Müharibə kölgəsində edamlar. İranda repressiya güclənir
02 Aprel 2026
İranda martın 30 və 31-də dörd siyasi məhbus edam olunub. Onlar mühacirətdə olan müxalif "Mücahidini-Xalq" (MEK) təşkilatına üzvlükdə ittiham olunublar. Tehran bu qrupu terrorçu sayır. MEK-in məqsədi İslam Respublikasını devirməkdir.
Bu edamlar ABŞ və İsrailin İran rəhbərliyində olanları əsasən məhv etməsinə baxmayaraq, dini isteblişmentin nəzarəti saxladığını, repressiyanın gücləndiyini göstərir.
Martın 31-də edam olunanların vəkili Babək Pakniya sosial mediada yazıb ki, edamlardan bir neçə saat sonra belə onun ofisi məhkəmə hökmünü almayıb.
MEK Babək Əlipur və Puya Qubadini "qəhrəman üzvlər" adlandırıb, ancaq onların quruma üzv olduqlarını müstəqil təsdiqləmək mümkün olmayıb.
Əhaliyə qorxu aşılamaq
Norveçdə yaşayan iranlı insan haqları fəalı Mahmud Əmiri Müqəddəm AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyib ki, "İslam Respublikasına əsas təhdidi... İran xalqı, xalq etirazları yaradır. Edamlarda məqsəd əhaliyə qorxu aşılamaqdır".
Martın əvvəlində daha üç nəfər edam edilmişdi.
Yanvarın əvvəlində İranda kütləvi etirazlar qəddarlıqla yatırılıb. HRANA insan haqları qrupu 7 minədək insanın öldürüldüyünü təsdiqlədiyini bildirib. ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan bəri 1 min 574 mülki şəxs həlak olub.
Zərbələrdən öncə ABŞ prezidenti Donald Tramp sosial mediada yazırdı ki, iranlı etirazçılara "kömək yoldadır", İranda rejim dəyişikliyi "baş verə biləcək ən yaxşı şeydir".
Amma ABŞ rəsmiləri son bəyanatlarında rejim dəyişikliyindən hədəf kimi danışmırlar. Müdafiə naziri Pit Heqset martın 31-də jurnalistlərə deyib ki, "rejim dəyişikliyi baş verib", indi əsas hədəf İranın sazişə razılaşmasıdır.
İran həbsxanasında iğtişaş
Dövlət mediası "casus" və "muzdlu" olmaqda suçlanaraq saxlanılanların sayının artdığını bildirir.
Polis rəisi Əhmədrza Radan müharibə ilə bağlı müxtəlif ittihamlarla yüzlərlə insanın həbs olunduğunu açıqlayıb. Bu isə həbsxanalardakı şəraiti də gündəmə gətirir.
"Əsas ehtiyaclara çıxış belə həddən artıq məhduddur. Qida şəraiti müharibədən əvvəl də çox pis idi, müharibə başlayandan daha da pisləşib", – atası Tehranın bədnam Evin həbsxanasında saxlanılan Rza Yunisi martın 31-də "Radio Fərda"ya deyib.
"Tehrandakı partlayışlar, – bəziləri Evinin yaxınlığında baş verib, – məhbuslara ciddi psixoloji təsir göstərib. Müharibə şəraitində həbsxanada qorxu və narahatlıq hökm sürür", – o bildirib.
Yunisinin qardaşı və atası ayrı-ayrı həbsxanalarda saxlanılır, hər ikisi MEK-ə üzvlükdə ittiham olunur. Yunisi hazırda İsveçdə yaşayır. O, qardaşının saxlanıldığı Qəzəl Həssar həbsxanasında iğtişaş olduğunu deyir. Hadisə martın 30-da iki məhbus edam olunmağa aparılanda baş verib.
R.Yunisinin sözlərinə görə, digər məhbuslar müqavimət göstərib, qarşıdurma yaranıb: "Təxminən 20 məhbus aparılıb, çox güman, təkadamlıq kameralara köçürülüb, amma dəqiq harada olduqları bəlli deyil".
Diqqət müharibəyə yönəlib
Əmiri-Müqəddəm "İran Human Rights" təşkilatına rəhbərlik edir. Onun fikrincə, ölkənin dini hakimiyyəti müharibədən edamlar üçün örtük kimi yararlanır: "Müharibənin kölgəsində bu edamların siyasi dəyəri xeyli aşağı olur. Adətən bir etirazçı və ya siyasi məhbus edam olunanda İslam Respublikası beynəlxalq ictimaiyyətin daha sərt reaksiyası ilə üzləşərdi… Amma indi diqqət müharibəyə yönəlib".
Martın 30-da BMT-nin ekspertlər paneli həmingünkü və martın əvvəlindəki digər edamlarla bağlı "dərin narahatlıq" bildirib. Bəyanatda ABŞ və İsrailin hərbi əməliyyatları pislənib, "İran xalqı həm xaricdən, həm də daxildən hücuma məruz qalır", - deyə vurğulanıb.
Bəyanatda İran hakimiyyətinin ölkədə artıq 33 gündür internet blokadası tətbiq etdiyi deyilir, bu da "insanları məlumatdan məhrum edir, ciddi iqtisadi zərərə səbəb olur".
Məqaləni AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Rey Förlonq və "Radio Fərda" hazırlayıb.