Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Kadırovçular" gələndən sonra qətliam başladı" - Buça dəhşətlərinin şahidi ilə MÜSAHİBƏ

“Oğlum, sən niyə bizim ölkəyə gəlmisən?”

Bu sualı Buça şəhərinin sakini Qalina Bolsunovskaya ona avtomatın lüləsini tuşlayan rusiyalı əsgərə ünvanlayıb.

Müharibənin ilk həftələrində qadın və əri onların həyatını kabusa çevirən onlarla rusiyalı hərbçi ilə qarşılaşıblar.

Çağırılmamış qonaqlar dəfələrlə onların evinə soxulub, ev sahiblərini öldürməklə hədələyib və alçaldıblar.

Buna baxmayaraq, Qalina Vasilyevna və əri Ukraynadan Polşaya ərazisinə keçə biliblər.

Ukrayna ordusu Kiyev vilayətinə nəzarəti bərpa edəndən sonra cütlük vətənlərinə qayıdıb. Amma 25 il ərzində inşa etdikləri ev, demək olar ki, tamamilə dağılıb.

Qalina Bolsunovskaya başına gələn dəhşətli hadisələri nəql edib.

- Mən, ərim və iki qızım uzun illər Buçada kiçik bir mənzildə yaşamışıq. Uşaqlarımız hələ balaca olanda şəhərdən çox da uzaq olmayan kənddə bir ev tikmək qərarına gəldik. Biz dəbdəbəli həyat yaşamırdıq deyə maaşımızın bir hissəsini gələcəkdə tikdirəcəyimiz mənzil üçün ayırmağı lazım bilirdik. Bu, 25 il davam etdi. Qızlarımız böyüdülər, nəvələrimiz dünyaya gəldilər, fikirləşdik ki, öz torpaq sahəmizdə işləmək artıq bizə bəs edər, qocalığımızda dincələrik. Bütün ailə ilə bu evdə toplaşmağı xəyal edirdik...

- Amma müharibə başladı...

- Bəli... Bizi müharibənin ilk günündən, fevralın 24-dən bombardmana məruz qaldıq. Nə baş verdiyini başa düşmürdük, sonra isə əsl cəhənnəm başladı. Rus əsgərləri gəlib özlərini buranın sahibi kimi aparmağa başladılar. Bizim torpaq sahəmiz hərbi texnika, onlarla tank, zirehli transportyorlarla əhatə olunmuşdu... Və bir neçə gündən sonra evimizin düz arxasında rusiyalı hərbçilər “Qrad” qurğusunu yerləşdirdilər. Yoldaşımla zirzəmidə gizləndik, sonradan qonşumuz da bizə qoşuldu. Nə yaxşı ki, yemək və su ehtiyatımız var idi. Həmin dövrdə biz Rusiya ordusunun bütün “manevr”lərini öyrəndik. Misal üçün, əgər sakitlik yaranırdısa, demək ki, onlar cəsədləri Buçadan çıxarmaqla məşğul idilər. Yalnız bu vaxtdan istifadə edib odunla qızdırılan sobada yemək bişirmək üçün mətbəxə qalxırdıq. Axı müharibənin ikinci günündən kənddə işıq və qaz kəsilmişdi, mobil rabitənin dalğalarını çətinliklə tuturduq. Sonra onlar yenə atəş açdılar... Atəşin şiddətindən hər şey, divarlar titrəyirdi, hətta zirzəmidə belə qorxulu idi.

- Bəs bu vaxt ərzində sizin övladlarınız, nəvələriniz harada idilər?

- Kiçik qızım uşaqları ilə bir həftə Buçadakı evlərinin zirzəmisində gizlənmişdilər, daha sonra onları təxliyə etmişdilər. Böyük qızım isə çoxdandır ki, ailəsi ilə birgə Polşada yaşayır. Müharibə başlayandan sonra həyat yoldaşı adi məktəb müəllimi olsa da, Vətəni müdafiə etmək üçün könüllü olaraq Ukraynaya qayıtdı. İndi Mariupol yaxınlığında xidmət edir.

- Doğmalarınızla əlaqə saxlaya bilmisiniz?

- Sakitlik yarananda övladlarımıza sağ olduğumuzu yazmaq üçün zirzəmidən çıxırdıq. Belə vaxtlardan birində səs eşitdik: “Burada kim var? Çıxın!” Biz gözümüzü qaldırdıq və evimizin ikinci mərtəbəsində silahı bizə tərəf tuşlamış rusiyalı hərbçini gördük. Sonradan bu, mütəmadi olaraq baş verirdi...

Əvvəl onlar hasarlardan tullanırdılar, qapıları sındırırdılar, sonra biz özümüz evin darvazasını açıq qoymalı olduq: bəzən onlara su lazım olurdu, bəzən kimisə axtarırdılar və sair. Təsəvvür edin, bizi silahla hədələyərək öz evimizə qədər təqib edirdilər. Bu çox dəhşətli idi... Onlar tarakan sürüsü kimi hərəkət edirdi.

Bir dəfə ərimə demişdilər ki, biz sülh ilə gəlmişik. Biz isə cavabında onlardan hansı sülhdən söhbət getdiyini soruşduq. Hərbçilər cavab verdilər ki, bizi xilas etməyə gəliblər, guya ziyan görən tərəf onlardır: “Niyə sizin prezidentiniz bizimkiləri təhdid edir? Biz özümüzü qoruyuruq”.

Ən əsası isə onların əksəriyyəti gənc yaşlarında olan şəxslər idi, nadir halda 35-40 yaşlılara rast gəlinirdi. Onların torpağımızı niyə işğal etdiklərini anlamağa çalışdıq. Bir dəfə bir yakut əsilli əsgər bunu onunla izah etdi ki, biz ruslardan yaxşı yaşayırıq, ona görə də bu vəziyyəti “düzəltməyə” gəliblər.

- Bir qrup kadırovçu Kiyevətrafı ərazilərdə öz cinayətləri ilə xüsusi “fərqlənirdi”...

- Bilirsiniz, yaşım çox olsa da, ömrüm boyu belə qeyri-insani hərəkət edən şəxslərə rast gəlməmişəm. “Kadırovçular” Buçaya gələndən sonra qətliam başladı. Onlar qapımızı sındırdılar, evdən əşyaları çıxarıb ətrafdakı hər şeyi məhv etdilər. Biz onlara bir kəlmə söz deməyə belə qorxurduq (qadın göz yaşlarını güclə saxlayır – red.). Yadımdadır, balaklavada (sifəti tamamilə örtən, yalnız gözləri və ağzı açıqda saxlayan baş geyimi - red.) həyətimizə gəlib, bizi küçəyə çıxarıb, divar boyu düzdülər. Biz əllərimizi qaldırıb dayanmışdıq, sonra əllərimizi aşağıya saldıq. Özünüz başa düşürsünüz də, biz onların gözündə siçan idik... “Ey, banderaçılar”, - deyə onlardan biri bizə səsləndi. Mən isə cavab verdim: “Nə Bandera? Biz ukraynalıyıq”.

Amma bizim sözlərimiz onlar üçün heç bir məna kəsb etmirdi. Vandallıqlarını icra edəndən sonra çıxıb getdilər.

- Qalina Vasilyevna, siz necə təxliyə oluna bildiniz?

- Bizim xarici aləmlə əlaqəmiz, demək olar ki, yox idi, daha çox şayiələrə əsaslanırdıq. Bir dəfə qonşu gəlib dedi ki, bu gün “yaşıl dəhliz”lə rayondan çıxmaq olar. Evimizi tərk etmək istəmirdik, amma qonşular bizi inandırdılar ki, sonradan sağ çıxmaq mümkün olmayacaq. Risk və qorxunu gözümüzə alıb evimizi tərk etmək qərarına gəldik. Üstəlik, özümüzlə yalnız sənədlərimizi götürdük. Təsəvvür edin, biz çarəsiz vəziyyətdə evlərimizi tərk edərkən rusiyalı əsgərlər təkəbbürlü halda yanımızdan keçərək bizə gülürdülər... Maşınımızın yanında “kadırovçu” var idi. Ərim ona dedi ki, onların ordusu Ukraynanı işğal edənə qədər biz xoşbəxt yaşayırdıq. Bunu eşidən “kadırovçu” avtomatı ona tuşladı, barmağını tətiyə qoyub basmağa başladı. Dəhşət içində hərbçinin yanına qaçdım, onun əllərini tutdum: “Oğlum, etmə, etmə” (ağlayır) ... O, silahını endirdi... Biz avtomobilə əyləşib, oranı tərk etdik...

- Təxliyə prosesi necə keçdi?

- Bütün kənd camaatı maşınlarını ağ əski ilə sarımışdılar. Biz rusiyalı hərbçilərin qurduğu dörd blok-postdan keçməli olduq. Biz oradan keçərkən rusiyalı hərbçilər havaya atəş açırdılar. Yəqin ki, bununla bizi qorxudurdular. Bu onlarda alınırdı... Amma insanlıqdan məhrum olmuş bu şəxslər arxamızca gələn maşın karvanını və avtobusu atəşə tutdular. Bir müddətdən sonra yol boyu Ukrayna bayraqlarını görəndə necə sevindiyimi heç təsəvvürünüzə belə gətirə bilməzsiniz. Mən ağlamağa və qışqırmağa başladım: “Bizimkilər, bizimkilər!” Mən maşından düşüb ukraynalı oğullarımızı qucaqlamaq istəyirdim. Kiyev vilayətini tərk edərək yolumuza davam etdik və Polşaya, qızımızın yanına getdik. Amma bizim bütün fikirlərimiz arxada, Ukraynada qaldı. Hər gün müxtəlif vaxtlarda Buçanı tərk edən dostlarla əlaqə saxlayırdıq. Onlar bizə dedilər ki, mənzilimiz artıq dağılıb, getdiyimiz gün isə evimizə mərmi düşüb. O, düz bizim adətən oturduğumuz divana düşüb...

Tanışlarımız danışırlar ki, rusiyalı əsgərlər onların evlərinə girir, içki içir, öz təbii ehtiyaclarını otağın ortasında ödəyirdilər. Buçadan olan oğlan danışırdı ki, rusiyalı hərbçilər onun dostunun kiçik qızını və arvadını zorlayıb, ailə başçısını isə buna baxmağa məcbur ediblər, sonra isə onların hər üçünü qətlə yetiriblər.

Bizim nə qədər dostumuz həyatını itirib... Snayper küçədə qadına atəş açıb və yoldan keçən bir nəfər ona tibbi yardım göstərmək üçün qarşısına çıxan ilk evə aparıb. Bu, bizim qonşularımız olan Vitya və Nataşanın evi olub. Tezliklə rusiyalı hərbçilər onların olduğu evə daxil olaraq hamını öldürüblər... Bu acı xəbəri eşidəndə şoka düşdük. Bu bizim üçün böyük zərbədir...

- Amma Rusiyada Buçada baş verənlərə inanmayanlar var...

- Bu, insanı çox ağrıdır. Yəqin ki, bunu deməməliyəm, amma əgər ruslar özləri bu hadisələri yaşasaydılar, o zaman bizim nə yaşadığımızı hiss edərdilər. Onların biz ukraynalılara bu qədər nifrət etdiklərinə inanmaq çətindir. Və yaxud onların beyinlərini bu qədər asan şəkildə yuyublar... Ukraynada həmişə müxtəlif millətlərin nümayəndələri yaşayıblar, o cümlədən ruslar. Cəmiyyətimizdə dostluq, sülh hökm sürürdü. Rus hərbçilər isə uşaqlarımızı öldürməyə, zorlamağa gəldilər. Böyük günahdır! Bilirsiniz, mən əsgərlərimiz tərəfindən vurulan rus helikopterinin havada partladığını görəndə düşündüm: “Orada da insanlar var idi... amma yox, bunlar artıq düşməndirlər”.

- Buçanın azad edilməsi haqqında haradan xəbər tutdunuz?

- Xəbərlərdən. Heç təsəvvür edə bilməzsiniz ki, bu necə böyük bir xoşbəxtlik idi. Yoldaşımla mən bir an belə şübhə etmədik ki, doğma kəndimizə, evimizə qayıdacayıq... Biz elə də etdik. Amma qayıdanda gördük ki, kəndimiz xarabalığa çevrilib. Bu indi şəhər deyil, boş bir qutunu xatırladır. Heç ağlıma belə sığdıra bilmirəm! Niyə bu bizim başımıza gəldi? Onların nəyi çatmırdı? Böyük əraziləri, sərvətləri... Niyə onlar belə vəhşidirlər? Bu fikirlər mənə çox pis təsir edir. 25 il tikdiyimiz evdən isə heç nə qalmayıb. Bir bez belə qalmayıb. Öz gözlərimizə belə, inanmırdıq. Sonra anladım ki, bu ev kimi, bizim də həyatımız dağılıb. İndi biz qonşularla yaşayırıq, bağda nələrsə əkməyə çalışırıq... Həqiqətən, ümid edirik ki, yaxın gələcəkdə torpaq sahəmizi az da olsa bərpa edə biləcəyik. Axı biz daim qonşularla gecələyə bilmərik. (Media.az)