Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Namiqin məni sillə ilə vurduğu səhnədən sonra qaçdım ki, onu tutub döyüm, amma...”

“Namiqin məni sillə ilə vurduğu səhnədən sonra qaçdım ki, onu tutub döyüm, amma...”

“O illərdə aktyor sənəti hörmətli sənət deyildi, ona görə də kinodan uzaqlaşdım”

“Azərbaycanda nə kino var, nə də ki, serial. Biyabırçılıqdır. Bizim gələcək nəsillərimiz var, uşaq baxır, böyük baxır. Onlar bu filmlərdən nə götürəcəklər? Filmləri çəkən kişilər o illərdə getdi. Elə kino çək ki, 50 ildən sonra da mövzusu aktual, özü isə baxımlı olsun. Elə “Bizim Cəbiş müəllim” filmi kimi. Bu gün axı ssenari yazan da yoxdur. Kino böyük təbliğatdır. Kinodan gərək gənclər ibrət götürsünlər, indiki kinoların hansından ibrət götürə bilərlər? Əksinə! Uşaq baxıb, böyüyəndə cinayətkar ola bilər. Çünki hansı filmə baxırsan, bu onu güllələyir, o bunu güllələyir. Nəinki uşaq, heç böyüklərin də baxması məsləhət deyil”.

Bunu Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. O, filmə dəvətin ona təsadüfən gəldiyini də bildirib.

“Həsən Seyidbəyli bizim Pirşağı kəndində yaşayırdı. Orada bağa gəlib-gedirdi. Mədəniyyət evinin qarşısında gəlib mənə dedi ki, “səninlə nərd oynamaq istəyirəm”. Ona dedim ki, “mənim yaşıma yaraşmır ki, sizinlə nərd oynayım”. Mənə dedi ki, “məni udsan səni filmə çəkəcəm, birdən sən uduzsan, mən girəcəyəm dükana, ürəyim nə istədi götürəcəyəm. Pulun oldu sən verərsən, olmasa da atan”. Zarafat etdi. Nərdi açıb oynadıq, onu udub qalib oldum. Filmə çəkmək istəyəndə dedim ki, bütün məhəllə uşaqlarım da mənimlə çəkilsin. Filmdəki meyxanaları Ağasəlim Çıldaq yazmışdı” deyə o bildirib.

Aktyor bildirib ki, ona teleiviziyadan çox dəvətlər gəlib.

“Kinodan çoxdan ayrılmışam. Makedon rolu ilə Azərbaycan kino sənətinə möhür vurduqdan sonra, bir dəfə də olsun çəkiliş meydançasında olmaq istəməmişəm. Mən o vaxt kinoya çəkildiyim illərdə aktyorluq sənətinin bir o qədər də xətir-hörməti yox idi. Ona görə də getmədim bu sənətə. İndi Pirşağı kəndində yaşayıram. Burada hamı məni “Kababçı Aqil” kimi tanıyır. Kababçılıq sənəti də asan sənət deyil. Yaxşı kababçıya hər zaman ehtiyac var. Sənətim olmasaydı da özümü saxlayacaqdım. Mən işsiz qalan adam deyiləm” deyə Aqil Ağacanov deyib.

Aktyor filmin çətinliklə alınan səhnələrindən də danışıb.

“Ən çətin səhnələr damda baş tutub. Tanyanı öpmə kadrlarını rejissor 5-6 dəfə çəkdi. Tanyanı öpmək üçün bilərəkdən edirdim bunları. Yeniyetmə idik. Həsən Seyidbəyli bütün bu kaprizlərimə dözürdü. Namiqin mənə sillə vurma səhnəsi də alınmayan səhnələrdən idi. Bilirsiniz ki, Namiq obrazını Həsən müəllimin oğlu Ziya oynayırdı. O əvvəlcə silləni mənə yavaş vururdu, sonra atası ona deyib ki, sonuncu dublda var gücünlə sillə vur. O da necə lazımdırsa mənə sillə vurdu. O an özümü itirmədim. Çəkiliş bitən kimi qaçdım ki, onu tutub döyüm, rejissor dedi ki, “mən demişəm ki, bərk sillə vursun” deyə o bildirib. (Moderator.az)