Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN: Mirzoyan sülh prosesi üzrə müzakirələri və danışıqları təhrif edir

22 fevral tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselborn ilə birgə mətbuat brifinqi zamanı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyirik. Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur.

Pressklub.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselbornun bəyanatlarına dair şərhində deyilir.

Qeyd edilir ki, Ermənistan xarici işlər naziri hər zaman olduğu kimi sülh prosesi üzrə aparılan müzakirələri və danışıqları təhrif edərək manipulyasiya ilə məşğul olur. Ermənistan tərəfi verdiyi bəyanat ilə bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir.

Azərbaycanın təbii sərvətlərinin talanması, qanunsuz erməni silahlı qüvvələrinin rotasiyası, mina və sursatların daşınması, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidi ilə bağlı Laçın yolundan sui-istifadə hallarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifinin güc tətbiqi kimi qiymətləndirilməsi bir daha göstərir ki, Ermənistan Laçın yolunda şəffaflığın təmin edilməsində maraqlı deyil.

Ermənistan tərəfinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarına son qoyacaq sərhəd nəzarət-buraxılış məntəqəsi təklifindən imtina etməsi bir daha göstərir ki, Ermənistan tərəfinin əsl niyyəti etiraz aksiyalarının “blokada” və “gərgin humanitar vəziyyət” yaratdığı barədə iddialarını təkrarlamaqla yoldan 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olan qeyri-qanuni məqsədlər üçün istifadəni davam etdirməkdir. Bu bir daha sübut edir ki, əslində Laçın yolunda aksiyaların “humanitar vəziyyət” yaratdığı iddialarının heç bir əsası yoxdur və Ermənistan bu iddiadan yalnız siyasi məqsədləri üçün istifadə edir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə qeyd etmək istərdik ki, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir.

Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır. Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik.