Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Böyük Millət Məclisinə kim rəhbərlik edəcək?

İyunun 7-si Türkiyənin yeni parlamentində sədr seçkisi başlayır. Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası sədr postuna Numan Kurtulmuşu namizəd göstərib.

1959-cu il təvəllüdlü Numan Kurtulmuş 1998-ci ildən Fəzilət Partiyasının üzvü olub, 2001-ci ildə Səadət Partiyasına qoşulub, 2008-ci ildən həmin quruma sədrlik edib. 2010-cu ildə Xalqın Səsi Partiyasını yaradıb. 2012-ci ildə Xalqın Səsi Partiyası Ədalət və İnkişaf Partiyasına birləşib. Hazırda Numan Kurtulmuş partiya sədrinin müavinidir.

2014-2017-ci illərdə baş nazirin müavini, 2017-2018-ci illərdə mədəniyyət və turizm naziri postlarını tutub.

2015, 2018 və 2023-cü illərdə parlamentin üzvü seçilib.

Mayın 14-də seçilmiş 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyası 263 mandata sahibdir. Ona dəstək verən Milliyyətçi Hərəkat Partiyasının 50, Yenidən Rifah Partiyasının 5, Hür Dava Partiyasının 4, Demokratik Sol Partiyanın 1 mandatı var.

Cümhuriyyət Xalq Partiyası qanunverici orqanda 130, Yaxşı Partiya 43, Demokratiya və Sıçrayış Partiyası 15, Gələcək Partiyası 10, Səadət Partiyası 10, Demokrat Partiyası 3, Türkiyə İslahat Partiyası 1 mandatla təmsil olunur.

Yaşıllar və Sol Gələcək Partiyası 58, Türkiyə Fəhlə Partiyası 4, Əmək Partiyası 2, Ümumi Azadlıqlar Partiyası 1 mandatla göstərilir.

Türkiyə Böyük Millət Məclisinin sədri seçilmək üçün ilk iki turda 400 səs, üçüncü turda 301 səs tələb olunur.

Parlament seçkisi ilə eyni gündə prezident seçkisi də keçirilib. İlk turda qalib müəyyənləşməyib, mayın 28-də – ikinci turda Ədalət və İnkişaf Partiyasının lideri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan üstün gəlib, iyunun 3-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da və 2018-ci il iyunun 24-də prezident seçilib.

2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısı sayılır.