Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran yenə qarışdı - Bu dəfə təlatüm Qərbi Azərbaycanda başlayıb

İranın şimal-qərbindəki Bükan şəhərində təhlükəsizlik qüvvələrinin saxladığı bir kişinin ölümü hökumətə qarşı yeni etirazlara səbəb olub.

Yerli mənbələr, o cümlədən “Hengaw” insan haqları qrupunun vebsaytı bildirir ki, martın 15-də adamlar küçələrə çıxaraq hökumətə qarşı şüarlar, həmçinin kürdcə “şəhidlər ölmür” qışqırıblar.

Zaminə buraxılacaqdı...


Bükan sakini 41-yaşlı Şirzad Əhmədinejad yaxınlıqdakı Urmiyə şəhərində həbsdə vəfat edib. O, İslam İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Təcridxanasında saxlanırdı.

Əhmədinejadın saxlanma səbəbi bəlli deyil. Amma “Hengaw” “informasiyalı mənbələr”ə istinadla bildirir ki, o, müvəqqəti zaminə buraxılacaqdı, ailəsinə ürək tutmasından öldüyü xəbəri verilib.

“Ancaq öz mənbələrimizndən öyrənmişik ki, Əhmədinejad işgəncədən ölüb, təhlükəsizlik qüvvələri onun meyitini ailəsinə verməyib”, – “Hengaw” Əhmədinajedın ailəsinə yaxın mənbələrə istinadla yazır.

Bükan da etirazlardan yan keçməyib


Qərbi Azərbaycan vilayətində yerləşən Bükanda son aylar saysız etirazlar keçirilib. Ötən sentyabrda Tehranda Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanandan sonra ölümü ölkə boyunca etirazlara səbəb olub.

Rəsmilər gənc qadının da ürək tutmasından öldüyünü bildirmişdilər. Ancaq bu ölüm hökumətə qarşı etirazlar dalğasına səbəb olub. İnsan haqları qrupları aksiyalarda azı 500 nəfərin, o cümlədən 71 uşağın öldürüldüyünü bildirib.

Rəsmilər nümayişlərə görə dəlil göstərmədən Qərbi ittiham ediblər. Bu etirazlar 1979-cu il inqilabından bəri islam hökumətinə ən böyük təhdid sayılır.

Etirazlarda minlərlə insan, xeyli sayda etirazçı, o cümlədən jurnalist, hüquqşünas, fəal, rəqəmsal hüquq müdafiəçisi həbs olunub. Bəzilərinə ölüm cəzası kəsilin, bir neçə hökm artıq icra olunub.