Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan özünü İsa məsihə bənzətdi: "Sülh gündəmimizə görə bizi söyürlər"

“Mən görürəm ki, bizim sülh istəyimizə və sülh proqramımıza görə onlar bizi çox təhqir edir və çoxlu yalanlar danışırlar".

"Münasibətlərimizi müəyyən dərəcədə pozduğumuz və ya heç olmasa onları düzəltməli olduğumuz barədə bir mesaj var və bu, İsa Məsihin aşağıdakı mesajıdır: “Sülh tərəfdarları xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Artaşatda partiya üzvləri ilə görüşündə deyib.

“Əlbəttə, mən hazırkı gündəliyimizi vurğulamağa, həmçinin sülh gündəmi haqqında danışmağa çalışıram. Mən, Xütbədən gələn daha bir mesaja diqqət etmək istərdim: “Yas tutanlar nə bəxtiyardır, çünki təsəlli tapacaqlar”. Əslində, biz yas tuturuq, çünki müharibələr zamanı minlərlə qurbanlarımızın yasını tuturuq.

Düşünürəm ki, bizim təsəllimiz sülh ola bilər. Eyni zamanda, təhlükəsiz, inkişaf etmiş, azad və xoşbəxt Ermənistan Respublikası bizim təsəllimiz ola bilər.

Fikrimcə, Xütbənin daha bir mesajı, bizim indiki vəziyyətimizə və indiki fəaliyyətimizə çox uyğundur və bu mesaj belədir: “Mənə görə sizi söyəndə, təqib edəndə və haqsız yerə hər cür şər söyləyəndə nə bəxtiyarsınız!” İsa məsih özü və davamçıları haqqında belə danışır və mən görürəm ki, bizim sülh arzularımıza və sülh proqramımıza görə onlar bizi çox söyürlər və çoxlu yalan danışırlar”, - Paşinyan özünü İsa məsihlə müqayisə edib.

Onun sözünə görə, ən çox yayılan yalan Ermənistan hökumətinin Tavuş vilayətinin 4 kəndini Azərbaycana verməyə hazırlaşdığı haqda şayiələrdir.

“Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bunu demək imkanım olub və bu gün də deyəcəyəm ki, Qızılxacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrum kəndləri bizim olmayıb və onları Bağanıs kəndi ilə qarışdırmaq olmaz”.

Çıxışına yekun vuran Paşinyan bildirib ki, onların hökumətinin adıçəkilən kəndlərin əraziləri ilə bağlı heç vaxt ambisiyaları olmayıb və yoxdur.