Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmalıdır - NATO

“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında deyib.

Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı deyib ki, dialoq ziddiyyətlərin nizamlanması üçün zəruridir. “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”, - Stoltenberq vurğulayıb.

O, qeyd edib ki, Rusiyanın NATO ilə diplomatik əlaqələri kəsməsi dialoqu çətinləşdirir. NATO baş katibi Rusiyanı missiyalarının bərpasına dəvət edib. Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib.

"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - o deyib.

Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyaya birbaşa rabitə xətti yaratmağı təklif edir.

“Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarımızdan tam istifadə etməliyik”, - deyə Y. Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahatlıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.

“Rusiya həmçinin ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməldirlər”, - deyə Y. Stoltenberq bildirib.