Logo
news content
User
Kateqoriyalar

Xəbər

MSK yenidən formalaşacaq, tərkib dəyişəcəkmi?

Apreldə Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yenidən formalaşmalıdır. Bu ay qurum üzvlərinin beşillik səlahiyyət müddəti bitir. Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

MSK üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.

Apreldə Milli Məclisdə MSK-nın tərkibinin yenidən formalaşdırılacağı gözlənilir.

MSK 18 üzvdən ibarətdir. Qanunvericiliyə görə, üzvlərin 1/3-ni Milli Məclisdə çoxluq təşkil edən partiya (Yeni Azərbaycan Partiyası), 1/3-ni heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatlar, 1/3-ni də parlamentdə azlıqda olan siyasi partiyalar müəyyən edir.

MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilməlidir.

Müxalifətin istəyi

Mövcud tərkibdə Müsavat və Azərbaycan Xalq Cəbhəsi kimi partiyaların təmsilçiləri yoxdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son parlament seçkilərini boykot edib. Müsavat da AXCP kimi onun nəticələrini tanımır.

Hər iki partiya hesab edir ki, Azərbaycanda seçkilər total saxtakarlıqlarla keçirilir. Hərçənd rəsmilər belə dəyərləndirməni qəbul etmirlər.

Amma ATƏT-in seçki missiyası da son 2024-cü il parlament seçkilərində müxtəlif qanun pozuntularının baş verdiyini açıqlayıb.

Bir sıra müxalifət partiyaları hesab edirlər ki, seçkilər Azərbaycan xalqının iradəsini ehtiva etmir. Onlar seçki komissiyaların paritet əsasda formalaşmasını təklif edirlər.

Həmin müxalifət partiyalarının iddialarına görə, komissiyaların indiki tərkibi hakimiyyətin maraqlarına xidmət edir. Onların vurğulamasına görə, parlamentdə bitərəf deputatlar da sözdə bitərəfdirlər. Hərçənd bitərəflər belə dəyərləndirməni qərəzli sayırlar.

Rəsmilər də komissiyaların paritet əsasda formalaşdırılması ilə bağlı təklifə müsbət yanaşmırlar.

Tərkib dəyişəcəkmi?

Ekspertlər MSK-nın yeni tərkibinin mövcud tərkibdən bir elə də fərqlənməyəcəyini düşünürlər.

Son seçkilərdə də hakim Yeni Azərbaycan Partiyası (YAP) yerlərin yarıdan çoxunu qazanıb. Üstəlik, bu Milli Məclisdə də, əvvəlki tərkibdə olduğu kimi, 11 partiya təmsil edilir. Sadəcə azlıqda qalan partiyalardan ikisi fərqlidir.

Onların arasında yenə AXCP və Müsavat kimi müxalif partiyalar yoxdur.

26 illik sədr...

MSK-ya 2000-ci ildən Məzahir Pənahov rəhbərlik edir. Amma onun bu dəfə də ali seçki qurumuna rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Bir sıra ekspertlər artıq Pənahovun sədrlik dövrünün yekunlaşmaqda olduğunu düşünürlər. Onların fikrincə, hakimiyyət indi təzə simalarda maraqlıdır. Amma belə fikirlərə nə Pənahovun özündən, nə də hökumət təmsilçilərindən münasibət almaq mümkün olub.