Rusiya: Qeyri-sabitlik Putin üzərində təzyiqləri artırır
27 İyun 2023
Həftəsonu baş verən qarışıqlıqlardan sonra əks istiqamətlərə baxan ikibaşlı qartalın niyə Rusiyanın milli simvolu olduğunu anlamağa başlamışam.
Yevgeni Priqojin öncə bəyan etdi ki, o, Rusiya ordusuna qarşı qaldırdığı üsyanda “sonadək irəliləyəcək”. Lakin qəfl geri addım atan Priqojin Vaqner döyüşçülərinə geri çəkilmə əmri verdi.
Televiziya ilə müraciətində Prezident Vladimir Putin qiyamı “cinayətkar addım… ağır cinayət… xəyanət… şantaj və terrorçuluq” kimi təsvir etdi. Bir neçə saat sonra isə Priqojinlə əldə edilən razılaşmanın bir hissəsi kimi Vaqner liderinə qarşı qaldırılan bütün cinayət işlərinin ləğv olunduğu üzə çıxdı.
Kreml rəhbərinin qarışıq mesajları Rusiyada qeyri-müəyyənlik yaradır və insanların Prezident Putinlə bağlı təsəvvürlərini dəyişir.
“O, açıq şəkildə zəif görünür”, Nezavisimaya Gazeta nəşrinin baş redaktoru və qurucusu Konstantin Remçukov deyir.
“Sənin ümumxalq bəyanatında cinayətkar adlandırdığın şəxslər barədə mətbuat üzrə müşavirin həmin günün sonunda onların cinayət məcəlləsini pozmadığını bildirir”, - Remçukov qeyd edib.
Rusiyanın iqtisadi məsələlər üzrə keçmiş naziri Andrey Neçayev də eyni məqama toxunur.
Sosial mediada paylaşdığı postda Neçayev bildirir ki, “hüquq bütün qüvvəsini itirib. Siyasi maraqlar naminə hətta ağır cinayətlər də cəzasız qalır. Səhər siz satqın elan edilə bilərsiniz, lakin axşam əfv olunacaqsınız və haqqınızda olan bütün cinayət işi ləğv ediləcək. Ölkə böyük dəyişikliklər astanasındadır”.
Böyük dəyişikliklər? Sərt proqnozdur. Əgər dəyişikliklər baş verəcəksə, Vaqner üsyanı buna səbəb ola bilərmi? Razılıq əldə olunub və üsyan dayanıb. Lakin üsyanın Rusiya ordusunun Ali baş komandanı olan Prezident Putinin Ukraynadakı müharibəyə nəzarət etdiyi dövrə təsadüf etməsi Kreml rəhbəri üçün utancvericidir.
Gələn il Putinin prezidentlik müddətinin başa çatacağını da diqqətdən qaçırmamalıyıq.
“Hazırda bütün elit təbəqə 2024-cü ildəki prezident seçkisi barədə düşünür”, Remçukov bu qənaətdədir.
“Hərbi çevriliş cəhdinə qədər Vladimir Putinə etibar edən elit təbəqə özlərinə sual verəcəklər, görəsən Rusiya liderinə bir daha etibar etməliyikmi? Yoxsa, onlar problemlərin həllinə daha müasir yanaşan yeni birisi barədə düşünməlidirlər?”, - Remçukov sual edir.
Prezidentliyə “yeni birisi” barədə Rusiyanın elit təbəqəsinin açıq şəkildə apardığı müzakirəni eşitməyiniz normaldır. Lakin bu. Kremldə dəyişiklik olacağı anlamına gəlmir.Hakimiyyətdə olduğu 23 il ərzində Vladimir Putinin mükəmməl yerinə yetirdiyi yeganə məsələ siyasətdə mövcudluq ənənəsidir.
Lakin ötən il onun Ukraynaya qarşı geniş miqyaslı işğala başlaması qərarı onun öz ölkəsində qeyri-sabitliyi tətikləyən amil oldu: iqtisadi problemlərdən Rusiyanın regionlarına edilən dron hücumlarına kimi, Rusiyanın Ukrayna ilə sərhəd ərazilərinin bombalanmasından kəşfiyyat-təxribat qrupunun Rusiya daxilinə irəliləməsinə kimi və indi Vaqner qrupunun silahlı üsyanı da bura daxildir.
Bütün bunlar Kreml lideri üzərində təzyiqləri artırır.
Prezident Putindən nələrisə yanlış etməsi barədə etiraf gözləməyin. Səhvlərini və yanlış hesablamalarını qəbul etmək onun stili deyil.
Bəs Rusiya prezidentinin növbəti addımı nə olacaq?
İlk ipucu kimi, bəlkə də Rusiya Dövlət Televiziyasının bazar günü yayımladığı son buraxılışı qəbul edə bilərik. Vaqner üsyanı barədə reportaj verən aparıcı Putinin köhnə müsahibəsindən çıxarışı verdi:
"Bağışlaya bilirsinizmi?"
"Bəli. Amma hər şeyi yox."
"Nəyi bağışlaya bilmirsiniz?"
"Xəyanəti."
Görəsən, Yevgeni Priqojin baxırdımı? (BBC)