Köhnə bayramlar getdi, əvəzinə isə...
Martın 20-si və 21-də Novruz bayramı təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də xüsusi təntənə ilə keçirilməkdədir. İranda isə vəziyyət bu il bir qədər fərqlidir. Hələ bayrama bir həftə qalmış küçələri yeni etiraz dalğası bürüyüb. Ötən ilin sentyabrından İrandakı etirazlarda teokratik rejimə son qoyulması, azadlıqlar tələb olunub. Azı 500 nəfər öldürülüb, minlərlə saxlanan olub.
Bayramı sakit keçirə bilmək üçün Bakıya üz tutan Abbasova danışır ki, Novruz bayramı əvvəllər İranda daha maraqlı olardı, amma indi buna icazə verilmir.
"Kiminsə evində yas düşübsə, gedib qonum-qonşu ziyarət edərdik mütləq. O adam da bayram süfrəsi açmaz, stola xurma və su qoyardı. Son zamanlar bu etirazlarda neçə qız-gəlin itirdik. Qaynımın baldızı qızı, onun qrup yoldaşı öldü. Üzümüz də gəlmir evlərini ziyarətə. Bilirsən niyə? Çünki qızlarımızı qoymurduq həmən vaxt etiraza, deyirdik, "dövlət edirsə, bir bildiyi var". Sonra bildim səhvdir. İndi bacım qızı da yaylığını açıb tonqala atır, etiraz edir, amma yenə o ölənlərin evinə gedə bilmirəm utandığıma görə", – deyən Abbasova 2000-ci illərin əvvəlində gəlin köçdüyü İranda Novruz adət-ənənələrini də yada salır.
"Hələ fevralın axırında mərcini bir qaba yığardıq ki, səməni cücərsin. Düzdür, rəhmətlik ərim buğdadan da səməni qoyardı, amma tehranlıların əksəri mərci ilə düzəldərdi. İlaxır çərşənbədə üç-dörd azərbaycanlı qadın xeylağı yığışardıq bir yerə, şirniyyat bişirərdik. İranda məhsul ucuz idi deyə, bişirib Bakıya anama da göndərərdim o vaxtlar. Amma biz bakılılar kimi paxlava, qoğal yox, şirin çörək bişirərdik. 13 gün bayram ab-havası olardı. Alma, səməni, iydə, sumaq, sarımsaq, sirkə, "Qurani Kərim" kitabı, güzgü, şam, kasalarda süd və su, boyanmış yumurtalar, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə kimi nemətlər süfrəmizdən əskik olmazdı", – qadın gözündən gələn yaşı başındakı şalının ucu ilə silir.
Abbasova hazırda ölkəsində bayramı keçirənlərin azaldığını vurğulayır. Bunun səbəbləri sırasında isə koronavirus pandemiyasının insanları yoxsullaşdırmasını, karantin qaydalarının adamları bir-birindən uzaq salmasını sadalayır.
Məktəblərdə də şənlik qalmayıb
İranda azərbaycanlı şagirdlərin çox olduğu məktəblərin birində dərs deyən 37-yaşlı müəllimə AzadlıqRadiosuna danışır ki, 2018-ci ilə kimi təhsil ocaqlarında kiçik tədbirlər keçirilirdi, sonralar isə bu ənənə tarixə qovuşdu: "Tehranda papaq atmaq çox yayılmayıb. Şagirdlərimiz şal sallayırdı, daha sonra mən onlara ləbləbi, şokolad paylayırdım. Ən çox yayılan isə kiçik bayram tədbirləri idi. Həm İran, həm azərbaycansayağı keçirirdik. Burada keçəl, kosa məşhur deyil, amma biz uşaqlardan bu qəhrəmanları hazırlayırdıq. (İranın tanınmış şairi) Məhəmmədhüseyn Şəhriyarın şeirlərini deyirdik. Püstə, badam, xurma, iydə, əncir, kişmiş və şirniyyatlardan ibarət "Acil" hazırlanırdı sinif otaqlarında. Xüsusi geyimlərimiz də olardı".
Müəllimə indi bir çox məktəblərdə bu adətlərin qalmadığını vurğulayır: "Sanki azərbaycanlıları artıq sevmək istəmirlər. Bəlkə, yanılıram, amma düşünürəm ki, rəhbərlik dəyişməsə, ənənələr daha da yaddan çıxacaq".
O, son 3 ildə pandemiya səbəbindən quru sərhədlər bağlı olduğu üçün gediş-gəliş problemi yaşadıqlarından da söz açır: "Müəllim maaşı ilə gedib-gəlmək çətindir. Mənim neçə azərbaycanlı tanışım buna görə gələ bilmədi. 2016-cı ildə 20 müəllim birlikdə gəlmişdik Bakıya, əla bayram keçirmişdik. İndi o müəllimlərin çoxu yollar bağlı, maddi durum pis olduğundan gələ bilmədi. Mən də bura ərimlə meyvə gətirilən maşında gəlmişik. Müəllim və fəhlə maaşının ümidinə qalsaq, gərək burada ata, bacı görməzdim".
İranda küçədə bayram şənlikləri hələ də qurulur, amma...
Oğlu hazırda İranda olan, özü isə Bakıya bayram keçirməyə gələn Zəhra İbrahimi də ölkədəki etiraz dalğasının bayram ab-havasını azaltdığını deyir. Hamilə olduğu üçün Bakıya gələn, övladını burada dünyaya gətirmək isyəyən Zəhra axırıncı dəfə 15 il öncə burada olduğunu söyləyir: "Burada bayram adətləri bizimkinə oxşayır. Təzə paltar geyinmək, qonaq getmək, ölüsü olanı ziyarət etmək kimi adətlər bizdə də var. İranda hər il küçədə tədbirlər olurdu, pandemiyadan sonra azaldı. Amma indi də milli geyimdə uşaq, böyük görmək olur. Cavanlar ağ paltarda küçələrə çıxır, qaşıqla qab-qacaq döyəcləyərlər. Bu adət bizdə "qaşoq zani" adlanır. Bakıda olan qohum uşaqlara da bu adəti aşılamışam, bayaq görürəm edirlər. Aramıza nifaq salan olmasa, əsl qardaş xalqlarıq".
İbrahimi hələ uzun müddət Bakıda qalacağını bildirir. Onun sözlərinə görə, oğlu sənəd problemləri ucbatından Bakıya gələ bilməyib, yoxsa bayramı ailəlikcə Azərbaycanda qeyd etməyi planlayırdılar. Ana həm də İranda son günlər yenidən alovlanan etiraz dalğasından əndişələndiyini, oğluna zərər gəlməsin deyə, gecə-gündüz dua etdiyini deyir.
"Otellər bahadır"
Bakının "Torqovı" adlanan ərazisində restoranlara daxil olanda, küçədə gəzişərkən farsca danışanları eşitmək olur. Kimi şəhərin müxtəlif yerlərində quraşdırılan atributlar ilə şəkillər çəkdirir, kimi də restoran, kafelərdə bayram süfrəsinə uyğun yemək sifarişləri verir. Bir ailənin uşaqları "hər yerdə mahnı oxuyur, oynayırlar, evimizdə belə deyildi" deyir, ataları isə Bakıdakı bayram ab-havasından məmnunluğunu dilə gətirir.
"İranda vəziyyət gərgin idi, yorulmuşduq. Bizim bayram adətləri də çox yaxşıdır. Amma indi nə Tehranı, Təbrizi, nə Ərdəbili bayram iyi verir, qan iyi gəlir, dava səsi gəlir. Uşaqlar xoş gün görsün deyə, beş günlük gəlmişik. Otellər bahadır, qiymətlər də bizimkinin iki qatıdır. Amma başımız sakit, ürəyimiz rahatdır. Məmnunuq. İçərişəhərdə bayram şənliklərinə baxıb, sonra da elə bu restoranda gecə bayramı qeyd edəcəyik. Sizə də xoş bayramlar, bir az ucuzlaşdırsalar, doğrudan da, xoş bayram olar", – deyən ortayaşlı kişi əlavə edir ki, Bakıda özlərini təhlükəsiz hiss etsələr də, siyasi proseslər onları daima qorxu içində yaşamağa vadar edir.
Dövlət Sərhəd Xidməti bildirir ki, 2022-ci ildə bir il öncədən fərqli olaraq Azərbaycana gələn İran vətəndaşlarının sayı 36 faiz artıb. Azərbaycandan İrana gedənlərin sayında 9 faizə yaxın artım olub.