Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putini öz prezidentləri sayanlar - Rusiya Qazaxıstan separatçısına sığınacaq verib

Qazaxıstanda özünün sosial media platformaları ilə separatçılığı və ictimai nifrəti təbliğ etdiyinə görə axtarışda olan Maksim Yakovçenko Rusiyada sığınacaq alıb.

AzadlıqRadiosunun Qazax xidmətinin xəbərində deyilir ki, beləliklə də Yakovçenkonun Rusiyadan ekstradisiyası onun qaçqın statusuna görə mümkün olmayacaq.

Qazaxıstan polisinin məlumatına görə dekabrın 1-də Yakovçenkonun Rusiyanın Rostov vilayətində olduğu aşkar edilib:

“Hazırkı vaxtda şübhəlinin ekstradisiyası baş tutmayacaq, çünki o hazırda qaçqın statusu ilə RF ərazisindədir”.

Maksim Yakovçenko 2022-ci ilin əvvəllərində özünün sosial media səhifələrində yazdığı postlarda bildirirdi ki, “Uralsk, Petropavlovsk, Pavlodar və sair yerlər Rusiyaya verilməlidir”.



Evini satıb və gedib


Daha sonra bu postların skrinşotlarını öz səhifəsində jurnalist Lukpan Axmedyarov dərc etmişdi. O hazırda bu iş üzrə şahid qismində keçir.

Bu skrinşotların dərcindən sonra Yakovçenkoya qarşı iki maddə - “separatçılıq” və “millərlərarası ixtilafı qızışdırmaq” ittihamları üzrə cinayət işi açılmışdı.

İş məhkəməyə verilmiş, amma dilindən ölkəni tərk etməyəcəyinə dair yazılı iltizam alınmış Yakovçenko Uralsk şəhərindəki evini satmış və prokurorluğun məlumatına görə Qazaxıstandan Rusiyaya getmişdi.

Məhkəmənin sədri Nayla Junusovanın qərarı ilə Yakovçenko axtarışa verilmişdi. Ötən oktyabrda prokuror da Yakovçenkonun axtarışa verildiyini bildirmişdi. Yakovçenko məhkəmənin birinci iclasına gəlməmişdi.

Bədnam "Z" simvolu və başqa separatçılar...


AzadlıqRadiosu yazır ki, Yakovçenko Qazaxıstanda Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməkdə və separatçılıqda ittiham olunan ilk şəxs deyil.

Ötən ilin avqustunda Karakanda vilayətinin Saran şəhərində məhkəmə bir yerli sakini 7 sutkalıq həbs etmişdi.

Polisin məlumatına görə o tank abidəsinə “Z” nişanı çəkmişdi. “Z” Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək simvolu sayılır.

Ötən oktyabrda Karaqandada “milli ixtilafı qızışdırdığına” görə daha bir nəfər saxlanmışdı.

O internetdə yaydığı videoda qazaxları və Qazaxıstan rəhbərliyini küçə söyüşləri ilə təhqir etmişdi.

Putini öz prezidenti sayanlar


Elə həmin vaxt Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan departamenti yerli sakin olduqları düşünülən iki qızın danışıqları ilə “maraqlanmışdı”.

Onlar internet çatında Petropavlovskı “əsl rus torpağı”, Vladimir Putini isə öz prezidentləri hesab etdiklərini yazmışdılar.

Daha sonra qızlarla MTK-da “söhbət” aparıldığı bildirlmişdi.

Və nəhayət fevralın 14-də yayılan videoda bloger olduğu güman edilən şəxs Uralsk sakinlərinə “Krım kimindir” və “Qazaxıstada Ukraynada olduğu kimi xüsusi hərbi əməliyyat keçirilərsə kimin tərəfində olacaqsınız” kimi suallar verilirdi.

Qərbi Qazaxıstan polis departamentinin məlumatında deyilir ki, prokurorluq bu video ilə bağlı cinayət təqibinə başlamaqdan imtina edib.

Lakin eyni zamanda polis “həmin blogerin” üzrxahlıq etdiyi videoçarx yayıb.

Belə görünür ki, Qazaxıstan hakimiyyəti hazırda Rusiya ilə münasibətlərin korlanmasını istəmir.