Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən hərbi təyyarənin 'qara qutu'sunda olanlar
13 Dekabr 2025
Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130 Hercules" hərbi təyyarəsinə hər hansı müdaxilə izi aşkarlanmayıb. Hadisənin dəqiq səbəbi də hələ müəyyən edilməyib. Bu barədə "Haber Türk" xəbər yayıb.
Təyyarənin "qara qutu"su araşdırılarkən quyruq hissədəki heyətdən bir şəxsin "vay" (eyvah) deyə qışqırdığı eşidilir. Məhz bu səsdən sonra təyyarənin quyruq hissəsi gövdədən ayrılır.
Təyyarədə partlayış, zərbə və ya kənardan raket müdaxiləsinə dair iz tapılmadığı bildirilir.
"C-130 Hercules" Azərbaycandan havaya qalxandan sonra Gürcüstan üzərində quyruq hissəsi qopub, 20 hərbçi həlak olub. Təyyarənin hissələri və "qara qutu"su üzərində bir aydır texniki araşdırma aparılsa da, qəzanın səbəbləri hələlik bilinmir.
"Haber Türk" yazır ki, hərbi təyyarə ilə bağlı Milli Kəşfiyyat Təşkilatı (MİT) da intensiv işləyir. Texniki nasazlıq daxil bütün versiyalar, sabotaj ehtimalı da araşdırılır.
Bu kimi qəzalar zamanı pərlərdən birinin qoparaq gövdəyə zərər vurması ehtimalı da araşdırılıb, lakin texniki araşdırma belə bir halın olmadığını göstərib. Bütün pərilər mühərriklərin üzərində, ayrılmamış vəziyyətdədir.
Təyyarənin yük bölməsindəki 3.5-4 tonluq yükün Azərbaycana gedən F-16 ehtiyat hissələri və hərbi texniki personal olduğu müəyyən edilib. Yəni, təyyarənin həddindən artıq yüklənmədiyi bildirilir.
Heyətin "vay" qışqırığının quyruqda yaranan problemlə bağlı olduğu anlaşılır.
"Haber Türk" yazır ki, təyyarədə 19 nəfər uçmalı idi, son anda daha bir hərbçinin adı əlavə olunub. Həmin şəxs siyahıya adını özü, əl yazısı ilə əlavə edib.