Monteneqroda 10 nəfəri öldürməkdə şübhəli bilinən şəxs intihar edib
02 Yanvar 2025
Monteneqroda 10 nəfəri qətlə yetirməkdə və dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxs intihar edib.
Bunu ölkənin daxili işlər naziri Danilo Şaranoviç mətbuat konfransında açıqlayıb.
“Polis əməliyyatı uğurla həyata keçirilib. Beləliklə, həmin şəxs polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində təcrid edilib. Çıxılmaz vəziyyətdə olduğu aydın olan anda o, özünə qəsd etməyə cəhd göstərib”, – DİN rəhbəri bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda keçinib.
Qeyd edək ki, Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insident zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
Danilo Şaranoviç bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Atso Martinoviçin öz ailəsinin də bir neçə üzvünü öldürdüyünü vurğulayıb: "O, azı 10 nəfəri, o cümlədən 2 yetkinlik yaşına çatmayan şəxsi həyatdan məhrum edib”.
***
Monteneqronun Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insidentdə yeddi nəfər ölüb.
Bu barədə ölkənin RTCG telekanalı bildirib.
“Bu gün Setinyedə ictimai iaşə müəssisələrindən birində bir neçə nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib. Silahlı hücum edən hadisə yerindən qaçıb. Polis İdarəsi vətəndaşları sakitliyə çağırır və evlərini tərk etməməyə çağırır. RTCG-nin məlumatına görə, ölənlərin sayı azı yeddi nəfərdir, bir nəfər yaralanıb”, – deyə “hücum edənin iki yetkinlik yaşına çatmayan şəxsi öldürdüyü” dəqiqləşdirilməklə məlumatda qeyd olunub.
Yerli polis idarəsinin məlumatına görə, 45 yaşlı kişi “odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb, silahlı şəkildə müəssisəni tərk edib və hadisə yerindən qaçıb”.
“İctimaiyyətə bildiririk ki, bu tək hadisədir və mütəşəkkil cinayətkar qrupların qarşıdurması ilə bağlı deyil. Böhranlı vəziyyətin tənzimlənməsi üçün əraziyə xüsusi polis bölmələri göndərilib”, – hüquq-mühafizə orqanının bəyanatında deyilib.