Yarımçıq imperiya: Rusiya mövcudluğunu qoruya biləcəkmi?
İmperiya tərəfdarları ilə yanaşı rus liberalları da xalqların azadlığı ideyasını qəbul etmirlər
30 Oktyabr 2024
Sovet dövründə ideoloji təbliğat maşını geosiyasət nəzəriyyəsini burjua təlimlərinin bir hissəsi kimi təqdim və tənqid edirdi. Kremlin geosiyasət nəzəriyyəsinə bu yanaşması xalqları beynəlxalq münasibətlərin tərkibi olmaq istəyindən çəkindirməyə məqsədi daşıyırdı. Kremldə belə hesab edirdilər ki, yalnız rus xalqı beynəlxalq münasibətlərin tərkibi ola bilər.
Sovet ittifaqının dağılmasından sonra da Moskvanın keçmiş müstəmləkələrinə münasibəti dəyişmədi. Moskvanın yanaşması belə idi ki, keçmiş müstəmləkələri müstəqillik əldə etsələr də, bu müstəqillik formal xarakter daşımalı və beynəlxalq münasibətlərdə əsas söz sahibi Rusiya olmalıdır. Moskvanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya qarşı müharibəsi bu respublikaların Moskvanın müəyyən etdiyi qaydaya tabe olmaq istəməyərək beynəlxalq münasibətlərin tam hüquqlu üzvü olmaq niyyətinin qarşısını almağa yönəlmişdi. Buna görə də, Gürcüstana və Ukraynaya hərbi müdaxiləni Rusiya diktatoru Putinin siyasətinin nəticəsi ilə bağlamaq çox yanlış olar.
Rusiyanın müstəmləkəçilik siyasəti Rusiya dövlətinin formalaşma qaydasından qaynaqlanır. Putinin iqtidarı ələ keçirməsindən illər öncə - 1997-ci ildə Aleksand Duqin nəşr etdirdiyi “Geosiyasətin əsasları: Rusiyanın geosiyasi gələcəyi” kitabında Ukraynanın bir dövlət kimi mövcudluğunun geosiyasi anlamı olmadığı irəli sürmüşdü. Duqinə görə, Ukrayna iki sivilizasiya - “Avrasiya” və “Atlantizm” arasında “sanitar bölgə” olmalıdır. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının dəstəyi ilə nəşr olunmuş “Geosiyasətin əsasları: Rusiyanın geosiyasi gələcəyi” kitabı Akademiyada dərslik kimi istifadə edilir.
Makiavellinin “Şahzadə” (“Hökmdar”) əsəri ilə müqayisə olunan bu kitabda ABŞ və Sovet İttifaqı arasındakı qarşıdurma iki ideologiyanın toqquşmasından daha çox “Avrasiya” və “Atlantizm” sivilizasiyalarının qarşıdurmasının nəticəsi kimi təqdim edilir. Kitabın Rusiyanın siyasi və hərbi elitasının strateji baxışına ən çox təsir edən əsər olması da avrasiyaçılığın rusların geosiyasi dünya görüşünün əsasını təşkil etməsi ilə bağlıdır.
Təxminən eyni fikirlər Vadim Tsımburskinin “Rusiya adasına qayıdış” əsərinin də əsasını təşkil edir. Tsımburski də Duqin kimi Rusiyanın əlahiddə bir sivilzasiya olduğu dünyagörüşünü müdafiə və Avropanın bir hissəsi olması fikrini rədd edir. Rusiyanın əlahiddə sivilzasiya olduğunu irəli sürən bu şəxslər onu kənar təsirlərdən qorumaq üçün məhdud suverenliyə malik “bufer dövlətlər”lə əhatə olunmasının zəruriliyini qeyd edirlər. Ukraynaya isə əsas bufer dövlət kimi baxılır. SSRİ-nin dağılmasının XX əsrin ən böyük geosiyasi fəlakəti olması, Rusiyanın sivilizasiya koduna müdaxilə edilməsi fikirləri də Rusiyanın əlahiddə sivilizasiya kimi qəbul edilməsindən qaynaqlanır. “Anqlosakslar”ın, “kollektiv Qərb”in davamlı təhlükə mənbəyi olaraq göstərilməsi, Rusiyaya zərər vurmağa çalışan vahid iradənin mövcudluğu haqqında konsprioloji nəzəriyyələr Rusiyanın əlahiddə sivilizasiya olması fikrinin rus düşüncəsinin məhsuludur. Rusiyanın hərbi-siyasi elitası SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” kimi qəbul etsə də, onun nəticələri ilə tam barışmaq istəmir. Yəni, Rusiya keçmiş sovet respublikalarının BMT-də təmsil olunmasını qəbul etsələr də, bu respublikaların BMT-də səsvermə də daxil olmaqla, beynəlxalq münasibətlərdə Moskvanın mövqeyindən fərqli mövqe nümayiş etdirmələrini qəbuledilməz hesab edirlər.
Moskvanın qaydalarına əməl etmək istəməyən respublikalar dərhal “anqlosaks layihəsi”, “anti-Rusiya layihəsi” elan olunaraq məhv edilməyə başlayır. Ukrayna ətrafında Rusiyanın başlatdığı ideoloji-informasiya müharibəsinin təməlində də əsasən bu ittihamlar dayanır. Rusiya “intellektualları” Ukraynanın əvvəldən anti-Rusiya layihəsi kimi düşünüldüyü barədə fikirləri əsaslandırmaq üçün çoxsaylı məqalələr, kitablar yazıblar. Həmin “intellektuallardan” biri olan sosioloq Aleksey Levinson hesab edir ki, Rusiya əgər müharibəyə başlayıbsa, məsələləri sona çatdırmalıdır. Bu “son” isə çox mücərrəd hədəfdir və Rusiya üçün “son”un nədən ibarət olduğu tam aydın deyil.
Bütün bunlar rusların ikinci imperiyası olan SSRİ-nin yarımçıq dağılmasının nəticəsidir. İmperiyadan qopmalar olsa da, Rusiya Federasiyası adlandırılan yeni dövlət nüvə varlığını qoruyub saxlayıb. SSRİ-i dağılanda “müttəfiq” statuslu respublikalar müstəqillik qazansa da, Rusiyanın müstəmləkələrinin əksəriyyəti Moskvanın idarəçiliyi altında qaldı. Qırğızıstan və ya Tacikistan müstəqillik qazansa da, Tatarıstan və Yakutiyaya münasibətdə bu hüquq tanınmadı.
Rusiyanın “avrasiyaçılıq” adı verdiyi müstəmləkəçilik siyasətinin davam etməsinin də səbəbi imperiyanın dağılmasının yarımçıq qalmasıdır. Yarımçıq dağılmış imperiya isə yaşmaq qabiliyyətini saxlamaq üçün ondan qopmuş parçaları - müstəqil respublikaları yenidən özünə birləşdirməkdən imtina edə bilməz. Rusiyanın tarixi ənənəsi də imperiyadan qopmuş parçaların geri qazanıla biləcəyinə inam yaradır. Çünki 1917-ci ildə Rusiya İmperiyasının dağılması nəticəsində müstəqillik qazanan Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya qısa azadlıqdan, Estoniya, Latviya və Litva isə iki on illik müstəqillikdən sonra Moskvanın hakimiyyəti altına alınmışdı. Bu isə Rusiya İmperiyasının SSRİ-i adı ilə ömrünü daha 70 il uzatmağa imkan vermişdi.
Rusiyada çox yaxşı anlayırlar ki, imperiya yarımçıq vəziyyətdə uzun müddət mövcudluğunu qoruya bilməz. İndi imperiyanın üzləşdiyi dilemma belədir: ya tamamilə dağılacaq, ya da qlobal müharibəyə səbəb olana qədər öz mövqeyini bərpa etmək cəhdi ilə genişlənməyə davam edəcək. SSRİ-nin dağılması tarixi inkişafın obyektiv qanunauyğunluğunun nəticəsi hesab olunursa, Rusiya Federasiyasının tərkibindəki xalqların da öz müqəddəratını təyin etmə hüququ tanınmalıdır. Türkmənlərin, taciklərin istifadə etdikləri öz müqəddəratını təyin etmə hüququnun çeçen, tatar, buryat və digər xalqlara tanınmamasını hüquq və çağdaş dəyərlə əsaslandırmaq mümkün deyil.
Təəssüf ki, Rusiya Federasiyasındakı onlarla xalqın öz müqəddəratını təyin etmə hüququn olduğunu imperiya tərəfdarları ilə yanaşı rus liberallarının böyük əksəriyyəti də qəbul etmirlər. Halbuki, Rusiyanın formalaşma qaydası dəyişməyənə qədər onun demokratik bir dövlətə çevrilməsi mümkün deyil. Rusiya iqtidarının yarımçıq imperiyanı bütövləşdirmək siyasəti faydasız və zərərli olduğu kimi, liberalların da yarımçıq imperiyanın bütövlüyünü qorumaq istəyi nəticəsiz olacaq.
Ukraynaya qarşı cinayətkar müharibəyə görə Rusiya beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan daha çox təcrid edildikçə, yarımçıq imperiyanın ölümü daha da yaxınlaşır.