Türkiyədə seçkilər: Prezidentliyə namizəd olmaq üçün kimlər müraciət edib?
22 Mart 2023
Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq üçün 100 min imza toplamalı olan şəxslərin rəsmi müraciətləri üçün son müddət bazar ertəsi başa çatıb.
TRT-nin məlumatına görə, 18 nəfər Yüksək Seçki Qurumuna (Mərkəzi seçki komissiyası - YSK) müraciət edib.
YSK sənədlərində səhvə yol verildiyi deyilən bəzi namizədlərin müraciətlərini rədd edib.
Türkiyədə parlamentdə qrupu olan və ya son parlament seçkilərində 5 faizdən çox səs toplayan partiyalar, habelə 100 min imza toplayanlar prezidentliyə namizədliyini irəli sürə bilər.
Bu arada indiyədək YSK-yə ərizə verən və siyasi partiyalardan irəli sürüləcək namizədlərin siyasını təqdim edirik.
Recep Tayyip Erdoğan
Prezident və AKP-nin sədri Recep Tayyip Erdoğan Cümhur İttifaqının vahid namizədi olaraq ikinci, ümumilikdə isə üçüncü dəfə prezidentliyə namizəd olacaq.
Erdoğanı 2014-cü ildəki prezident seçkilərində 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplayıb. Onu AKP-dan başqa MHP, BBP və HUDA-PAR partiyası dəstəkləyir.
AKP və MHP-nin parlament qrupları martın 16-da ayrı-ayrılıqda keçirdiyi qapalı qrup toplantılarında Recep Tayyip Erdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qrup qərarı verib.
Kemal Kılıçdaroğlu
Millət ittifaqı blokunun vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu prezidentlik uğrunda mübarizəyə ilk dəfə qatılacaq.
Kılıçdaroğluna dəstək verəcəklərini bəyan edən partiyalar arasında CHP, İYİ, DEVA, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası, Xalq Qurtuluş Partiyası, Türkiyə Dəyişiklik Partiyası və Türkiyə Kommunist Partiyası var.
Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar CHP və İYİ partiyasının parlament qrupları verib.
Kılıçdaroğlu Yüksək Seçki Qurumuna (YSK) sabah müraciət etməlidir.
Muharrem İnce
2018-ci ildə CHP-nin prezidentliyə namizədi Muharrem İnce Recep Tayyip Erdoğana qarşı yarışmada ikinci yeri qazanıb.
Lakin seçkilərdən sonra CHP-dən ayrılan siyasətçi Məmləkət Partiyasını təsis edib.
Hazırda cənab İnce-ni dəstəkləyən yeganə partiya Məmləkət Partiyasıdır.
Muharrem İnce qatıldığı televiziya proqramında Kılıçdaroğlu və Erdoğan seçkinin ikinci turunda qalarsa, Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.
İnce namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalıdır.
Doğu Perinçek
Prezidentliyə namizədlər siyahısında Vətən Partiyasının lideri Doğu Perinçekin də adı var. O, 2018-ci ildəki seçkilərdə səslərin 0,2 faizini qazanıb.
Onu yalnız Vətən Partiyası dəstəkləyir.
Dünən YSK-ya namizədlik üçün müraciət edən Perinçek ikinci tura keçdiyi təqdirdə planlarını açıqlayıb: “Doğu Perinçek ikinci tura gedəcək. İkinci turda olacağıq”.
Doğu Perinçek namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalı olacaq.
Fatih Erbakan
Rifah Partiyasının lideri Fatih Erbakan AKP təmsilçiləri ilə danışıqlardan sonra Cümhur İttifaqına girməyəcəyini və partiyasından prezidentliyə namizəd qalacağını açıqlayıb.
"Onları daha sonra, vaxtı çatanda ətraflı izah edəcəyik, hələlik bununla kifayətlənək”
Fatih Erbakan vaxtilə fəaliyyəti dayandırılan Rifah Partiyasının lideri Necmettin Erbakanın oğludur.
O, namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalıdır.
Sinan Oğan
MHP-in sabiq üzvü, 2011-15-ci illər arasında millət vəkili vəkili Sinan Oğan Ata İttifaqının namizədidir.
2015-ci ildə MHP başqanlığına namizəd olan Oğan partiyadan xaric edilsə də, məhkəməyə müraciət edərək partiyada üzvlüyünü bərpa edib.
O, 2017-ci ildə ölkənin prezident sisteminə keçidi ilə bağlı referenduma qarşı çıxacağını açıqlayandan sonra digər MHP siyasətçiləri ilə yenidən B xaric edildi.
Cənab Oğanı Zəfər, Ölkəm və Türkiyə İttifaq partiyaları dəstəkləyir.
O, namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalıdır.
Ahmet Özal
Sabiq prezident Turqut Özalın oğlu, Tek Partiyasının lideri Ahmet Özal Türk İttifaqının namizədidir.
Ahmet Özal ötən yay verdiyi müsahibədə “Erdoğan və Kılıçdaroğlu ikinci tura qalsa, mən tərəf tutmayacağam” demişdi.
Özala dəstək verən Türk İttifaqına Anadolu Birliyi Partiyası, Müstəqil Respublika Partiyası, Osmanlı Partiyası, Texnologiya İnkişaf Partiyası (Tek Parti), Vətənpərvərlər Partiyası, Yenidən Ana Vətən və Yeni Yol Partiyası daxildir.
Özalın namizəd olması üçün 100 min imza toplaması tələb olunur.
İrfan Uzun
Ədalət Birliyi Partiyasının sədri İrfan Uzun namizədlik üçün YSK-ya ötən gün müraciət edib.
O, Türkiyənin dəyişikliyə ehtiyacı olduğunu, gənclərin idarəçiliyə cəlb edilməsi üçün mübarizəyə qatıldığını deyib.
İrfan Uzun həmçinin ən gənc namizəd olduğunu vurğulayır.
O, namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalıdır.
Halil Murat Ünver
Halil Murat Ünver Kırıkkale Universiteti Kompüter Mühəndisliyi Bölümünün müəllimidir. O, namizədliyi üçün ərizəsini YSK-ya ötən gün təqdim edib.
Dr. Ünver islahata ehtiyac olduğunu deyir.
“İndiki siyasətçilərlə bu mümkün deyil. Çarə qısa müddətli texnokratik idarəetmədir”, - o, tvitterində yazıb.
Halil Murat Ünver namizədliyini irəli sürmək üçün 100.000 imza toplamalıdır.