Suriyanın islamçı hakimiyyəti "Taliban"ın idarəetmə modelindən çəkinir
26 Dekabr 2024
Əfqanıstanın "Taliban" hökuməti "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupundan olan islamçıları Suriyada Bəşər əl-Əsəd hökumətini devirmələri münasibətilə təbrik edib.
Dekabrın 8-də HTŞ döyüşçüləri paytaxt Dəməşqi ələ keçirincə, "Taliban" onların "suveren və xidmətyönlü" İslam hökumətinin təməlini atacaqlarına ümid bəslədiyini bildirmişdi.
Ancaq Əsəd hökumətinin devrilməsindən iki həftə keçəndən sonra yaranan təəssürat budur ki, HTŞ özünü "Taliban"ın yönəltmə üsulundan ayırmağa çalışır.
HTŞ lideri, daha öncə Məhəmməd əl-Colani kimi tanınan Əhməd əş-Şaraa açıq şəkildə "Taliban"ın qadın haqları, milli barışıq və beynəlxalq ictimaiyyətlə münasibətlərə ekstremist yanaşması ilə müqayisədə mötədil siyasət yürüdəcəyinə söz verib.
Çoxlu fərq var?
"Suriya ilə "Taliban" arasında çoxlu fərq var. Bizim idarəetmə yolumuz başqadır", - əş-Şaraa ötən həftə BBC-yə belə deyib.
Əhməd əş-Şaraa deyib ki, onun hökuməti qadınların təhsil almasına imkan verəcək. O bildirib ki, Suriyanın şimal-qərbində yerləşən və son səkkiz ildə HTŞ-nin idarə etdiyi İdlib şəhərində universitet tələbələrinin 60 faizindən çoxu qadınlar olub. Əş-Şaraa xristian qadınların baş örtüyü taxmağa məcbur edilməyəcəyini də söyləyib.
"Taliban" 2021-ci ilin avqustunda - paytaxt Kabili ələ keçirməsindən bircə ay sonra, yeniyetmə qızların 7-ci sinifdən yuxarı oxumasını yasaqlayıb. Bu hökumət 2022-ci ilin dekabrında qadınların universitet və peşə təhsili almasını da qadağan edib.
Daha öncə - 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" şəriət qaydalarına dayanan sərt rejim qurmuşdu. 2001-ci ildə ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya devirsə də, "Taliban" qiyamçı qüvvə kimi yenidən təşkilatlandı və 2021-ci ildə ABŞ ilə NATO qoşunları ölkədən çıxınca, bir daha hakimiyyəti ələ keçirdi.
AzadlıqRadiosunun əməkdaşı Əbu-Bakar Siddikin hazırladığı materialda deyilir ki, "Taliban" liderləri bu qadağalara əl atarkən şəriət qanununun marginal təfsirinə əsaslanıblar. İstər dünya ictimaiyyəti, istərsə ölkə daxilində bir çoxları bu qadağalara qarşıdır.
"Taliban" döyüşçüləri Kabildə əfqan qadınların etiraz aksiyasını dağıdırlar
Di gəl, HTŞ də qadınlara tam azadlıq verilməsinin tərəfdarı deyil, müxtəlif qadağa və məhdudiyyətləri gözdən keçirir. "Qadınların məhkəmə hakimiyyətində təmsil olunmasına gəlincə, bu, tədqiqatçı və mütəxəssislərin araşdırmalı olduğu mövzudur", - HTŞ-nin rəhbərlik etdiyi müvəqqəti hökumətin sözçüsü Obayda Arnautun sözləridir.
Arnautun parlament və hökumətdə qadınların çalışmasına dair fikirləri də buna bənzərdir.
Onun açıqlamaları qadın haqları fəallarının etirazını doğurub. Onlar islamçı qrupun dini qanunlara əl atacağı barədə xəbərdarlıq ediblər.
HTŞ-nin başlıca siyasi mesajı
HTŞ-nin əsas siyasi mesajı Suriyanın müxtəlif etnik, dini və məzhəb qrupları arasında birlik və barışıqdır. Bu qrupların bir çoxu 2011-ci ildən bəri davam edən qanlı vətəndaş müharibəsində vuruşub.
İslamçı HTŞ qurduğu keçid hökumətinə öz liderləri arasından seçilmiş şəxsləri təyin edib.
Ancaq qrupun lideri əş-Şaraa milli barışıq və inklüziv hökumət institutları yaradılacağına söz verib.
"Suriya hamının ölkəsidir və biz birlikdə yaşaya bilərik", - o, dekabrın 22-də jurnalistlərə belə deyib.
HTŞ lideri hətta keçmiş yüksəkvəzifəli baasçı liderlərdən birini və keçmiş vitse-prezident Faruk əl-Şaraanı paytaxtda keçiriləcək Milli Dialoq Konfransına qatılmağa dəvət edib. O, dəfələrlə söz verib ki, hər kəsə uyğun konstitusiya üçün birlikdə çalışacaqlar.
Bu, 2021-ci ildən bəri hakimiyyəti tam ölçüdə əlinə alan "Taliban"ın davranışından fərqli təsir bağışlayır. "Taliban" mollalarının rəhbərlik etdiyi teokratik hökumət "Taliban"dan olmayan əfqanlardan ehtiyat edir və konstitusiya yazmaqdan boyun qaçırır.
2021-ci ilin sentyabrında müvəqqəti hökumət yaratsa da, "Taliban"ın nə zamansa bütün əfqanlar üçün uyğun olan inklüziv milli hökumət quracağını göstərən hər hansı əlamət yoxdur.
BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşür.
Hələ ki, yaxşı təəssürat var
Beynəlxalq ictimaiyyət Suriyadakı keçid proseslərini və HTŞ-nin öz həmvətənlərinin istəklərinə necə cavab verməsini yaxından izləyir.
Əş-Şaraanın gələcək hökumət, terrorçuluğa qarşı fəaliyyət və xarici siyasət məsələlərini müzakirə etmək üçün Dəməşqdə onunla görüşən diplomat və xarici rəsmi şəxslərdə yaxşı təəssürat oyatdığı bildirilir.
Göründüyünə görə, onun bu davranışı əvəzsiz qalmır. Dekabrın 20-də Vaşinqton əş-Şaraanın başına qoyulan 10 milyon dollarlıq mükafatı qaldırıb. Suriyanın yeni lideri ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyaların tezliklə aradan qaldırılmasına çalışır.
"Ölkəmizi irəli aparmaqdan ötrü sanksiyalar tezliklə aradan qaldırılmalıdır", - o dekabrın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə jurnalistlərə belə deyib.
Əfqanıstanda "Taliban" liderlərinin çoxu BMT və ABŞ-nin sanksiya siyahılarında qalmaqdadır. Bəzi liderlər də qadınların təhsilinə qadağa qoyduqlarından və digər insan haqları pozuntularına görə yeni səyahət qadağaları ilə üzləşiblər.
HTŞ Suriyada hakimiyyətini möhkəmləndirməyə davam edərkən, Qərb rəsmiləri və diplomatları bu silahlı qruplaşmanın sözünə inanmaqda ehtiyatlı davranırlar.
""Taliban" Əfqanıstana nəzarəti ələ keçirərkən daha mötədil sifət nümayiş etdirmişdi, ən azı, buna çalışmışdı. Ardınca onun gerçək siması üzə çıxdı… Nəticədə "Taliban" dünyada dəhşətli dərəcədə təklənmiş durumda qalıb", - ABŞ dövlət katibi Antoni Blinken dekabrın 18-də Nyu-Yorkdakı Xarici Əlaqələr Şurası beyin mərkəzində belə deyib.