Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rasim Məmmədov saxlanıldı: Direktor müavinini söyüb, anbardara zərbələr endirib... -VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti özünü “İctimai Nəzarət Koalisiyası” adlı ictimai birliyin sədri kimi təqdim edən Rasim Məmmədovun həbsi barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan müəssisənin direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb, ondan çölə çıxmasını tələb edib.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrarən onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

"Onu da qeyd edək ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər", - məlumatda bildirilir.

***

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov Sumqayıtda keçirilən xüsusi əməliyyatla saxlanılıb. Musavat.com qara maskalı polislərin onu necə yaxaladığına dair görüntüləri də təqdim edib.

Bildirilir ki, Rasim Məmmədov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılıb, şikayətlərin məzmunu haqda məlumat yoxdur. Amma ehtimal etmək olar ki, söhbət dələduzluq barədə şikayətlərdən gedir. Çünki Rasim Məmmədov özünü “ictimai nəzarətçi” kimi təqdim edərək ən müxtəlif qalmaqalları “həll etməklə”, dələduzluq və reketlik fəaliyyəti ilə məşğul idi.



Onun bacısı Nailə Məmmədova isə Bakının Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbin direktoru olub. N.Məmmədova ona sərt karantin günlərində evində çoxsaylı qonaqların iştirakı ilə ad günü məclisi keçirmişdi və bu məclisdən video sosial şəbəkələrdə yayılmışdı.



Və bu video ilə bağlı ona  zəng vuran jurnalisti təhqir edən səs yazısına görə qalmaqalın qəhrəmanına çevrilmişdi. Sonradan o, direktor vəzifəsindən uzaqlaşdırıldı.