Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna müharibəsi: Putin hansı müharibə cinayətlərində ittiham olunur?


Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs qərarı çıxarıb.





Məhkəmə onu Ukraynadakı müharibə cinayətlərinə cavabdehlik daşımaqda, eləcə də uşaqların qanunsuz deportasiyasında ittiham edib.





Rusiyanın Uşaq Hüquqları üzrə komissarı Maria Lvova-Belova barədə də həbs qərarı verilib.





Ukraynanın bildirdiyinə görə ötən ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı işğaldan bəri Kreml 10 minlərlə müharibə cinayəti törədib.




Müharibə cinayəti nədir?




“Hətta müharibənin də qanunları var” Beynəlxalq Qırmızı Xaç Komitəsi deyir.





Müharibə ilə bağlı qaydalar bir çox beynəlxalq hüquq və razılaşmaların da tövsif olunduğu Cenevrə Konvensiyası çərçivəsindəki müqavilələrə əsaslanır.





Hərbi qüvvələr mülki insanlara və onların yaşayışında vacib rol oynayan infrastrukturlara qəsdən hücum edə bilməzlər.





Yaratdıqları dağıntılar və vurduğu zərərlərə görə insan əleyhinə minaların, kimyəvi və bioloji, eləcə də bu kimi digər silahların istifadəsi qadağandır.





Müharibə əsiri kimi hüquqlara malik olan yaralı əsgərlər də daxil olmaqla, xəstə və ya yaralı şəxslərə yardım edilməlidir.





Zorlama, öldürmə və ya hər hansı qrupa qarşı kütləvi işgəncə “insanlıq əleyhinə cinayət” və ya bəzi hallarda “soyqırım” kimi tanınır.





Putinə qarşı son ittihamlar nədir?




BMT-nin Ukrayna üzrə Təhqiqat Komissiyası bildirib ki, yüzlərlə ukraynalı uşağın Rusiyaya qanunsuz aparılması ilə bağlı faktlar var.





Rusiya uşaqlara məcburi şəkildə rus vətəndaşlığı verməklə və onları qəyyum ailələrdə yerləşdirməklə “həmin uşaqların daimi olaraq Rusiyada yaşaması görüntüsü yaradan” siyasət həyata keçirib, komissiyanın hesabatında bildirilir.





Uşaqların köçürülməsi müvəqqəti nəzərdə tutulsa da, onların “çoxu ilə bağlı müddət uzadılıb" və həm valideynlərə, həm də uşaqlara “bir-biriləri ilə ünsiyyət qurmaması üçün maneələr yaradılıb”, BMT-nin təhqiqatçıları qeyd edib.





Ukrayna hökumətinin hesablamalarına görə məcburi şəkildə Rusiyaya götürülən uşaqların sayı 16 mindən çoxdur.





Məcburi deportasiyalar “beynəlxalq hümanitar qaydaların pozulması və müharibə cinayəti faktıdır”, BMT-nin hesabatında əks olunub.





Rusiya Ukraynada daha hansı müharibə cinayətləri törədib?




BMT-nin açıqlamasına görə, Moskva törətdiyi zorlama halları, qətllər və “böyük həcmdə” işgəncələrdən başqa ötən ilin oktyabrından başlayaraq Ukraynanın enerji infrastrukturlarına hücumlar təşkil etmək kimi digər ciddi “insanlıq əleyhinə cinayətlər” də həyata keçirib.





Daha əvvəl Rusiya tərəfindən işğal edilmiş bəzi Ukrayna ərazilərində kütləvi şəkildə basdırılmış cəsədlər tapılıb. Onların bəzilərinin bədənlərində işgəncə izləri aşkarlanıb.






  • 2022-ci ilin aprelində Kiyevə yaxın Buça qəsəbəsində 400 mülki şəxsin cansız bədəni tapılıb.

  • 2022-ci ilin sentyabrında Xarkov regionunun İzium yaşayış məntəqəsində əksəriyyəti mülki əhali olan 450 nəfərin meyitinin basdırıldığı kütləvi məzarlıqlar aşkarlanıb.

  • Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2022-ci ilin mart və noyabr aylarında Rusiya işğalında olan Xerson regionunda rus qoşunları 400-dən çox müharibə cinayəti törədib.

  • 2022-ci ilin martında Rusiya Mariupol şəhərində uşaqlar üçün sığınacaq kimi istifadə edilən teatr binasına hava zərbələri endirib.

  • Ötən ilin martında Mariupol xəstəxanası da eyni hücumlara məruz qalıb.









Rusiya, Ukrayna, müharibə, münaqişə





Hava hücumlarından sonra Mariupol teatrı




Müharibə cinayətləri necə mühakimə olunur?




Ukrayna məhkəmələri artıq bir Rusiya əsgərini mühakimə edib.





Rusiya ordusunun 21 yaşlı tank komandiri Vadim Şişimarin müharibənin ilk günlərində Çupaxivka kəndinin mülki sakini 62 yaşlı Oleksandr Şelipova atəş açdığı üçün ömürlük həbsə məhkum edilib.





Hər hansı hərbi komandir və ya aparıcı siyasətçi ilə müqayisədə əsgərlərin müharibə cinayətinə görə ittihamı daha asan sübut edilir.










Rusiya, Ukrayna, müharibə, münaqişə





Vadim Şişimarin müharibə cinayətlərinə görə mühakimə olunan ilk rus əsgəridir




Human Rights Watch insan haqları təşkilatının nümayəndəsi Hugh Williamson deyir ki, gələcək mühakimələrin həyata keçirilməsi üçün “hərbçilər arasında rütbə zənciri” yaratmaq olduqca vacibdir. Bura hərbi rütbəlinin dağıntılara icazə verdiyi və ya göz yumduğu hallar da daxildir.





Beynəlxalq Cinayət Məhkəməsi hələ Rusiya Krımı ilhaq etməmişdən əvvəl - 2013-cü ildən bəri Ukraynada baş vermə ehtimalı olan müharibə cinayətlərini və insanlıq əleyhinə cinayətləri araşdırır.





Qurumun baş prokuroru, britaniyalı hüquqşünas Karim Khan həmin dövrlərdə də müharibə cinayətlərinin törədildiyinə dair əsaslı arqumentlərin olduğunu bildirib.





Bununla belə Beynəlxalq Cinayət Məhkəməsi şübhəlini həbs etmə gücünə malik deyil və Rusiya məhkəmənin hazırladığı bu müqaviləyə qoşulmayıb.





Sözü gedən məhkəmə adətən mühakimə və məhkəmə sistemlərinin zəif olduğu ölkələrdə müharibə cinayətlərinə baxır.





Lakin Ukrayna məhkəmələri bu cür cinayətləri mühakmə etmə gücündədir. Avqustun sonuna kimi Ukrayna Baş prokurorluğu müharibə cinayətində şübhəli bilinən 135 nəfərə hökm oxuyub.





Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderlərə qarşı “aqressiv müharibə apardıqları üçün” ittiham qaldıra bilər. Bura özünü-müdafiə kimi qiymətləndirilməyən əsaslandırılmamış işğal və ya münaqişə daxildir.





College London Universitetinin beynəlxalq hüquq üzrə eksperti professor Philippe Sands deyir ki, Rusiya müqaviləyə qoşulmadığı üçün Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putini mühakimə edə bilməz.





Nəzəriyyədə BMT-nin Təhlükəsizlik Şurası Beynəlxalq Ədalət Məhkəməsindən Ukraynaya hücumlara görə məsələni araşdırmağı xahiş edə bilər, lakin Rusiya buna veto qoyacaq.





Professor Sands bildirir ki, dünya liderləri Ukraynaya qarşı aqressiv cinayətlərin hüquqi cəzasını təmin etmək üçün birdəfəlik tribunal yaratmalıdırlar.