Cəbrayıl yaxınlığında məğlubiyyətə görə məsuliyyət daşıyan general həbs edilib
04 Yanvar 2025
General-mayor Tiqran Xaçatryan şənbə günü Yerevanda saxlanılıb. Ermənistan KİV-in məlumatına görə, o 44 günlük müharibə ilə əlaqəli hadisələrdə ittiham olunur.
Xatırladaq ki, Xaçatryan 2020-ci ilin oktyabrında Cəbrayıl yaxınlığında erməni qoşunlarının uğursuz əks-hücumunun müəlliflərindən biridir.
O zaman baş nazir Paşinyan ona Ermənistanın milli qəhrəmanı adını verməyə tələsdi. Sonradan məlum oldu ki, ermənilər oktyabrın 9-dan 16-dək ən ağır itkilərə məruz qalıblar. Eks-prezident Robert Köçəryanın etirafına görə, Azərbaycan Silahlı Qüvvələri bir həftə ərzində ermənilərin ən döyüş qabiliyyətli iki briqadasını darmadağın edib. Təkcə ölənlərin sayı 600 nəfər olub, eləcə də onlarla zirehli maşın məhv edilib.
Sonradan Paşinyanı bu əməliyyatı başlatmaqda, hərbçilərə nəyin bahasına olursa-olsun Lələtəpə yüksəkliyini ələ keçirməyi əmr etməkdə ittiham ediblər. Nəticədə, erməni hissələri hər iki tərəfdən atəşə məruz qalıb, qalanlar qaçıblar, ya da əsir düşüblər.