NATO təyyarə qəzasının səbəblərini hərtərəfli araşdırmağa çağırıb
26 Dekabr 2024
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz və dualarımız "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq",- məlumatda qeyd edilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.