Britaniya Ukrayna üçün ballistik raketlərin hazırlanacağını açıqlayıb
12 Yanvar 2026
Böyük Britaniya Ukrayna üçün 500 km-dən çox mənzilə malik yeni "Nightfall" ballistik raketləri hazırlayacaq.
Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, 200 kiloqramlıq döyüş başlığına malik yüksək dəqiqlikli "Nightfall" raketləri müxtəlif platformalardan buraxıla biləcək. Bir raketin istehsalının maksimal dəyəri 800 min funt sterlinq (təxminən 1,1 milyon ABŞ dolları) olacaq.
Bəyanatda vurğulanıb ki, Britaniya Müdafiə Nazirliyi üç sənaye qrupunu seçəcək və onlarla 9 milyon funt (12,1 milyon ABŞ dolları) məbləğində müqavilələr bağlanacaq. Bu müqavilələr raketlərin layihələndirilməsi, hazırlanması və ilk üç raketin 12 ay ərzində təhvil verilməsi üçün nəzərdə tutulub. Bunun ardınca sınaqlar keçiriləcək. Tenderdə iştirak üçün ərizələrin təqdim edilməsi üçün son tarix 9 fevral 2026-cı ildir.
Raketlərin hazırlanması üzrə müqavilələrin mart ayında bağlanması planlaşdırılır.