Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhərrəm İncənin səsləri kimə gedəcək – Qərb mediası

Türkiyədə Məhərrəm İncənin prezidentliyə namizədliyin geri götürməsi müxalifətin əsas namizədi Kamal Kılıcdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı şansını artıra bilər. Qərbin bir sıra aparıcı mətbuat orqanları bu haqda yazır.

İncənin rəy sorğularında reytinqi aşağı idi və bəzi müxalifət xadimləri onun Ərdoğana qarşı səsləri parçalaya biləcəyini düşünürdürlər.

“Seçkidən çəkilirəm. Bunu öz ölkəm üçün edirəm. İstəmirəm ki, uduzanda məni günahlandırsınlar”, – İnce Ankarada keçirdiyi mətbuat konfransında ana müxalifətə eyhamla deyib.

O, qalan namizədlərin hansısa birini dəstəkləməyib və adı seçki bülletenində qalacaq.

İnce “qarayaxma kampaniyası”dan sonra namizədliyini geri götürüb. Bir neçə həftədir sosial mediada ona qarşı iddialar yayılır. Ankarada prokurorluq potensial şantaj üzrə təhqiqata başladığını bildirib.

İncə Kılıcdaroğluna dəstək bildirməsə də...


59-yaşlı İncə 2018-ci il seçkində Ərdoğana uduzub. Bu ilin martında isə Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrı namizədliyini irəli sürüb. Keçmiş partiyadaşları isə onu səsləri parçalamamaq üçün seçki marafonundan çəkilməyə çağırırdılar.

İncə iki il qabaq CHP sədri seçilməyəndən sonra Məmləkət partiyasını yaradıb. Kılıcdaroğlu 2010-cu ildən CHP lideridir.

İncə namizədliyini geri götürəndən sonra Kılıcdaroğlu keçmiş rəqibini müxalifət alyansına qoşulmağa çağırıb.

Ərdoğan isə Ankarada seçki mitinqində deyib ki, İncənin seçkidən çəkilməsini istəməzdi, onun niyə belə etdiyini “anlamaq mümkün deyil”.

CHP üzvü, Kılıcdaroğlunun çoxdankı müşaviri Mehmet Karlı CNN-ə deyib ki, CHP və müxalifət bloku İncənin qərarını yəqin alqışlayacaq. Onun sözlərinə görə, İncə Kılıcdaroğluna dəstək bildirməsə də, ümumi gözlənti bundan ibarətdir ki, onun tərəfdarları Ərdoğan erasını bitməsini istəyir və CHP liderinə səs verəcəklər.

“Kılıcdaroğlu həmin dəyişikliyi gətirə biləcəkmi”


İstanbuldakı Koc Universitetindən siyasi elmlər üzrə professor Murat Somer CNN-ə deyib ki, seçki günü yaxınlaşdıqca səslər Ərdoğan və Kılıcdaroğlunun ətrafına cəmləşir, İncənin səsləri azalırdı. “O və partiyası bu məsuliyyəti götürmək istəmədi”, – o, sözlərinə əlavə edib.

Türkiyədə hər beş ildən bir seçki keçirilir. Birinci turda azı 50 faiz səs yığan namizəd qalib gəlir. Çoxluğu qazanan olmasa, ən çox səs yığan iki namizəd ikinci tura gedir.

“Reuters” bəzi sorğu şirkətlərinin rəy sorğularında Kılıcdaroğlunun Ərdoğandan önə çıxdığını yazır. Kılıcdaroğlu altı partiyadan ibarət müxalifət alyansının namizədidir.

Ərdoğan hakimiyyəti dövründə lirənin dəyərsizləşməsi, inflyasiyanın yüksəlməsi, fevralda zəlzələlərin azı 50 min nəfərin həyatına son qoyması, milyonlarla insanın evsiz qalması onun təkrar seçilmə şansını çətinləşdirir.

“Ərdoğanın dəyişiklik istəyən çoxluq, o cümlədən gənclərlə üz-üzə qalmasına şübhə yoxdur. Yeganə sual ondan ibarətdir ki, Kılıcdaroğlunun həmin dəyişikliyi gətirə biləcəyinə inanırlarmı”, – Brukinqz İnstitutunun qonaq əməkdaşı Asli Aydıntaşbaş deyib.

Ərdoğanın ikinci tura ümidi...


İstanbulda yerləşən “Strateji Müşavir Xidmətləri” şirkətinin direktoru Hakan Akbaş isə “Reuters”ə deyib ki, Ərdoğan Kılıcdaroğlu ilə ikinci tura keçmək istəyir: "Zəlzələləri və iqtisadi böhranı nəzərə alsaq, bu, onun üçün hələ də uğur olardı. İndi daha vacib olanı parlament seçkilərinin nəticələridir".

Akbaşın sözlərinə görə, parlamentdə heç bir partiya üstünlük qazanmasa, Ərdoğan ikinci turda özünü sabitliyin qarantı kimi təqdim edə bilər.

Seçkidə üçüncü namizəd isə "Ata ittifaqı"ndan ultramillətçi Sinan Oğandır.

Oğan isə planlaşdırılan seçki mitinqini təxirə salaraq müşavirləri ilə görüşüb. Ancaq partiya rəsmiləri onun seçkidən çəkilmək planı olmadığını bildiriblər.