Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şoyqu-Ostin, Gerasimov-Milli – ABŞ və Rusiya hərbi rəhbərliyi arasında intensiv danışıqlar

Rusiya və ABŞ Müdafiə nazirləri Sergey Şoyqu və Lloyd Ostin, eləcə də Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli arasında telefon danışığı olub.

Pressklub.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər bir gün əvvəl Rusiyanın Su-27 təyyarəsinin ABŞ-ın kəşfiyyat dronunu Qara dəniizdə batırmasını müzakirə ediblər.

Şoyqu telefon danışığı zamanı iddia edib ki, Qara dənizdə dronun suya düşməsi ilə bağlı insidentin səbəbi ABŞ-ın Rusiya Federasiyası tərəfindən xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı elan etdiyi uçuşların məhdudlaşdırılması zonasına əməl etməməsi olub. Bundan başqa, Şoyqu Ostinə ABŞ-ın kəşfiyyat fəaliyyətinin gücləndirilməsi kimi hərəkətlərinin Rusiyanın maraqlarına zidd olduğunu söyləyib.

"Rusiyalı nazir qeyd edib ki, Amerika PUA-sının Krım sahillərində uçuşları təxribat xarakteri daşıyır və Qara dəniz zonasında eskalasiya üçün ilkin şərtlər yaradır.

Rusiya Federasiyası hadisələrin bu cür inkişafında maraqlı deyil, lakin bütün təxribatlara mütənasib şəkildə cavab verməyə davam edəcək", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.

Öz növbəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, ABŞ hərbi təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.

"Dəfələrlə qeyd etdiyim kimi, böyük dövlətlərin şəffaflıq və ünsiyyət modeli olması vacibdir. ABŞ beynəlxalq hüququn icazə verdiyi istənilən yerdə uçuşlarını davam etdirəcək", - Ostin bildirib.

O, Şoyqu ilə söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib, ABŞ-ın Ukrayna ətrafında eskalasiya riskinə ciddi yanaşdığına diqqət çəkib.

Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti bildirib ki, Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” pilotsuz təyyarəsinin qarşısını almağa cəhd edib.

“Su-27”lərdən biri “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub.