Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peyvənd olunmayan taksi sürücüləri cəzalandırıldı

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan 20-dən artıq sürücü cərimə edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 20-dən artıq sürücü və sərnişin barəsində protokol tərtib edilib.