Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə parlamentinə hansı qüvvələr iddia edir? - Rəsmi siyahı

Türkiyənin Ali Seçki Qurumu parlament seçkisi namizədlərinin rəsmi siyahısını dərc edib. Mayın 14-ü prezident seçkisi birgə keçiriləcək seçkidə 11 partiya ayrılıqda yarışır: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası.

13 partiya ittifaqlarda bir araya gəlib: Sosialist Güc Birliyi ittifaqı – Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqı – Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqı – Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası; Millət ittifaqı – Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya; Ata ittifaqı – Ədalət Partiyası, Zəfər Partiyası.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Ali Seçki Qurumu 151 müstəqil namizədi də qeydə alıb.

Prezidentliyə dörd iddiaçı var: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.