Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.

Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması, kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrinin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb”.

Hökumət başçısının sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin bütün dövrü ərzində öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri yan-yana dayanıb. O qeyd edib ki, Ermənistan tərəfi bununla özünü və Qarabağdakı erməniləri aldadıb.

N.Paşinyan daha sonra vurğulayıb ki, Madrid prinsipləri “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə imkan vermir”, çünki bu, sənədin məntiqinə kökündən ziddir.

Nikol Paşinyan onu da qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıdır.

O bildirib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir: “Həmçinin biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq”.

N.Paşinyan söyləyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar: “Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar”.

Hökumət başçısı bildirib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək: “Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazini Ermənistan ərazisi kimi tanısa, region üçün sülh gələcək”.