Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə-Ermənistan sərhədi: Qapının aralı qalması yaxşıdır, yoxsa bağlanması?


Rəsmi Yerevanın Kahramanmaraş zəlzələsindən dərhal sonra Türkiyənin “çətin məqamında dostluq əlini” uzatması, humanitar yardım üçün 30 ildir bağlı qalan sərhədlərin müvəqqəti açılması iki ölkə arasında münasibətlərin normallaşmasının sürətlənəcəyinə ümidləri artırıb.





Türkiyə Ermənistanın yardımını təqdir edib, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan da sərhədlərin açılmasına hazır olduqlarını “təsdiqləyib”.





Ermənistanın yardım paketində türk-erməni xalqlarının müəllifliyində mübahisə etdiyi yarpaq dolmasının da (konservləşdirilmiş) olmasını Türk-Erməni Biznes Şurasının təmsiçisi Noyan Soyak “ortaq mədəniyyətin xatırladılması mesajı” kimi qiymətləndirib.





BBC Azərbaycancaya danışan, bəzi Ermənistan və Türkiyədən olan təhlilçilərə görə, Ankara və Yerevan arasında normallaşma, hətta quru sərhədlərin açılması Azərbaycanla sülh sazişindən keçir.




Hərçənd, iki ölkə arasında normallaşmada Azərbaycan faktorunun əhəmiyyət daşımadığını, bunun rəsmi Ankaranın öz siyasəti olduğunu düşünənlər də var.









Türkiyə








Ermənistanın humanitar yardımı və zəlzələ diplomatiyası




Fevralın 6-da Türkiyədə baş vermiş və minlərlə insanın ölümünə səbəb olmuş zəlzələdən bir gün sonra bu ölkəyə yardım göndərən ölkələr arasnda Ermənistanın da adının olması təəccüblü görünmədi: Dağlıq Qarabağ münaqişəsinə görə 30 ildir dondurulmuş diplomatik münasibətlərin buzu İkinci Qarabağ müharibəsindən sonra əriməyə başlamışdı. Amma Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanmadığından iki ölkə arasında quru sərhədlərin açılması da təxirə düşmüşdü. Sərhəd Ermənistan hökumətinin göndəridiyi 28 nəfərlik xilasedici qrupu və 100 tonluq humanitar yardım üçün müvəqqəti açıldı.





Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Pezidenti Recep Tayyip Erdoğanla da telefonla danışaraq başsağlığını şəxsən çatdırdı. Ermənistan mediası Erdoğanın Ermənistanın dəstəyini “təqdirlə qarşıladığını, iki ölkə arasındakı dialoqun daha da dərinləşdirilməsi baxımından bu addıma önəm verdiyini” yazdı.





Amma sərhədin hər nə qədər, sadəcə, humanitar yardımın keçidi üçün açıldığı deyilsə də, həm bu, həm də zəlzələnin baş verməsindən 10 gün sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya “həmrəylik səfəri” və burada Türkiyə-Ermənistan arasında yüksək səviyyəli görüşün keçirməsi Yerevanın Kahramanmaraş zəlzələsinə dəstəyinin regional dəyişikliyə təsirsiz ötüşməyəcəyi ehtimallarını yaradıb.









Mirzoyan və Çavuşoğlu








“Sülhü qurmaqla bağlı istəyimizi təsdiq edirik”




Mirzoyanın səfəri zamanı ikitərəfli görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında onun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu Ermənistanın humanitar yardımını "çətin gündə dostluq əlinin uzadılması” kimi qiymətləndirib.





Humanitar sahədəki əməkdaşlığın normallaşma prosesinə dəstək olacağına inandığını deyən Mevlüt Çavuşoğlu “Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesində irəliləyişi regionun sülh və rifahına töhfə verəcəyini” əlavə edib.





“Bu üç ölkə səmimi addımlar atarsa, Cənubi Qafqazda davamlı sülhü və hüzuru bərqərar edə bilərik. Cənubi Qafqazın daimi sabitliyi bu regionun iqtisadi inkişafı üçün son dərəcə vacibdir. Xüsusilə COVİD və Ukrayna müharibəsindən sonra Şərq-Qərb Mərkəzi Dəhlizi son dərəcə əhəmiyyətli oldu. Ona görə də biz bu marşrutda olan ölkələr olaraq, təkcə regionumuzun sabitliyinə və inkişafına deyil, həm də Asiya və Avropanın əməkdaşlığın artırılması istiqamətində atacağı addımlara mühüm töhfələr verə bilərik”, -Türkiyənin xarici işlər naziri birgə mətbuat konfransında deyib.





Ararat Mirzoyan deyib ki, humanitar yardımın ikinci hissəsi də Alican sərhəd qapısından keçərək Adıyamana çatdırılıb:





“Bölgədə sülhü qorumaq, Türkiyə ilə münasibətlərin tamamilə normallaşması, diplomatik əlaqələrin qurulması, sərhədlərin tamamilə açılmasına hazır olduğumuzu burada təsdiq edirəm”, - Ermənistanın xarici işlər naziri bildirib.









Mirzoyan və Çavuşoğlu








“Ən önəmli özəllik”




Türk-Erməni Biznes Şurasının təmsilçisi Noyan Soyak Ermənistanın 1999-cu il Gölcük və 2011-ci il Van zəlzələsi zamanı da humanitar yardımlar göndərdiyini xatırladaraq, budəfəki aksiyanın sərhəd qapısından keçərək gerçəkləşməsini “ən önəmli özəllik” kimi şərh edib.





“Xatırlayıram ki, 2011-ci ildə Alican sərhəd qapısından Vana çox rahatlıqla gedə bilinəcək imkan olsa da, razılıq verilməməsi səbəbindən, əsasən içməli sudan ibarət yardımlar vaxt itkisi ilə Gürcüstan üzərindən zəlzələ bölgələrinə çatdırılmışdı. Amma hazırda iki ölkə arasında hələ də davam edən danışıqlar, Kahramanmaraş zəlzələsinə Ermənistan hökumətinin humanitar yardımları üçün sərhədin açılmasını asanlaşdırdı”, - Noyan Soyak deyib.





“Yardım paketində yarpaq dolması”




Ermənistanın bu dəfəki yardım karvanında, əsasən, buğda, un, içməli su, qida məhsulları olub.





Noyan Soyak AFAD-la koordinasiyalı şəkildə Adıyamanda ehtiyac sahiblərinə göndərilmiş yardım paketlərinin içində konservləşdiriımiş yarpaq dolmasının da olduğunu deyir.





Mən ondan “türk və erməni xalqları arasında mübahisəli kulinariya nümunəsi olan dolmanın humanitar yardıma daxil edilməsinin mesajı nədir” deyə soruşdum.





“Dolma bizim ortaq mədəniyyətimizdir. Başqa heç bir ölkənin göndərdiyi yardımda dolmanı tapa bilməzdin”, - Noyan Soyak belə cavab verdi.





1997-ci ilin mayında yaradılmış Türk-Erməni Biznes Şurası iki ölkənin iş adamları arasında əlaqələrinin qurulması üçün fəaliyyət göstərir.





“Siyasi problemlərin həllinə nə dərəcədə kömək edəcəyini bilmirəm, amma düşünürəm ki, humanitar yardım müsbət və yaxşı atmosfer yaradacaq. Bu müsbət atmosfer təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, regional miqyasda Cənubi Qafqazda da özünü göstərəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Ermənistan münasibətləri üçün də faydalı olacaq. Dövlətlərin dialoqu ictimai rəyə müsbət təsir edəcək”, - Noyan Soyak əlavə edib.









Dolma








“Ermənistanda normallaşma istəyənlərin sayı artır”




Qafqaz məsələlərini yaxından izləyən jurnalist Ali Doğan hesab edir ki, humanitar yardımın qəbulu üçün quru sərhədlərin qısa müddətə açılması Türkiyənin “yaxın vaxtlarda” bu məsələdə Ermənistanla daimi anlaşacağı anlamına gəlməməlidir.





“Onsuz da Türkiyənin yaxın bir ildə əsas diqqəti zəlzələnin aradan qaldırılması məsələləri olacaq. Türkiyə bütün diqqətini ora verəcək. Bundan başqa, önümüzdə prezident seçkiləri var. Bu səbəblərlə də Türkiyənin Ermənistanla normallaşma prosesinə ayıracaq zamanı olmaz”, - jurnalist deyib.





Ermənistanın ictimai rəyində bir il əvvəlki dövrlə müqayisədə Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyənlərin sayının getdikcə artdığını düşünən Ali Doğana görə, bu səbəbdən Yerevan bu istiqamətdə uğur qazanmaqda “maraqlıdır”.





Jurnalist hesab edir ki, bu səbəbdən Yerevan Ankaradan fərqli olaraq, Paşinyan-Erdoğan telefon danışığı ilə bağlı hazırladığı press-relizində Türkiyə hökumətinin Ermənistanın dəstəyini təqdirlə qarşıladığını, “bu addımın iki ölkə arasındakı dialoqu daha da dərinləşdirəcəyini önəmsəməsini ön plana çıxarıb”.





“Öncə Azərbaycan...”




AKP-dən olan millət vəkili Şamil Ayrım deyir ki, Ermənistanın zəlzələ bölgəsinə humanitar yardım göstərməsi məsələsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə “qarışdırılmamalıdır”.





“Yardım insani aksiyadır. Təbii fəlakət bu gün bizdə, sabah Ermənistanda, başqa bir ölkədə ola bilər. Türkiyə sərhədlərin açılması məsələsini Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınması, Zəngəzur dəhlizinin açılmasına bağlayıb. İndi bunların heç biri gerçəkləşməyib. Azərbaycanla Ermənistan arasında sərhədlər tanınmadığı üçün Türkiyənin hazırki mərhələdə belə bir qərara razılıq verməsi mümkün deyil”, - o deyib.





“Münasibətlərin yenidən dəyərləndirməsi üçün simvolik hadisə”








Türkiyə-Ermənistan








İstanbulda erməni dilində nəşr olunan gündəlik "Jamanak" qəzetinin baş redaktoru Ara Koçunyana görə, iki ölkənin tarixində 1988-ci il Spitak, 2011-ci il Van zəlzələləri, 1993-cü ildə aclıq həddində olan Ermənistana Türkiyənin taxıl yardımı etməsi kimi humanitar yardımlaşma hadisələri olsa da, “bunların heç biri hər hansı bir şəkildə siyasi konyukturaya təsir etməyib”.





“Humanitar yardımların atributlarını heç bir şəkildə sui-istifadə etməyə, ya da gərəksiz gözləntilərə çevirməyə gərək yoxdur. Amma hər kəs üçün münasibətlərini yenidən dəyərləndirə bilmək baxımından simvolik hadisədir. Quru sərhədlər istisna olaraq açıldı", - Ara Koçunyan deyib.





O hesab edir ki, “humanitar fürsətlər yaxşı dəyərləndirilməzsə, siyasi problemlərin həllində işıq görmək ehtimalları tamamilə itirilmiş olar”.





“Önəmli olan qapalı olan sərhədin “qismən qapalı” duruma gətirilməsidir. Qapının aralı qalması bağlı qalmasından daha yaxşıdır”, -ermənicə Jamank qəzetinin naşiri əlavə edir.





“İş bəyanatlardan o yana getməyəcək”




Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının üzvü Geğam Manukyan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərində irəliləyiş yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.





Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında heç bir real normallaşma prosesi baş vermir.





“İqtidar Türkiyə ilə birgə Ani körpüsünün təmiri haqda razılaşmanı nailiyyət kimi təqdim edir. Bir halda ki bu, çoxillik prosesdir, onda xalqa təqdim edilənlər yaxşı qablaşdırılmış yalandır”, - Ermənistan parlamentində jurnalistlər üçün cümə günü keçirilən brifinqdə Geğam Manukyan deyib.





Manukyan xatırladıb ki, Ani körpüsünün bərpası haqqında Türkiyə KİV-i hələ 2017-ci ildə bəhs edirdi, 2019-cu ildə isə körpünün eskizləri hazırlanmışdı.





Manukyan hesab edir ki, Türkiyə Ermənistanla sərhədi açmayacaq və Azərbaycanla sülh sazişi imzalamayınca, Yerevan üzərinə təzyiqi davam etdirəcək və “iş bəyanatlardan o yana getməyəcək”.




Türkiyənin Ermənistana qarşı siyasətində Azərbaycan faktoru “həlledici deyil”




Ermənistanda belə fikirlər də var ki, humanitar yardım quru sərhəd vasitəsi ilə göndərilsə də, bu, Türkiyənin Ermənistanla bağlı siyasətini dəyişdirməyəcək.





Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Ruben Safrastyan BBC Azərbaycancaya deyib ki, Ermənistanın humanitar yardım göndərməsi və bunun üçün quru sərhədin açılması “çox normal, çox yaxşı” addım olsa da, bu hadisənin siyasətə təsir edəcəyini düşünmür.





“Türkiyənin Ermənistanla bağlı işlənib hazırlanmış siyasəti var və 30 ildən bəri bu siyasət yeridilir. Bu siyasət artıq mövcuddur və tətbiq olunur. Vaxt tələb olunur ki, Türkiyə 30 ildən çox yeritdiyi siyasətini, əgər istəyirsə, dəyişsin. Lakin siyasəti dəyişmək haqqında fikirləşməyin vaxtı deyil”, - Ruben Safrastyan deyib.





Türkoloqa görə, Türkiyə “öz milli maraqları, öz siyasi niyyətləri naminə Ermənistana dair siyasətinin dəyişməsi qərarına gəlsə”, Azərbaycan amili ona mane olmayacaq.





“Əlbəttə, bu siyasət dəyişikliyini Azərbaycana hərtərəfli izah etməyə çalışar. Lakin Türkiyədə Ermənistanla taktiki, strateji cəhətdən münasibətlərin tənzimləməsinə qərar vermək istəsələr, Azərbaycan amili həlledici rol oynamaz”, - Ruben Safrastyan əlavə edib.


(BBC)