Mirzoyan etiraf etdi: "1975-ci il xəritəsindən istifadə ilə bağlı yekun razılaşma yoxdur"
07 İyun 2023
Yerevanla Bakı arasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin hansı xəritələr əsasında aparılacağı haqqında yekun razılaşma yoxdur, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.
Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevlə 1975-ci il xəritəsindən istifadəyə razılaşdıqlarını bildirmiş, rəsmi Bakı bunu təkzib etmişdi.
"2022-ci il oktyabrın 6-da Praqada bu işin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən aparılmasına dair razılıq əldə olunub. Bildiyimə görə, Kişinyovda keçirilən son danışıqlarda Azərbaycan Prezidenti 1975-ci il xəritəsindən istifadə edilməsi məsələsində heç bir etiraz təqdim etməyib", - nazir bildirib.
Onun sözlərinə görə, 1975-ci il xəritəsindən istifadə etmək məsələsində beynəlxalq ictimaiyyətlə Ermənistanın yanaşmaları üst-üstə düşür.
"Ermənistan bu variantı məqbul hesab edir. Amma hələlik bu məsələdə yekun razılıq yoxdur", - Ararat Mirzoyan deyib.
Mirzoyan müxalifət deputatlarının Ermənistan hakimiyyətinin 1920-ci illərin deyil, 1975-ci il xəritəsinə əsaslanan delimitasiyaya razılıq verməklə faktiki olaraq Azərbaycanın mənafeyinə xidmət etməsi fikri ilə razılaşmayıb. O deyib ki, görüşlər və müzakirələr zamanı Azərbaycan Prezidenti 1975-ci il xəritəsindən istifadə edilməsinə qarşı dəfələrlə etiraz edib.
"Delimitasiya bu və ya digər tərəf üçün sərfəli xəritələrə əsasən deyil, hüquqi cəhətdən son dərəcə əsaslı xəritələr üzrə keçirilməlidir", - Ermənistan XİN rəhbəri vurğulayıb.
Anklavlara gəlincə, Mirzoyanın fikrincə, onların yaranmasının hüquqi əsaslarını öyrənmək lazımdır. "Siyasi baxımdan - bəli, biz bilirik ki, belə anklavlar mövcuddur və Azərbaycanın 86,6 min kvadrat kilometrinə daxildir. Ancaq hüquqi əsasları öyrənilməlidir və bu məsələ ilə sərhədlərin delimitasiyası üzrə komissiya məşğul olmalıdır", - nazir deyib.
Mirzoyan vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratmetr sahədə ərazi bütövlüyünü tanıyır. "Lakin Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Brüssel danışıqlarının nəticələrini təqdim edərək bildirib ki, Bakı və Yerevan bir-birinin, müvafiq olaraq, - 29,8 min kvadrat kilometr və 86,8 min kvadrat kilometr ərazi bütövlüyünü qarşılıqlı surətdə tanınmasını təsdiqləyiblər və Azərbaycan tərəfindən heç bir açıq təkzib olmayıb", - Mirzoyan bildirib.
Ermənistanın xarici işlər naziri ümid etdiyini bildirib ki, Azərbaycanın ali rəhbərliyi tezliklə Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazisinin tanınmasını açıq elan edər. Onun sözlərinə görə, bu rəqəmin rəsmi şəkildə qeyd olunması məsələyə əlavə aydınlıq gətirər.
Azərbaycan XİN: "Delimitasiyanın 1975-ci xəritələri əsasında aparılmasında razılıq yoxdur"
Bazar ertəsi günü Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən gün səsləndirdiyi fikirlər iki ölkə arasındakı danışıqların "mahiyyətini təhrif edir və bu hərəkətlər çaşqınlıq yaradır".
Bazar günü Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin İctimai Televiziyaya müsahibəsi zamanı Azərbaycan Ermənistan arasında gedən sülh danışıqları, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, Naxçıvana dəmir yolunun açılması, Laçın dəhlizi və əsirlərin qaytarılması kimi məsələlərdən danışıb.
Armen Qriqoryanın müsahibəsi ötən həftə iki ölkə liderinin Moldovanın paytaxtı Kişinyovda və Baş nazirlərin müavinlərinin Moskvada baş tutan görüşlərindən sonraya təsadüf edir.
"Danışıqlar çox intensiv gedir və əgər biz bu kursu davam etdirə bilsək, ilin sonuna qədər sülh sazişi əldə etmək şansı var", - İctimai Televiziyada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Azərbaycan XİN bildirib ki, Praqa və Soçi görüşlərinə əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub və BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad edilib.
"Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur", - Azərbaycan XİN bildirib.
Nazirlik deyib ki, Azərbaycan indiyə qədər bəzi qonşuları ilə sərhədlərin delimitasiya işlərini xüsusi seçilmiş xəritə əsasında yox, hüquqi əhəmiyyəti olan sənədlər əsasında edib və bu təcrübənin Ermənistanla da tətbiq edə bilər.
"Ermənistan tərəfi 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməkdənsə, delimitasiya işinə başlasa daha faydalı olar", - Azərbaycan XİN bildirib.
Azərbaycan tərəfi elan edib ki, qarşı tərəf "yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və hələ də 8 kəndini geri qaytarmayıb və buna görə də Azərbaycanı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır".
XİN xatırladıb ki, Armen Qriqoryan erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edib, amma bu günə kimi bu həyata keçirilməyib.
Nazirlik iddia edib ki, yolu azaraq sərhədi keçmiş hərbçinin geri qaytarılması məsələsində qarşılıq verməyən tərəf Ermənistandır.
Azərbaycan XİN bəyan edib ki, "Ermənistan hələ də Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsini bərpa etməyib".
"Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı", - Azərbaycan XİN bildirib.
Armen Qriqoryan nə deyib?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü bildirib.
"Danışıqlar çox intensiv gedir və əgər biz bu kursu davam etdirə bilsək, ilin sonuna qədər sülh sazişi əldə etmək şansı var", - İctimai Televiziyada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişinin imzalamasında maraqlıdır.
"Bir il ərzində ola bilər, amma ilin sonuna qədər davam edə bilər. Lakin biz həll yollarını tapmağa və onların çərçivəsində sülh gündəmini irəli sürməyə, sülh sazişi bağlamağa meyilliyik".
Qriqoryan onu da bildirib ki, Kişinyovda keçirilən danışıqlarda sərhədin delimitasiyası, eləcə də onun daxilində 1975-ci ilin xəritələrindən istifadə olunması ilə bağlı müəyyən irəliləyiş əldə olunub.
"Biz bu məsələnin tam həll olunduğunu deyə bilmərik, lakin irəliləyiş var", - o deyib.
Nikol Paşinyan: "Sərhədlərin delimitasiyası üzrə görüləcək işlərdə 1975-ci il xəritələri əsas götürüləcək"
Kişinyovda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanı "1975-ci il xəritələrindən istifadə etmək haqqında razılıq əldə edilib". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə keçirilən Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanı 1975-ci il xəritələrindən istifadə etmək haqqında razılıq əldə edilib.
Liderlər Avropa Siyasi İcmasının Zirvə toplantısı çərçivəsində bir araya gəlmişdilər.
"Demək olar ki, tərəflər sərhədin delimitasiyası üzrə görüləcək işlərdə 1975-ci il xəritələrinin əsas götürələcəyinə qarşı olmadıqlarını vurğulayıblar", - Nikol Paşinyan deyib.
Amma Baş nazir söhbətin hansı növ xəritədən getdiyni açıqlamayıb. Buna qədər tərəflər arasında Qaragöl ərazisinə görə mübahisə yaranmış, hər tərəf fərqli illərin xəritəsinə müraciət etmişdi.
Paşinyanın sözlərinə görə, söhbət danışıqların ilkin nəticələrindən gedir və "hələ Azərbaycanın görüşə reaksiyasının yoxlanılması" zəruridir, "Armenpress" yazıb.
Nikol Paşinyan xatırladıb ki, Ermənistanla Azərbaycan keçən ilin oktyabrında Praqada 1991-ci ildə SSRİ-nin dağılmasından sonra imzalanmış Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqları barədə razılığa gəliblər.
"Biz bu razılaşmanı Praqada əldə etdik, Brüsseldə isə daha da irəli gedərək, belə bir fikrə gəldik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü, Ermənistan isə Azərbaycanın 86,6 min kvadrat kilometrdə ərazi bütövlüyünü tanıyır", - Armenpress agentliyi Baş nazirin sözlərini iqtibas edib.
"Regional kommunikasiyalara dair biz təsdiqlədik ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu bəndin tələbinə əsasən, suverenliyimiz və yurisdiksiyamız çərçivəsində regional kommunikasiyaları açmağa hazırıq", - Nikol Paşinyan bildirib.
Ermənistan Baş naziri onu da deyib ki, əsir və girovlarla bağlı, eləcə də "Dağlıq Qarabağ erməni əhalisinin hüquq və təhlükəsizlik məsələləri" üzrə danışıqlara dair müzakirələr olub.
Onun sözlərinə görə, "ümumi təsəvvür belədir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi beynəlxalq iştirakla Bakı-Stepanakert dialoqu formatında" müzakirə olunmalıdır.
Qarabağ erməniləri Xankəndini Stepanakert adlandırır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ anlayışı yoxdur və Qarabağda yaşayan erməni sakinləriylə dialoq Azərbaycanın daxili işidir.