Logo
news content
User
Kateqoriyalar

Xəbər

İyulda Aİ-95-in istehsalına başlanacaq – Qiymətlər necə olacaq?

“İyul ayından Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini də Tarif Şurası müəyyənləşdirəcək”.

Bunu “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli dünyada neftin qiymətinin bahalaşması fonunda əvvəlki illərdən fərqli olaraq indilikdə bu halın özünü Azərbaycanın idxal etdiyi Aİ-95 markalı benzinin qiymətində göstərməməsinə münasibət bildirərkən deyib:

“Ukrayna hadisələri və Rusiyaya yönəlik sanksiyalar fonunda neftin qiyməti də bahalaşır. Onun maya dəyəri artır.

Belədə, Azərbaycanda xaricdən gətirilən və qiyməti dövlət tərəfindən tənzimlənməyən Aİ-95 markalı benzinin də bahalaşma ehtimalı istisna deyil. Amma bu proses indiyə kimi baş verməli idi. Baş verməyibsə, deməli hökumət həmin idxal benzini subsidiyalaşdırır. Yəni güman ki, artan hissəyə görə sahibkara kompensasiya ödənilir. Ona görə də Aİ-95 benzini indiyə kimi Azərbaycanda bahalaşmayıb.

Məsələ ondadır ki, bir neçə aydan sonra Azərbaycan özü Aİ-95 markalı benzini istehsal edəcək. Uzağı iyul ayında Aİ-95-də ölkə daxilində istehsal olunacaq.

Bu səbəbdən indiki halda, dünyada bahalaşmaya rəğmən ölkəmizdə Aİ-95-in qiymətinin artmasının qarşısı alınır. Belədə, iyuldan başlayaraq Aİ-95 markalı benzinin də qiymətini Tarif Şurası müəyyənləşdirəcək”.