Logo
news content

Nüvə fəlakətinin astanası, düşmənlə göz-gözə, böyüklərin yalanları...  – II HİSSƏ
Sovetlərlə ABŞ arasında baş vermiş daha bir qarşıdurmanın pərdəarxası

Əvvəli burada 

Oktyabrın 14-də Riçard Heyzerin idarə etdiyi U-2 kəşfiyyat təyyarəsi Kubanın hava məkanına daxil olaraq, cənubdan şimala 12 dəqiqə uçdu və bu müddət ərzində 928 şəkil çəkdi. Ertəsi gün plyonka Fotoşəkillərin interpretasiyası milli mərkəzinə verildi. Mərkəzin aparıcı əməkdaşı Dino Bruconi şəkillərdə sovet raketlərini gördü. Oktyabrın 16-da səhər milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi prezident Con Kennediyə xəbər verdi: Kubada sovet raketləri var. 

*** 

Əslində, amerikalılar daha əvvəl də bəzi şeylərdən şübhələnmişdilər və bu, təkcə gəmi qafiləsi deyildi. Hələ iyulda kəşfiyyat təyyarəsi Kubada bir neçə futbol meydançasının şəklini çəkdi. Bu, xeyli sayda sovet vətəndaşının, güman ki, hərbçilərin adada olması demək idi. Çünki “Cubans play baseball, Russians play soccer” (kubalılar beysbol oynayır, ruslar futbol oynayır).

Kubanın özündən də informasiya gəlirdi və adaya sovet hərbi təyyarələrinin gətirildiyi xəbər verilirdi. Növbəti kəşfiyyat uçuşu adada “S-75 Dvina” “yer-hava” raketlərinin təsbit etdi. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Makkoun avqustun 10-da prezident Kennediyə göndərdiyi memorandumda qeyd edirdi ki, bu zenit raketlərinin Kubaya göndərilməsi yalnız ballistik raketləri qorumaq üçün ola bilər. O, öz əndişəsini avqustun 23-də prezidentlə şəxsi görüşündə yenidən ifadə etdi. 

Sovetlərin Kubada fəallığı barədə məlumat respublikaçıların da qulağına çatdı. Avqustun 31-də senator Kennet Kitinq Senatda çıxış edərək, Kubada sovet raket bazasının tikintisinin getdiyini söylədi və demokrat Kennedi administrasiyasını hərəkətsizlikdə qınadı.

Sovet tərəfi isə, xüsusən də Vaşinqtondakı səfir Anatoli Dobrınin, Kubada yalnız müdafiə xarakterli silahlar yerləşdirdiyini iddia edirdi. Həqiqətən də göndərilən silahların, o cümlədən taktiki nüvə başlıqlarını daşıya biləcək silahların çoxu müdafiə xarakterli idi. Amma bunu R-12 və R-14 raketlərinə şamil etmək olmazdı. Zatən, əməliyyat o qədər məxfi idi ki, Dobrıninin bu raketlərdən heç xəbəri yox idi. 

Sovet İttifaqı Teleqraf Agentliyinin (TASS) sentyabrın 11-də yaydığı bəyanatda deyilirdi: “Sovet İttifaqı nüvə başlıqları üçün o qədər güclü raket daşıyıcılarına malikdir ki, onları yerləşdirmək üçün Sovet İttifaqından kənarda yer axtarmağa ehtiyac yoxdur”. Bu, Xruşşovun qitələrarası raketlərin sosiska kimi istehsalı haqda blefinin təkrarı idi. Elə Xruşşov da bu arada dinc durmayıb, Kennediyə göndərdiyi şəxsi məktubunda Kubada yalnız müdafiə silahlarının yerləşdirildiyini and-aman edirdi. 

Sentyabrın 9-da Tayvana məxsus U-2 təyyarəsi Çin üzərində kəşfiyyat uçuşu həyata keçirərkən S-75 raketi ilə vuruldu. Həmin raketlərdən Kubada da olduğunu nəzərə alan Kennedi gərginliyi artırmamaq üçün ada üzərində kəşfiyyat uçuşlarını qadağan etdi. Sentyabr boyu U-2 Kuba hava məkanına daxil olmadan, ərazi sularına paralel uçaraq, şəkillər çəkdi. 

Kubadan isə müxtəlif xəbərlər gəlməkdə davam edirdi. Xüsusən gecələr daşınan, döngələrdən bir neçə cəhddən sonra dönən çox uzun və silindrik formalı, üstü brezentlə örtülmüş bir şeylər haqda məlumatlar narahatlıq doğururdu. 

Kennedi oktyabrın 9-da yenidən kəşfiyyat uçuşlarına icazə verdi və onların sayını artırdı. Əvvəl ayda iki dəfə hava kəşfiyyatı aparılırdısa, indi həftədə bir dəfə aparılması istənildi və missiya CIA-dan alınıb, HHQ-nə verildi.

Sonrakı beş gün ərzində hava şəraiti əlverişsiz oldu. Oktyabrın 14-də baş tutan uçuş isə Kubada rusların orta mənzilli raketlərinin olduğunu aşkar etdi ki, yuxarıda bundan bəhs etdik. 

*** 

Xəbəri alan prezident əvvəlcə qardaşını, baş prokuror Robert Kennedini çağırıb, informasiyanı bölüşdü. Axşam isə Milli Təhlükəsizlik Şurasının iclası çağırıldı. Üstəlik, Şuranın üzvü olmayan bəzi şəxslər də dəvət olundu. İclasda Kuba üzərində hər gün bir neçə kəşfiyyat uçuşunun həyata keçirilməsi qərara alındı.

İkinci qərara görə, yaranmış problemi həll etmək üçün Şuranın İcraiyyə komitəsi (The Executive Committee of the National Security Council; qısaca ExCOMM) yaradılırdı. Komitəyə Təhlükəsizlik Şurasının üzvü olan 9 nəfər (prezident Con Kennedi, vitse-prezident Lindon Conson, dövlət katibi Din Rask, müdafiə naziri Robert Maknamara, maliyyə naziri Duqlas Dillon, baş prokuror Robert Kennedi, milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi, CIA direktoru Con Makkoun, Qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Maksvell Teylor) və daha 4 nəfər (dövlət katibinin müavini Corc Boll, müdafiə nazirinin müavini Rosuell Gilpatrik, SSRİ-dəki keçmiş səfir, sovetşünas Llevellin Tompson və keçmiş dövlət katibi Din Açeson) daxil idi. 

ExCOMM-un sonrakı iclaslarında Ağ evin, Dövlət departamentinin, ordunun, kəşfiyyatın bir sıra əməkdaşları məsləhətçi kimi iştirak edirdilər. Prezident Kennedi iclasdakı danışıqları maqnitofona yazırdı. Komitə üzvlərindən heç kəsin - ola bilər, Robert Kennedi xaric - bundan xəbəri yoxdu. Sonralar bu audioyazılar tarixçilər üçün qiymətli mənbə oldu. 

Oktyabrın 18-də Kennedi ABŞ-da səfərdə olan SSRİ xarici işlər naziri Andrey Qromıkonu və səfir Dobrınini qəbul etdi. Almaniya və Berlin məsələsinin müzakirəsindən sonra Qromıko Kuba mövzusuna gəldi. Nazir uzun nitq söyləyərək, Kubaya münasibətinə görə ABŞ-ı xeyli qınadı. 

“Kubaya sovet yardımına gəldikdə, həmin yardım yalnız Kubanın müdafiə qabiliyyətinə və onun kənd təsərrüfatının, torpaqlarının meliorasiyasının inkişafına töhfə verməyə yönəlib... sovet mütəxəssisləri Kuba vətəndaşlarına yalnız müdafiə xarakterli - müdafiə sözünü vurğulamaq istəyirəm - silahlarla davranmağı öyrədir və onlar Birləşmiş Ştatlar üçün heç bir təhlükə törətmirlər. Əksinə olsaydı, Sovet İttifaqı heç vaxt belə yardım göstərməyə razı olmazdı”, - Qromıko söylədi.

Bu qədər ağ yalanın müqabilində ayağa qalxıb stolun gözündən şəkilləri çıxarmaq və Qromıkoya göstərmək çox şirnikləndirici olmalı idi. Amma Kennedi hadisəyə necə reaksiya verəcəkləri barədə qərar qəbul etməmiş sovet tərəfini duyuq salmaq istəmədi və özü də yalan söyləyərək, Moskvanın Kubada həqiqətən də müdafiə xarakterli silahlar yerləşdirdiyinə inandığını bildirdi. 

Oktyabrın 17-19-da Kuba üzərində bir neçə kəşfiyyat uçuşu həyata keçirildi və adada orta mənzilli sovet raketlərinin olması, artıq bəzi start qurğularının hazır vəziyyətdə olması haqda yeni sübutlar əldə edildi. ExCOMM-un oktyabrın 20-də keçirilən iclasında CIA-nın Kəşfiyyat direktoratının rəhbəri Rey Klayn bildirdi ki, şəkli çəkilən start qurğularının pelenqi 315 dərəcədir: bu da o deməkdir ki, Ştatların mərkəzi hissəsi hədəf alınıb. 

İclasda problemin həllinin iki yolu müzakirə edildi: adanı blokadaya almaq və hava zərbələri endirməklə start qurğularını, İl-28 təyyarələrini sıradan çıxarmaq. Müdafiə naziri Robert Maknamara birincinin, general Teylor isə ikincinin əsas tərəfdarı idilər. 

Blokada təklifinə qarşı əsas arqument ondan ibarət idi ki, dərhal effekt verməyəcək, Kubadakı bütün raketlər starta hazır vəziyyətə gətiriləcək və təhlükə böyüyəcəkdi. Təklifin tərəfdarları ümid edirdilər ki, nüvə başlıqları hələ Kubaya gətirilməyib (şəkillərdə yox idilər) və onlarsız raketlər böyük təhlükə sayılmazdılar. 

General Teylor deyirdi ki, sovetlər gələcəkdə raketləri kamuflyaj etsələr, tapıb vurmaq çətin olacaq, ona görə də indi zərbə endirmək lazımdır. Bombardman variantının əsas mənfi tərəfi o idi ki, bütün start qurğularının və raketlərin məhv ediləcəyinə təminat yox idi. Məhv edilməyənlər ABŞ-a cavab zərbəsi endirəcəkdilər və haqlı görünəcəkdilər. Üstəlik, hücum zamanı sovet hərbçilərinin ölümü qaçılmaz olacaqdı, bu da Moskvanı bir başqa yerdə, ola bilər, Qərbi Berlində cavab zərbəsinə sövq edəcəkdi. Bütün bunların zəncirvari reaksiyasının nəticələrini hesablamaq isə mümkün deyildi. 

Həmin iclasda Maknamara adada 6-8 min sovet hərbçisinin olduğunu təxmin edir. Əslində isə bundan xeyli çox idi. Nəzərdə tutulan 51 min hərbçidən 43 mini Kubaya aparılmışdı. Amerikalılar bunu çox sonra bildilər və heyrətləndilər. 

Oktyabrın 20-də isə iclas beş saatdan çox sürdü. Müxtəlif fikirlər səsləndi. ABŞ-ın BMT-dəki səfiri  Edlay Stivenson dedi ki, Kubadan raketlərin çıxarılması müqabilində Türkiyədən raketləri çıxarmaq, hətta Kuba adasındakı Quantanamo bazasını tərk etmək Moskvaya təklif edilsin. Prezident Quantanamo ilə bağlı fikri qəti rədd etdi. O, birinci ABŞ-ın nə isə təklif etməsini, ümumiyyətlə, doğru hesab etmirdi. Nəhayət, sonda blokada variantı seçildi.

ExCOMM-un oktyabrın 21-də, bazar günü keçirilən iclasında əsas müzakirə mövzusu prezident Kennedinin ertəsi gün xalqa edəcəyi müraciətinin mətni oldu. Bundan əlavə, Kubaya tətbiq edilən blokadanın “karantin” adı ilə təqdim olunması məsləhət bilindi. Çünki blokada təcavüz aktı sayılırdı, halbuki, nə ABŞ-ın Türkiyədə, nə SSRİ-nin Kubada raket yerləşdirməsi de-yure təcavüz aktı deyildi. Üstəlik, blokada sözü SSRİ-nin 1948-1949-cu illərdə Qərbi Berlinə qarşı tətbiq etdiyi blokada ilə assosiasiya yaradırdı.

İclasda həm də qərara alındı ki, karantin təkcə ABŞ-ın deyil, Amerika Dövlətləri Təşkilatının (OAS) qərarı ilə tətbiq edilsin və bunun üçün təşkilatın toplantısı çağırılsın. Bundan sonra isə BMT Təhlükəsizlik Şurasının toplanması tələb edilsin. 

*** 

Oktyabrın 22-də prezident Kennedi həyatda olan üç keçmiş prezidentə - Herbert Huverə, Harri Trumenə və Duayt Ayzenhauerə - zəng edərək, problemi danışdı, fikir mübadiləsi apardı. Daha sonra eyni şeyi Konqresin liderləri ilə etdi. NATO və digər yaxın ölkələrdəki ABŞ səfirləri həmin ölkələrin siyasi liderlərini hali etdilər. 

Con Kennedi eyni zamanda Xruşşova məktub göndərdi. Qərb yarımkürəsini təhdid edən bu təhlükəni aradan qaldırmaqda Birləşmiş Ştatların qətiyyətli olduğu qeyd edilən məktubda daha sonra deyilirdi: “Qeyd etmək istəyirəm ki, atdığımız addımlar yarımkürə ölkələrinin təhlükəsizliyinə təhdidi aradan qaldırmaq üçün minimal zəruri tədbirlərdir. Amma bu minimal cavab faktı sizin tərəfinizdən istənilən yanlış mülahizələr üçün əsas olmamalıdır”. Televiziya ilə çıxışa bir saat qalmış dövlət katibi Din Rask çıxışın mətnini səfir Dobrıninə təqdim etdi. 

Con Kennedi Vaşinqton vaxtı ilə saat 19:00-da televiziya ilə xalqa müraciət etdi. Kubada sovet raketlərinin yerləşdirildiyini xəbər verən prezident öz administrasiyasının cavab tədbirlərindən bəhs etdi. Bu tədbirlərin birinci bəndi belə idi:

“Bu hücumun qarşısını almaq üçün, Kubaya göndərilən bütün hücum silahlarına ciddi karantin tətbiq edilir. İstənilən ölkədən və limandan Kubaya gedən istənilən tip gəmidə hücum silahından ibarət yük aşkarlanarsa, geri qaytarılacaq. Ehtiyac yaranarsa, karantin başqa tip yüklərə və daşıyıcılara da şamil ediləcək. Amma indiki zamanda biz, sovetlər 1948-ci ildə Berlinin blokadası zamanı etdikləri kimi, gündəlik tələbat mallarını rədd etmirik”.

Çıxış “Bizim məqsədimiz - gücün qələbəsi yox, hüququn qorunmasıdır - azadlıq naminə sülh yox, azadlıq və sülhdür: bu yarımkürədə və ümid edirəm, bütün dünyada. Tanrı kömək etsə, bu məqsədə çatacağıq” sözləri ilə bitirdi. Prezidentin çıxışı zamanı bütün dünyadakı ABŞ silahlı qüvvələri DEFCON-3 hazırlıq vəziyyətinə gətirildi. 

Ertəsi gün OAS Amerika dövlətləri arasında qarşılıqlı yardım haqqında 1947-ci ildə imzalanan Rio paktına istinadən yekdilliklə karantin tətbiqinə səs verdi. Kennedi yalnız bundan sonra karantin haqqında sərəncam imzaladı. Karantin oktyabrın 24-də yerli vaxtla saat 10:00-dan qüvvəyə minəcəkdi və Kuba sahillərindən 500 dəniz mili (926 km) radiusu əhatə edəcəkdi. 

Oktyabrın 23-də Xruşşov və Kennedi arasında məktub mübadiləsi oldu. Xruşşov ABŞ-ı BMT Nizamnaməsini pozmaqda ittiham etdi, təsnifatından asılı olmayaraq Kubaya göndərilən silahların onun müdafiə qabiliyyətinin güclənməsinə xidmət etdiyini bildirdi və Kennedini “sülh üçün fəlakətli nəticələrə səbəb ola biləcək addımlardan çəkinməyə” çağırdı.

Cavab məktubunda Kennedi məsələnin BMT TŞ-da  müzakirə olunacağını yazır və ümid edirdi ki, OAS ölkələrinin qərarı ilə tətbiq olunan karantinə əməl etmək üçün sovet gəmilərinə gərəkən təlimatlar veriləcək. 

Axşam prezidentin qardaşı, baş prokuror Robert Kennedi sovet səfirliyində oldu və Dobrıninlə danışıqlar apardı. Səfir bildirdi ki, sovet gəmilərinə beynəlxalq sularda qanunsuz tələblərə tabe olmamaq tapşırılıb. Kennedi “Bilmirəm, bunlar nə ilə yekunlaşacaq, amma biz sizin gəmilərinizi saxlamaq niyyətindəyik” cavabını verdi. Bu zaman onlarla sovet gəmisi Kubaya tərəf üzürdü... 

(Davamı olacaq)