraq, Rusiyanın konsultasiyası ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasının fəaliyyətinin aktivləşməsinə“ çağırıb.
Lavrov: Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüş tarixi yaxın günlərdə müzakirə ediləcək
Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni üçtərəfli görüşünün tarixi yaxın günlərdə müzakirə olunacaq, Sergey Lavrov bəyan edib.
“Sülh sazişi məsələləri üzrə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli yeni görüşünün keçirilməsi tarixinə dair biz bu gün danışmışıq, - Lavrov deyib. – Bizim erməni həmkarlarımız bu yaxınlarda baş nazir Nikol Paşinyanın mətbuat konfransında Ermənistanın belə bir görüşün keçirilməsinə hazır olduğu haqqında dediklərini təsdiq ediblər. Düşünürəm ki, ən yaxın zamanda biz hər üç nazir üçün uyğun olan tarixləri nəzərdən keçirərik”.