“Qardaş Köməyi” platformasının rəhbərliyi zəlzələ bölgəsinə gedib
21 Fevral 2023
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan qardaş ölkə olaraq, öz borcunu yerinə yetirməkdə, yardımları davam etdirməkdədir.
Fəlakətdən dərhal sonra Bakıda yaradılmış “Qardaş Köməyi” platforması bu işdə aparıcı rol oynayır. Fevralın 20-də platformanın rəhbərliyində təmsil olunan bir qrup şəxs fəlakət bölgəsinə səfər edib.
Pressklub.az-ın məlumatına görə, Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş digər ərazilərdə olmağı planlaşdıran nümayəndə heyəti sakinlərlə və dövlət, ictimai qurumlarla görüşüb, dəstək üçün fikir mübadiləsi aparacaqlar.
Türkiyə Muharib Qazilər Dərnəyinin sədri Beyazid Yumuk platformanın təsisçilərindən olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli ilə Adana hava limanında görüşüb və dağıntılar olan əraziyə birlikdə səfər ediblər.
Emin Həsənlinin sözlərinə görə, fəlakət bölgəsinin insanlarında məyusluqla yanaşı bir ümid də var.
“Beyazid Yumuk qeyd etdi ki, Türkiyə hər zaman çətinliklə qarşılaşıb və həmişə də bu çətinliklərə qalib gəlib. Bu çətinliyin də öhdəsindən gələcək. Biz AFAD-ın qərargahında olacağıq. Görülən işlərlə tanış olacağıq və qardaşlarımızla birlikdə daha hansı işləri görə biləcəyimizi müzakirə edəcəyik. Allah zəlzələ zamanı vəfat edənlərə rəhmət etsin, yaralılara şəfa versin. Burda görüşdüyümüz hər kəs Azərbaycanın ən ağır zamanda Türkiyənin yanında olmasını məmnunluqla qeyd edir və Azərbaycan xalqına, Azərbaycan Prezidentinə minnətdarlığını bildirir”.