Pentaqondan sızmalar: Niyə 21 yaşlı hərbçinin dövlət sirlərinə girişi var idi?
17 Aprel 2023
BBC müxbiri Mike Wendling 21 yaşlı ehtiyatda olan kiçik zabitin ABŞ-ın çoxlu məxfi sənədlərinə necə giriş əldə etdiyini araşdırır. Araşdırmanı aşağıda oxuya bilərsiniz:
Məxfi kəşfiyyata giriş əslində göründüyü qədər nadir hadisə deyil.
Cümə günü məhkəmə qarşısına çıxan Jack Teixeira ABŞ Milli Hava Qvardiyasında Kiber Nəqliyyat Sistemlərinin işçisi idi.
ABŞ Hərbi Hava Qüvvələrinin saytında müvafiq vakansiyanın təsviri üçün minimum tələbləri göstərir.
Onların arasında tam orta təhsilli olmaq və hərtərəfli tərcümeyi-hal yoxlamasından keçmək də var.
Mütəxəssislər bu yoxlanışın kifayət qədər dərin olduğunu deyirlər. Bura namizədin təhsil keçmişi, maliyyə keçmişi və əlaqələrini öyrənmək, həmçinin onu tanıyan insanlarla müsahibələr daxildir.
Və hətta 21 yaşında belə, məxfilik səviyyəsi yüksək olan məlumatlara giriş əldə etmək tamamilə mümkündür.
Yeni Amerika Təhlükəsizliyi analitik mərkəzinin "Texnologiya və Daxili Təhlükəsizlik" proqramının tədqiqatçısı Alexandria Seymour deyir ki, "Onun yaşındakı insanların məxfi məlumatlara çıxışı olduqca yayılmış haldır".
Müdafiə Nazirliyinin statistikasına görə, ABŞ ordusunda həqiqi hərbi qulluqçuların təxminən yarısı 25 yaş və ya daha gəncdir.
Teixeira-nın xidmətinin təfərrüatları hələ aydın olmasa da, Seymour hesab edir ki, onun vəzifəsi böyük miqdarda kəşfiyyat sənədlərinə giriş tələb etmiş ola bilər.
"Çox vaxt onun vəzifəsində olan insanlar yüksək səviyyəli liderlərə dəstək verirlər və bu zaman onlar, həmin liderlər və ya brifinqlər üçün materiallar hazırlasalar, bu məlumatlara ehtiyacları ola bilər" deyir.
11 sentyabr hadisələrindən sonra sızma ehtimalları artıb
London Brunel Universitetinin kəşfiyyat və təhlükəsizlik üzrə baş müəllimi Dan Lomas deyir ki, minlərlə insan ABŞ ordusu və kəşfiyyat qurumlarına bu səviyyədə giriş imkanına malikdir:
"Bunun bir hissəsi analitiklərin istifadə etməsi üçün mümkün qədər çox məlumat əldə etmək istəyi ilə bağlıdır. Bu isə o deməkdir ki, siz bununla potensial olaraq sızdırıla biləcək məlumatlara çatımlılıq əldə edirsiniz".
Onun sözlərinə görə, bu təcrübə 2001-ci il sentyabrın 11-də New York və Vaşinqtonda baş verən hücumlardan sonra başlayıb, o zaman hökumətin araşdırmaları zamanı aşkar edilən əsas çatışmazlıqlardan biri ABŞ-ın müxtəlif dövlət qurumlarının kəşfiyyat məlumatları mübadiləsi apara bilməməsi olub.
Teixeira-nın məxfi sənədləri hərbi bazadan necə? elektron və ya kağız formada çıxardığı bəlli deyil. Lakin Dan Lomas qeyd edir ki, məsələn, Edward Snowden and Chelsea Manning ilə bağlı məxfiliyin daha əvvəlki pozuntuları təhlükəsizlik qaydalarına heç də həmişə ciddi əməl olunmadığını göstərir.
Milli təhlükəsizlik üzrə hüquqşünas Mark Zaid BBC-yə bildirib ki, Teixeira-nın iş xətti ABŞ kəşfiyyat xidmətlərinin saxladığı "məlumat kitabxanası" adlandırdığı Birgə Ümumdünya Kəşfiyyat Rabitə Sisteminə (JWICS) çıxışı var imiş.
Cinayət işinin materiallarına görə, o, ən azı bir neçə dəfə gizli terminallarda işləyib. Qeydlər göstərir ki, o, sənədlərin ilk dəfə keçən həftə ictimaiyyətin diqqətinə çatdırıldığı vaxtlarda "sızma" sözünü axtarırmış.
Sistemdəki boşluqlar
Cümə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Austin kəşfiyyat məlumatlarına çıxışın nəzərdən keçirildiyini açıqladı. Mətbuat konfransında o, "məxfi məlumatlara çıxışı olan hər bir ABŞ hərbi qulluqçusunun, Müdafiə Nazirliyinin mülki işçisinin və podratçının onu qorumaq və hər hansı şübhəli fəaliyyət və ya davranış barədə məlumat verməklə bağlı yüksək hüquqi və mənəvi öhdəliyi olduğunu" bildirib.
Bununla belə, Lomas hesab edir ki, ABŞ kəşfiyyatını çətin günlər gözləyir və yeni məhdudiyyətlər şöbələr arasında məlumat mübadiləsini azaldacaq.
"İnformasiya əldə etmək üçün daha güclü məhdudiyyətlər ənənəvi güclü "bilmək lazımdır" prinsiplərinə keçid deməkdir", - o deyir.
ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyir ki, ABŞ siyasətçiləri hələ də kəşfiyyat məlumatlarını yüksək vəzifəli məmurların əlində saxlamağı arzulanan hesab edirlər.
"Bunu yaymaq lazımdır, lakin bunu ağıllı şəkildə etmək lazımdır. Siz onu hər zaman hər kəs üçün əlçatan etməkdən daha ağıllı olmalısınız", - o, BBC-yə deyir.
Seymour isə deyir ki, "son nəticədə kəşfiyyat sistemi məlumatlarla işləyən insanlardan asılıdır".
"Bu, insanları məxfi məlumatlarla işləmək üçün necə öyrətdiyimiz sualını doğurur," o deyir. "Bu, sistemdə tədqiq edilməli olan boşluqları üzə çıxarır... lakin burada həmçinin, sizin insanlara qorxu üçün yox, vicdan üçün işlədiklərinə dair göstərdiyiniz etibar səviyyəsi də var".
ABŞ-ın Federal Təhqiqat Bürosunun agentinin təqdim etdiyi ifadədə deyilir ki, Teixeira bu işə girərkən "məcburi ömürlük ifşa etməmək" müqaviləsini imzalamalı və məxfi məlumatları ifşa etdiyi tədqirdə anlamalı imiş ki, o, indi onu gözləyən cinayət məsuliyyətinə cəlb olunacaq.