Rusiya aktivlərindən əldə edilən 35 milyard avro Ukraynaya veriləcək
10 Oktyabr 2024
Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər müqabilində Kiyevə 35 milyard avro məbləğində kreditin verilməsi mexanizmini razılaşdırıblar və Aİ Şurasında bu kredit xəttinin təsdiqi üçün yazılı prosedura başlanılıb.
Bu barədə Macarıstanın Aİ Şurasına sədrliyi məlumat verib.
Aİ Şurasında yazılı proseduru başa çatdırmaq və bu kreditin yekun təsdiqini almaq üçün o, Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
35 milyard avroluq kredit ümumi məbləği 45 milyard avro olan kredit xəttinin bir hissəsini təşkil edəcək.
Həmçinin, Rusiyaya qarşı əsas sanksiyalar mexanizmlərini tamamlayan iki sənədin təsdiqi üçün də prosedura başlanılıb.